Dağlıq Qarabağ həqiqətlərinə fundamental elmi baxış

 

Müasir dünyamızda öz istəyi ilə, yaxud istəməyərəkdən hərbi münaqişəyə cəlb olunmuş hər hansı bir ölkə üçün sülhü qazanmaq əsas şərtdir. Çünki tarixə nəzər salsaq, görərik ki, əslində heç bir müharibə konkret bir tərəfin qələbəsi ilə tamamlanmır. Onun nəticələri həmişə qeyri-müəyyən olur. Geopolitik maraqlardan, dəyişən vəziyyətdən asılı olaraq bu nəticələr hər hansı bir tərəfin xeyrinə dəyişə bilər. Yaxud söndürülmüş sayılan münaqişə ocaqlarının bir anın içində yenidən alovlanması da bəzi ölkələrdə tez-tez müşahidə etdiyimiz haldır. Sülh isə onun dəyərini dərk edən, sülh dövründən səmərəli istifadə etməyi bacaran hər bir ölkəyə yalnız fayda gətirir. Bu baxımdan, fikirlərimizi konkretləşdirərək belə deyə bilərik ki, müharibənin əsl qalibi sülhü qazanmış tərəfdir.

 

Diplomatik səngərlərdə qazanılan qələbələr

 

Hərbi münaqişələrin taleyini həll edən, tərəfləri sülhə gətirən əsas nəticələr düşmənlə döyüşlərdən daha çox diplomatik səngərlərdə həll olunur. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində münaqişəyə cəlb olunmuş Azərbaycan 1994-cü ilin 14 mayında atəşkəs sazişinə imza atarkən bu amili nəzərə almışdı. Böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyev o dövr üçün son dərəcə vacib olan bu sazişə razılıq verərkən əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yarada və münaqişənin siyasi yolla həllinə nail olmağa əsas verə bilər. Azərbaycan atəşkəs dövründə bu prinsipə, sülh niyyətinə sadiq qalsa da, əfsuslar olsun ki, Ermənistanın hakim dairələrinin cəmiyyətin radikal millətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən pozucu siyasəti ötən 25 il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermədi. Bütün bu illərdə münaqişə regionda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qaldı.

Amma bütün bunlara rəğmən Ulu Öndər Heydər Əliyevin atəşkəs sazişi bağlanarkən özünəməxsus müdrikliklə nəzərə aldığı perspektivlər Azərbaycanı öz yaxın hədəflərinə yetirdi. Cəbhə bölgəsində atəşkəsə nail olunması o dövrdə müstəqilliyini yenicə əldə etmiş, saysız-hesabsız sosial-iqtisadi, siyasi problemlərlə üz-üzə qalmış ölkəmizə bütün resursları dövlət quruculuğu proseslərinə yönəltməyə imkan verdi.

Azərbaycanın müstəqillik illərində yürütdüyü müstəqil xarici və sosialyönümlü daxili siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir, sabit inkişaf edən dövlətə çevirdi. Ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında tarixinin ən qüdrətli mərhələsinə qədəm qoydu. Eyni zamanda respublikamız diplomatik cəbhədə öz mövqelərini getdikcə möhkəmləndirdi və düşmən üzərində üstünlüyü ələ almağa nail oldu.

 

Təcavüzkarın ifşası

 

Keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplərə uyğun ədalətli həlli Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioritetidir. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapması üçün Prezident İlham Əliyev çoxşaxəli siyasət həyata keçirir və bu, hər bir istiqamət üzrə ölkəmizi öz strateji məqsədlərinə yaxınlaşdırır. Azərbaycan bir tərəfdən sülh danışıqlarına sadiqlik nümayiş etdirir, münaqişənin həlli üçün bütün imkanlardan istifadə etməyə çalışır, digər tərəfdən, ölkəmizdə ordu quruculuğu uğurla həyata keçirilir, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qüdrəti ildən-ilə yüksəlir. Təkcə bir faktı xatırlatmaq yerinə düşərdi ki, ordumuzun 2016-cı ilin aprelində düşmənin ardıcıl təxribatlarına qarşı sarsıdıcı əks-həmləsi Ermənistanda Serj Sarkisyan hakimiyyətinin laxlamasına səbəb oldu. Təcavüzkar mövqeyinə görə bütün qlobal layihələrdən, sosial-iqtisadi inkişaf proseslərindən kənarda qalmış Ermənistanın ətraf aləmdən təcrid olması, vəziyyətinin getdikcə ağırlaşması, küncə sıxılması siyasətini də Azərbaycan uğurla davam etdirir. Ölkəmizin tərəqqisi, qazandığı mühüm tarixi nailiyyətlər fonunda düşmənin belə bir ağır duruma salınması və illərdir ki, bu böhran vəziyyətindən çıxmasına imkan verilməməsi çox mühümdür.

