“Dahilərin xəstəliyi”

 

Epilepsiya qədim xəstəliklərdən biridirxalq dilində bu xəstəliyə müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və s. Bundan başqa, epilepsiyanın xarakterik klinikası və gedişi qədim insanların şüurunda qəribə duyğular formasında əks olunub.

Ona "ilahi xəstəlik”, "Herkules xəstəliyi” kimi adların verilməsi məhz xəstəliyin o zaman üçün anlaşılmaz olan tutmaları ilə bağlı olub. Epilepsiyaya "dahilərin xəstəliyi” də deyilir. Belə ki, məşhur sərkərdələrin, alimlərin, ədəbiyyatçıların bir çoxunun bu xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Bunların arasında Makedoniyalı İskəndər, Napoleon Bonapart, Yuli Sezar, Dostoyevski, Alfred Nobel, Dante kimi böyük tarixi şəxsiyyətlərin adları hallanır.

"Epilepsiya xəstəliyinin meydana çıxmasında irsi amillərin rolu böyükdür” deyə xəstəlik barədə məlumat verən həkim-nevropatoloq Leyla Vəliyeva bildirib ki, epilepsiya xroniki şiddətlənən xəstəlik olmaqla huşun pozulması, qıcolma, vegetativ tutmalarla müşayiət olunur. Həmçinin epileptiklərə emosional-psixi sferada tutmalararası qeydə alınan, getdikcə şiddətlənən dəyişikliklər də xasdır. Xəstəliyin əmələ gəlməsində alkoqolizm, narkomanlıq, toksikomaniya, uremiya, doğuş və məişət travmaları, infeksiyalar böyük rol oynayır. Epileptik tutmalar bir yandan beyin qabığının tormozlanmasından (huşunu itirmə), digər tərəfdən isə, akalizatorun ifrat oyanmasından (qıcolma) başlayır. Epilepsiya beyin metabolizminin əhəmiyyətli dəyişikliklərilə müşahidə olunur. Bununla yanaşı, həm də orqanizmdə karbohidrat, yağ, zülal, süd, duz mübadiləsi pozulur. Xəstəliyin insan həyatı üçün ən təhlükəli sayılan məqamı epilepsiya halətidir.

 

Xəstəliyin ən ağır forması

 

Həkim deyir ki, epilepsiya halətinə düşən zaman əvvəlki hər bir tutma sonrakının başlanmasına təkan verir. Tutmalararası dövrdə insan huşunu itirmiş vəziyyətdə qalır. Epileptik halət xəstəliyin ən ağır formasıdır. Bu halətə düşən xəstə nadir hallarda sağ qalır: "Epileptik halətin yaranmasına əsasən həkimin təyin etdiyi pəhriz və rejimin pozulması, qıcolma əleyhinə preparatların qəbulunda yol verilən səhvlər, hərarətin artması səbəb olur. Bu zaman xəstə komatoz vəziyyətə düşür, beyində şişkinlik şiddətlənir. Xəstənin göz bəbəkləri bəzən daralır, bəzən isə genəlir. Beyində şiddətli şişkinlik uzunsov beyindəki həyat üçün əhəmiyyətli mərkəzləri sıxır, ürəyin işi və tənəffüs kəskin şəkildə pozulur. Epileptik halət başlayan zaman xəstəni yıxılıb əzilməkdən qorumaq üçün bir qədər yumşaq yerdə uzandırmaq, dilinin dişləri arasında qalıb kəsilməməsi üçün qaşığı dəsmala sarıyıb alt-üst çənənin arasında saxlamaq lazımdır. Xəstəyə mümkün qədər tez həkim yardımı göstərilməlidir”.

 

Epileptik çırpıntılar

 

L.Vəliyevanın dediyinə görə, epileptik çırpıntılar əsasən bir neçə formaya ayrılır. Böyük qıcolma çırpıntısı bir neçə mərhələdə baş verir. İlk mərhələdə xəstə birdən huşunu itirir, tutmanın kəskin fazası başlanır və 20-30 saniyə davam edir. Spazma gövdə və ətraf əzələlərin şiddətli gərilməsilə müşayiət olunur. Xəstə çox vaxt arxası üstə yıxılır, başı dala əyilir, tənəffüs və qırtlaq əzələləri qıc olur. Tədricən qıcolma üz, gövdə və ətrafların əzələlərinə yayılır. Bir müddət sonra tənəffüs dayanır, üzdə göyərmə və şişkinlik əmələ gəlir, göz bəbəkləri genəlir. Xəstənin ağzından köpüklüqanla qarışmış (dilini dişlədiyinə görə) maye gəlir: "Spazma keçdikdən sonra xəstənin tənəffüsü yavaş-yavaş bərpa olunur. Əvvəlcə tənəffüs fasiləli və səthi olur, sonradan dərinləşir, nəhayət, öz ritmini bərpa edir. Göyərmə, üzdə şişkinlik azalır. Spazmadan sonra xəstənin huşu müəyyən qədər pozulur, ətrafdakılara reaksiya vermir, əzələləri süstləşir. Belə vəziyyət 15-20 dəqiqə çəkir, sonra xəstə yuxuya gedir. Oyandıqdan sonra ümumi əzginlik, zəiflik, başağrısı kimi hallar hiss edir”.

 

Nevropatoloq qeyd edib ki, böyük qıcolma çırpıntısından qabaq xəstədə xəbərdarlıq əlamətləri fazası (aura) baş verir. Tutmadan bir neçə saat əvvəl və ya ona 2-3 gün qalanda xəstədə daxili narahatlıq, yuxu pozğunluğu, qeyri-müəyyən təlaş və gərginlik kimi hallar ortaya çıxır. Xəstəliyin ikinci növü olan operkulyar tutmalar alın və gicgahda operkul qıcıqlanmasından başlanır. Bu zaman xəstədə qorxu, təlaş ortaya çıxır, o, qoxudad bilmir.

Üçüncü forma olan kiçik epilepsiyada müxtəlif formalı tutmalar baş verir. Tutmalar zamanı 3-5 saniyəlik huşun itməsi, dayandırılan hərəkət vəziyyətində donub qalma halları olur. Bəzən isə xəstədə üzün avazıması, qızarması, göz almalarının yuxarıya hərəkəti müşahidə olunur.

 

Tam müalicə mümkün olmasa da...

 

Həkim vurğulayıb ki, epilepsiyanın tam müalicəsi mümkün olmasa da, bu xəstəlikdən əziyyət çəkənlərin vəziyyətini sabit saxlamaq üçün müalicə kursları təyin olunur. Xəstəliyin kompleks müalicəsi qoruyucu rejim pəhriz, qıcolma əleyhinə preparatlardan ibarətdir. Amma müalicəyə başlamazdan öncə xəstənin fiziki emosional gərginliyi aradan qaldırılmalıdır. Daha sonra tutmaların qarşısını almaq üçün müalicə kursu təyin oluna bilər. Xəstənin bədən immuniteti isə A, B, C, E vitaminlərinin köməyi ilə bərpa edilir.

Epilepsiyalı xəstələr təyin olunan müalicə ilə paralel bəzi qaydalara da riayət etməlidirlər. Onlar çox tünd çay, qəhvə içməməli, içki siqaretdən uzaq durmalı, duz, ət, şirniyyatdan müəyyən qədər az istifadə etməlidirlər. Həmçinin qızmar günəş altında gəzməməli, dənizə tək girməməlidirlər. Bunlarla yanaşı, belə xəstələr qətiyyən sürücü işləyə, yanan soba yanında, hərəkət edən mexanizmlərdə çalışa bilməzlər.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 22 sentyabr.-  S. 7.