Torpağın “ qızıl” bəhrəsi

 

Biləsuvarda pambıq yığımı sürət götürüb

 

Hazırda respublikamızın 20 rayonunda pambıq yetişdirilir. Bu sahəyə az-çox bələd olanlar onun hansı zəhmətlə başa gəldiyini yaxşı bilirlər. Mütəxəssislər də deyirlər ki, gərək hər gün pambığın qayğısına qalasan ki, istədiyin məhsulu ala biləsən.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevlə də söhbətimiz əsasən bu barədə oldu. O dedi ki, kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, verdiyi göstəriş və tapşırıqlar rayon əhalisinin ürəyincə olmuşdur. Pambıqçılıqdakı tərəqqi növbəli əkin sisteminin tətbiqinə imkan yaratmış, yeni yerlərinin yaradılmasına, adamların rifah halının yüksəlməsinə səbəb olmuşdur. Artıq bir neçə ildir ki, rayon pambıqçıları respublikada birincilər sırasındadır. Böyük uğurlar əldə etdiyinə görə Fazil Musayev birinci dərəcəli "Əmək” ordeni, Lətif Cəfərov "Tərəqqi” medalı və fəxri fərmanla təltif edilmişlər. Əmək adamlarının pul gəlirləri çoxalmış, gün-güzəranları yaxşılaşmışdır. Bunlar rayonun simasında da öz əksini tapmaqdadır. Tikilən müasir fərdi evlərin, şəxsi minik maşınlarının sayı ildən-ilə artır.

Hazırda rayonda pambıq istehsalı və emalı ilə 3 təşkilat - "P-Aqro” MMC, "MKT-Biləsuvar”, "Azərpambıq ASK” MMC Biləsuvar PİEZ fəaliyyət göstərir. Torpaq mülkiyyətçiləri, fermerlər ilin əvvəlində onlarla bağladıqları müqavilə əsasında 11 min 354 hektarda pambıq əkmişlər. Həmin müəssisələr əkinçiləri toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı mübarizə aparmaq üçün dərman preparatları və maddi vəsaitlə təmin etmişdir. Bunlarla bərabər, həmin müəssisələrin aqronomları, digər mütəxəssisləri şum, əkin, becərmə dövründə sahibkarlara lazımi tövsiyə və məsləhətlər vermişlər. Vegetasiya dövründə sahələrdə 4-5 dəfə kompleks becərmə aparılmışdır.

İndi yığım dövrüdür. Əsas məsələ yetişdirilmiş məhsulu vaxtında və itkisiz toplayıb müqavilə bağlanılan cəmiyyətə, təşkilata təhvil verməkdir. Ona görə də hər bir mülkiyyətçi gün çıxandan gün batana kimi pambıq yığanlarla birlikdə tarlalarda olur.

"P-Aqro” MMC üçüncü ildir ki, fəaliyyət göstərir. 2017 və 2018-ci təsərrüfat illərini yaxşı nəticələrlə başa vurub. Cari ilin əvvəlində 423 nəfər mülkiyyətçi ilə müqavilə bağlayıb. 2 min 150 hektar sahəni əkib-becərmək üçün onlara kifayət qədər toxum və gübrə, 1 milyon 164 min manat vermişdir. Cəmiyyətin baş aqronomu Rafiq Əzizovla birlikdə sahibkar Xaləddin Kərimovla söhbət edərkən dedi ki, 4,5 hektar sahədə pambıq əkmişik. Hamısı da "Bəyaz Altun-440” sortudur. Sentyabr ayının 14-dən yığıma başlamışıq. Sahədə pambıq yığan Atlaz Məmmədova, Züralə Qiyasova, Xumar Zülfüqarova, Təhminə Əlişova və Qənimət Qurbanovanın adlnı çəkib dedi ki, qoçaq qızlardır. Sağ olsunlar. Hərəsi gündə qapana 120-130 kiloqram məhsul qoyur. Yaxın ərazidəki digər sahələr isə maşınla yığım üçün hazırlanırdı.

"P-AqroMMC-nin tədarük məntəqəsində mövsümə hazırlıq işləri də başa çatdırılıb. Qapan-tərəzi, taya yerləri, transportyorlar, işıqlandırma sistemi təmir edilib, yanğına qarşı mübarizə tədbirləri görülüb.

"P-Aqro”MMC və digər şirkətlərlə müqavilə bağlayan torpaq mülkiyyətçiləri cari ildə ümumi məhsulun 80-90 faizini maşınlarla yığmağı qarşıya məqsəd qoymuşlar. Artıq maşınla yığılacağı nəzərdə tutulan 1200 hektarın 900 hektarında defalyasiya işləri başa çatdırılmışdır. Həmin sahələrin məhsulunu yığmaq üçün cəmiyyətin 8 kombaynı, kifayət qədər nəqliyyat traktorulafeti var. Kombaynçılardan Zəfər İsmayılov, Murad Muradov, Ziyafət Vəliyev, Sərəsdan Ağayev və başqaları kombaynla sahələrə çıxmaq üçün işarə gözləyirlər.

"MKT-Biləsuvar” filialı keçmiş pambıq zavodunun bazasında yaradılıb. Müəssisədə son illər kifayət qədər görülüb. İstər pambığın yetişdirilməsi, istərsə də emalı üçün xeyli texnika alınıb gətirilmiş, köməkçi talvarlar tikilmişdir. Müəssisənin şöbə rəisi Hikmət Kərimov dedi ki, filial cari ildə 4 min 100 nəfər mülkiyyətçi ilə müqavilə bağlayıb. 900 nəfər torpaq mülkiyyətçisinə və sahibkara pambığın əkilməsi və becərilməsi üçün 1114 ton mineral gübrə və 3 milyon 111 min manat pul verilib. Keçən il müəssisə üzrə 3 min 350 hektar sahənin hər hektarından 29,7 sentner məhsul əldə olunmuşdur. Mütəxəssislər cari ildə də yaxşı məhsul gözlənildiyini deyirlər. Mülkiyyətçilərdən Şahlar Babazadə, Fəxrəddin Quliyev, Elxan Məmmədov, Zahid Mirzəzadə aqrotexniki qulluq sayəsində hər hektardan orta hesabla 45-50 sentner " qızıl” əldə etmək əzmindədirlər.

Öyrəndik ki, müəssisə artıq 152 ton məhsul qəbul etmişdir. Sahələrin çoxu arağac olduğundan burada defalyasiya erkən başlanmış və bu hesaba digərlərinə nisbətən maşınlar sahələrə tez çıxarılmışdır. İndiyəcən tədarük edilən məhsulun 107 tonu maşınlarla toplanmışdır. "MKT-Biləsuvar” filialında da məhsulun 90 faizinin maşınlarla toplanması planlaşdırılıb. Bunun üçün hər bir şərait var. Rayondakı "Azərpambıq ASK” MMC Biləsuvar müəssisəsində də pambıq yığımı gündən-günə artır. Hamı da istəyir ki, yetişdirdiyi məhsulu tezitkisiz yığsın.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.- 24 sentyabr.- S. 1; 5.