Bütün bunlarla bərabər Azərbaycan təcavüzkarın bütün dünyada ifşası, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, bu münaqişənin tarixi köklərinin, indiki vəziyyətinin səbəblərinin, həlli perspektivlərinin ictimaiyyətə düzgün, obyektiv verilməsi işini də uğurla davam etdirir. Bu məqsədlə beynəlxalq tədbirlər həyata keçirilir, nüfuzlu xarici qurumlarla fəal iş aparılır, tarixi həqiqətlərimizlə bağlı geniş tədqiqatlar davam etdirilir, gələcək üçün mühüm elmi-tarixi, siyasi əhəmiyyət kəsb edən sanballı kitablar nəşr olunur.

 

Dövlət xadimi və alim baxışının vəhdəti

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu ilin avqustunda işıq üzü görmüş "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı kitabı da bu istiqamətdə parlaq nümunə yaradan dəyərli əsərdir. Bəri başdan qeyd edək ki, bu kitab görkəmli nəzəriyyəçi alimin indiyədək gərgin zəhmət, yüksək tədqiqatçı əzmi və milli təəssübkeşliklə ərsəyə gətirdiyi tarixi əsərlərinin məntiqi davamıdır.

Akademik Ramiz Mehdiyev tariximizin yalnız müasir deyil, əvvəlki mərhələlərinin də konseptual şəkildə araşdırılması işini yerinə yetirir, milli həqiqətlərə ayna tutur, əsərlərinin ruhu, məsələlərə baxış bucaqları ilə tədqiqatçılara düzgün istiqamət verir. O, öz əsərlərində görkəmli şəxsiyyətlərimizlə bağlı araşdırmalara da geniş yer ayırır, tarixin dərin qatlarındakı bəzi ziddiyyətli, mübahisəli məqamlar alim zəkası işığında aydınlığa çıxır.

Bu baxımdan, akademikin son 10 ildə beynəlxalq elmi ictimaiyyətə təqdim etdiyi "Gorus-2010: absurd teatrı mövsümü”, "Şah İsmayıl Xətai ali məramlı şəxsiyyət kimi”, "Tarixi idrakın elmiliyi probleminə dair”, "Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində”, "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti”, "Milli ideyanın formalaşmasında tarixi idrakın faydası haqqında”, "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı əsərləri mühüm missiyanı yerinə yetirir, geniş oxucu auditoriyasının marağına, dolğun məlumatına səbəb olur və əhatəli diskussiyaların mövzusuna çevrilir.

Bu marağı, eləcə də əsərlərin elmi çevrələrdə geniş diskussiyasını şərtləndirən başlıca amillərdən biri müəllifin tarixi araşdırmalarında göstərilən faktların orijinallığı, istinad mənbələrinin və məxəzlərin mötəbərliyidir. Həmin əsərlər haqqında rəy bildirən elm adamları tam haqlıdırlar ki, Azərbaycan tarixinin qədim dövrlərdən cağdaş günlərimizədək obyektiv və siyasi konyunkturadan uzaq şəkildə araşdırılması və qələmə alınmasında, ictimaiyyətə çatdırılmasında akademik Ramiz Mehdiyevin xidmətləri əhəmiyyət kəsb edir.

Akademik "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında da öz prinsiplərinə sadiq qalıb. Kitab öz sanbalı, elmi-fəlsəfi, siyasi-hüquqi məzmun yükü, orijinal mənbələrə əsaslanması ilə diqqəti çəkir. Oxucularımız burada irəli sürülən müddəalarla əsər hələ kitab kimi nəşr edilməzdən əvvəl ölkə mətbuatında yayılan mətnindən tanış olmuş və bu, cəmiyyətdə maraq doğurmuşdu.

