Cəlilabadda üzüm yığımı davam edir

 

Qız-gəlinlər üzüm dolu plastik yeşikləri bir-bir gətirib səliqə ilə cərgəyə düzür, sonra yeni qab götürüb, iki addımlıqdakı tənək cərgələrinin arasına girirlər. Onlar əllərindəki qayçı ilə şirəyə dolmuş salxımları ehmalca kəsir, bir-bir qablara yığır, hərdənbir başlarını yana çevirərək öz rəfiqələrinə nəzər yetirir, yarışırlarmış kimi daha çox məhsul toplamağa səy göstərirlər.

Bu qızlar "Rizvan” şirkətinin qabaqcıl işçiləri İradə Cəfərova, Mahizər Haşımova, Dilbər Qurbanova, Gülzar Mustafayeva və başqalarıdır. Onlar indi hər gün günəşi üzüm plantasiyalarında qarşılayıb, hava qaralana kimi zəhmətlə yetişdirdikləri məhsulu toplayırlar.

Bəli, Cəlilabad üzümünün keçmiş şöhrətini geri qaytarmaq məqsədilə rayonda ardıcıllıqla tədbirlər həyata keçirilir. Üzümçülüyün daha gəlirli sahə olduğunu görən fermerlər, sahibkarlar, torpaq mülkiyyətçiləri son illər bu bitkini daha çox əkib-becərməyə başlamışlar. Dövlət tərəfindən göstərilən dəstək, verilən subsidiyalar, edilən güzəştlər sahibkarlar üçün geniş imkanlar açmışdır.

Hazırda rayonda 1400 hektar üzüm bağları var. Bundan 850 hektarı süfrə, 550 hektarı isə texniki sortlardır. Cəlilabadda indi 120 nəfər sahibkartorpaq mülkiyyətçisi üzümçülüklə məşğul olur. Düzdür, onların əksərinin sahələri kiçikdir, lakin əkinçiliyin bu qiymətli sahəsi ilə daha iri miqyasda məşğul olan, onu sənaye üsulu ilə əkib-becərən təsərrüfatlar da var. Belələrindən biri də "Rizvan” şirkətidir. Əvvəlki Ələt-Astara yolu ilə gəldikdə Qarazəncir yaşayış məntəqəsini keçib Cəlilabad şəhərinə yaxınlaşanda yolun sağ tərəfində ətrafına çinar ağacları əkilmiş üzüm bağları diqqəti cəlb edir.

Beton dirəklərə qaldırılmış üzüm cərgələrinin arası göz işlədikcə uzanıb gedir. Özü də cərgə araları tərtəmizdir. Hiss edirsən ki, bağa xüsusi diqqət-qayğı göstərilib, aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilib.

Bura "Rizvan” şirkətinə məxsus üzüm bağlarıdır. Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul işçisi Yasər Muradovla birlikdə sözügedən şirkətin sahələrinə gəlirik. Təsərrüfatın aparıcı mütəxəssisi Əhmədağa Məmmədovla burada görüşürük. Hal-əhval tutub işlərinin necə getdiyi ilə maraqlanırıq. Məlum olur ki, bağ 2003-cü ildə salınıb. Hazırda 30 hektarı əhatə edirburada 9 üzüm sortu yetişdirilir: "Prima”, "Ora”, "Aitium”, "Röyal”, "Alfons”, "Kordinal”, "Atika”, "Sentenial”, "Redklob”. Bu sortların tingləri Fransadan gətirilib. Cəlilabad torpağına, iqliminə uyğunlaşan həmin sortlar mütəxəssislərin gözlədiklərindən də tez bara düşüb.

Şirkətin baş mütəxəssisi Ə. Məmmədov cari ilin üzümçülük üçün əlverişli il olduğunu bildirir. Bunun nəticəsidir ki, indiyədək sahələrdən 250 ton üzüm yığılıb. Süfrə üzümləri, əsasən, daxili bazarlara - Bakı, Sumqayıt, Lənkəran şəhərlərinə və digər yerlərə göndərilir. Texniki sortlar isə emal olunmaqdan ötrü Göyçay, Kürdəmir və Bakı ətrafındakı Mehdiabad şərab zavodlarına aparılır.

Bağlarda qızğın gedir. Aparıcı mütəxəssis sahələrdə hələ üzümün çox olduğunu, mövsümün sonunda hər hektardan 125-130 sentner məhsul əldə olunacağını bildirir. Təki belə olsun. Məhsul bol olanda güzəran da xoş keçir, hal-əhval da yüksək olur. Bu isə ana torpağın, təbiətin zəhmətkeş insana hədiyyəsidir. Çünki kəndlinin işi həmişə təbiətlə bağlıdır.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 1; 6.