Əsər Azərbaycanın son 30 ildə üzləşdiyi erməni separatizminə fundamental tarixi, politoloji və hüquqi elmi baxışı olub, bədxah qonşularımızın əsassız ərazi iddialarının beynəlxalq miqyasda ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kitabı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aynası da hesab etmək olar. Çünki cəmi bir neçə saatını əsərin mütaliəsinə həsr etməklə münaqişənin mahiyyəti, tarixi kökləri, həlli təşəbbüsləri, buna mane olan amillər, gələcəkdə perspektivləri barədə ciddi bilgilər almaq, bir sıra faktları dəqiqləşdirmək olar.

Kitabın daha bir əhəmiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün vacib məqamların yığcam şəkildə öz əksini tapması, tarixi və müasir reallıqları faktların dili ilə oxucuya çatdırmasıdır. Ən əsası isə emosiyalardan, siyasi konyunkturalardan təcrid edilməsidir. Əsərin hadisələri kənardan müşahidə, təhlil və tədqiq edən hər hansı müəllif tərəfindən deyil, münaqişənin həlli prosesində bilavasitə iştirak edən, uzun illərdən bəri bu taleyüklü işin içində olan dövlət xadimi tərəfindən qələmə alınması da onun yüksək elmi-siyasi məziyyətlərindən sayıla bilər. Çünki kitab eyni vaxtda məsələyə həm dövlət adamının, həm də alim baxışını əks etdirir.

 

Xristian bufer dövləti

 

Akademik Ramiz Mehdiyev bu münaqişənin mənbələrinin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün tarixə ekskurs edir və məsələni, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırır. Cənubi Qafqaz ərazisinin on səkkizinci əsrin əvvəlindən etibarən regiondakı üç iri imperiya - Osmanlı, İran və çar Rusiyası arasında amansız mübarizə arenasına çevrildiyini yada salır. Rusiya tərəfindən Cənubi Qafqazın işğal edilməsi prosesinin I Pyotrun Xəzər yürüşündən başlandığını və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi ilə (1722-1723) başa çatdığını, lakin Nadir şah hakimiyyətə gələndən sonra Rusiyanın bu əraziləri tərk etməyə məcbur olduğunu xatırladır.

Qeyd edir ki, 1747-ci ildə Nadir şahın ölümündən sonra Rusiya I Pyotrun Cənubi Qafqazı fəth etmək planına yenidən qayıdarkən bölgədə xristian bufer dövlətinin yaradılmasına yönəlmiş köçürmə siyasəti həmin qarşıya qoyulmuş məqsədin mühüm elementinə çevrilib. Bugünkü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nüvəsində də məhz bu element durur. Belə ki, İmperatriça II Yekaterina I Pyotrun strategiyasını rəhbər tutaraq bu köçürmə siyasətini səylə davam etdirib. "Bu 3 planın tamdəyərli reallaşması yalnız rus-İran müharibələri (1804-1813; 1826-1828-ci illər) başa çatandan və Rusiya Cənubi Qafqazı tamamilə işğal edəndən sonra mümkün olub. 1828-ci ildə İran ilə Türkmənçay müqaviləsini imzalamaqla Rusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha dəqiq desək, əzəli Azərbaycan torpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinə köçürülməsinin birinci dalğasını həyata keçirib. Bu əməliyyata Rusiyanın İrandakı səfiri şair Aleksandr Qriboyedov rəhbərlik edirdi”, - deyə müəllif faktların dili, ayrı-ayrı mənbələrdən iqtibas edilən dəlillərin şəhadəti ilə tarixə işıq salır.

 

Qarabağ həqiqətləri

 

Müəllif sübuta yetirir ki, məhz aparılan köçürülmələr hesabına regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbəti süni şəkildə dəyişdirilib, beləliklə, monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşüb. Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni, Rusiyanın forpostu olmaq vəzifəsini qoyurdu. Yeni torpaqlara yerləşdirilmə müqabilində erməni ideoloqları çar Rusiyasına nökərçilik vəzifəsini yerinə yetirməyə can-başla razılaşmış, vassala çevrilmişlər.

Əsərdə haqlı olaraq göstərilir ki, əslində, sovet rəhbərliyi də çar Rusiyasının ermənipərəst siyasətini davam etdirib. Bu məsələyə baxış mahiyyətcə o qədər də fərqlənməyib. Azərbaycanlılara münasibətdə etnik zəmində ayrı-seçkilik siyasəti bu dövrdə də davam etdirilib. Sovet hakimiyyətinin ilk illərində bədxah qonşularımız Zəngəzur ərazisini özlərinə birləşdirə biliblər. Qarabağ erməniləri üçün muxtariyyət verilməsinə nail olublar, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına "zəmin yaratmaq” planlarını işə salıblar. Nəticədə, Xalq Cümhuriyyəti dövründə Azərbaycanın 114 min kvadratkilometr təşkil edən tarixi ərazisi ötən əsrin 20-ci illərində 86,6 min kvadratkilometrə qədər azalıb. Azərbaycanın Zəngəzur, Göyçə və digər tarixi torpaqlarının bir hissəsi Ermənistanın tərkibinə qatılıb. Eyni zamanda Azərbaycanı Naxçıvanla birləşdirən ərazilərimiz Ermənistana verilib və Naxçıvan məqsədli şəkildə anklava çevrilib.

 

Akademik qeyd edir ki, bütün bunların əsas səbəbləri sovet dövlətinin bəzi rəhbərlərinin şüurunda kök salmış antitürk əhvali-ruhiyyəsindən və Türkiyə ilə bağlı təşvişdən qaynaqlanıb.

 

Zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi

 

Kitabda Azərbaycana qarşı ərazi iddialarının II Dünya müharibəsindən sonra daha da genişlənməsinin tarixi mənzərəsi yaradılır. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir ciddi əsaslı səbəb göstərmədən ittifaq hökuməti qarşısında Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi məsələsini irəli sürsə də, niyyətinə çatmadılar. Amma bundan sonra onlar daha bir hiyləyə əl atdılar: azərbaycanlıların deportasiyasına nail oldular. Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov "Suriya, Yunanıstan, İran, Bolqarıstan, Rumıniya, Fələstin, Fransa, ABŞ, Misir, İraq və Livandan bu ölkəyə köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən” şikayət edərək tarixi torpaqlarında yaşayan soydaşlarımızın Azərbaycanın pambıqçılıq rayonlarında yerləşdirilməsini təklif etdi. O, Kür-Araz ovalığında pambıqçılığı inkişaf etdirmək üçün guya işçi qüvvəsinin çatışmadığını, bu addımın həmin rayonlarda pambıq istehsalının artımına da əsaslı təsir göstərəcəyini iddia edirdi.

Beləliklə, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını rəsmiləşdirdi. Bu prosesin son akkordu isə 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və 700 minə yaxın azərbaycanlının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ətrafındakı yeddi rayonundan qovulması oldu. Akademik bütün bu faktları diqqətə çatdıraraq belə bir həqiqətdən çıxış edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovulma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsidir və bu münaqişənin əsas baxış bucağıdır.

Ötən əsrin 80-ci illərinin sonlarında keçmiş SSRİ-də "yenidənqurma” adı altında baş verən hadisələr və həyata keçirilən dağıdıcı proseslər "Dağlıq Qarabağ problemi”nin tamamilə süni mahiyyət daşıdığını ortaya qoyur. Müəllif həmin dövrdə SSRİ-nin ali rəhbərlərindən olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması ilə Ermənistanın ultramillətçi dairələrinin, onların Kremldəki və xarici ölkələrdəki havadarlarının Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana inteqrasiya edilməsi üçün əlverişli siyasi zəmin yaratdıqlarını göstərir. Belə bir şəraitdə öz konstitusion vəzifələrini yerinə yetirmək, qanunçuluğu müdafiə etmək əvəzinə erməni millətçilərinin separatçılıq səylərinə himayədarlıq yolunu seçmiş M.S.Qorbaçovun, eləcə də SSRİ-nin ovaxtkı digər rəhbərliyinin Azərbaycana qarşı qərəzli, riyakar mövqeyini əsaslı dəlillərlə ifşa edir.

 

Sumqayıt fitnəsi

 

Akademik 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələri də məhz bu kontekstdə təhlil edir. "Erməni tərəfi artıq 30 ildən çoxdur ki, həmin hadisələri öz interpretasiyasında təqdim etməyə çalışır və keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi və Prokurorluğu tərəfindən aparılmış təhqiqatın nəticələrini qəbul etməkdən imtina edir. Hərçənd, bu nəticələr mübahisəsiz və inandırıcı şəkildə sübut edir ki, Sumqayıt hadisələrinin əsl təşkilatçıları Kremldə hakimiyyət başında duranların "susqun razılığı” ilə ermənilərin özləri olub”.

Akademik Ramiz Mehdiyev Sumqayıtdakı iğtişaşların təşkilində SSRİ xüsusi xidmət orqanlarının da əlinin olduğunu bir daha diqqətə çatdırır. Lakin SSRİ Prokurorluğunun istintaq qrupu bu informasiyanı təhqiq etməyib. Əksinə, iğtişaşların həqiqi təşkilatçılarını ifşa edə biləcək bütün materialları və faktları gizlədib. Bundan əlavə, Sumqayıt hadisələri zamanı saxlanılmış erməni soyadlı bütün şəxslər zərərçəkmişlərə aid edilib və azadlığa buraxılıb. Nəticədə çoxlu sayda təqsirkar şəxs cəzadan yaxa qurtarıb. Beləliklə, M.Qorbaçovun və onun ətrafındakıların cinayətkar hərəkətləri nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tədricən genişlənərək iki xalq arasında tammiqyaslı silahlı qarşıdurmaya və sonradan Sovet İttifaqının dağılması prosesinin katalizatorlarından birinə çevrilib.

Müəllif kitabında faciəli hadisələrin başlandığı dövrdə Azərbaycanın ovaxtkı kommunist rəhbərlərinin, həmçinin Xalq Cəbhəsi liderlərinin mövqesizliyini, məsuliyyətsizliyini və qeyri-peşəkarlığını da tarixi həqiqətlər işığında tənqid edir.

Akademik maraqlı bir məqama da diqqət yönəldir. Bildirir ki, 1988-ci ilin fevralından 1991-ci ilin sonuna qədərki dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin daxili problemi hesab edilsə də, SSRİ-nin dezinteqrasiyasından, Azərbaycan və Ermənistanın müstəqilliyinin bərpasından sonra bu münaqişə sürətlə beynəlmiləlləşib və dövlətlərarası münaqişə vəziyyətinə gəlib. "Bu münaqişə beynəlxalq problemə, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, həm də qarşıdurma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmi oldu” deyə müəllif qeyd edir. Akademik kitabında Sovet İttifaqı dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədlərinin (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən "uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındığını da diqqətə çatdırır. Bu faktın Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli sazişdə də öz əksini tapdığını göstərir. Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının maraqlı tərəf kimi sülh danışıqlarında iştirakı ilə bağlı məsələlərə beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar əsasında aydınlıq gətirir.

Eyni zamanda sülh danışıqlarının pozulması məqsədilə ermənilərin hərbi əməliyyatları necə fəallaşdırdıqlarını, 1992-ci ilin mayında Şuşanın və Laçının işğalı nəticəsində sülh planlarının baş tutmadığını və hərbi əməliyyatların keçmiş muxtar vilayətin ərazi hüdudlarından kənara çıxdığını, 1993-cü ilin sonuna qədər Azərbaycanın keçmiş DQMV ilə həmsərhəd olan daha 6 rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edildiyini, bu rayonların azərbaycanlı əhalisinin daimi yaşayış yerlərindən qovulduğunu göstərir. Beləliklə, Ermənistan tərəfinin sülh danışıqlarında nə qədər qeyri-səmimi mövqe tutduğu bir daha tam açıqlığı ilə göstərilir.

 

İşğalın vurduğu yaralar

 

Əsərdə Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi nəticəsində insan itkilərinə, bu münaqişənin ölkəmizə vurduğu sosial-iqtisadi ziyanlara da nəzər yetirilir. Oxucuya məlum olur ki, 1988-1993-cü illərdə Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb. Hərbi əməliyyatlar dövründə 20 min azərbaycanlı həlak olub. 50 min nəfər yaralanıb. 4 minə yaxın azərbaycanlı itkin düşüb. 2 mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

Uzun illər Ulu Öndər Heydər Əliyevlə birlikdə eyni məqsəd naminə çalışmış akademik Ramiz Mehdiyev əsərində Ümummilli Liderin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra münaqişənin həlli prosesində yaranmış keyfiyyətcə yeni mərhələnin mənzərəsini də əks etdirir. Bu mənzərənin əsas reallıqları isə Ulu Öndər Heydər Əliyevin münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun nizamlanması işində qətiyyətli addımlar atması, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi bərpa etməsi, vahid plan əsasında döyüş qabiliyyətli nizami ordu quruculuğuna başlaması və tarazlaşdırılmış xarici siyasət kursu həyata keçirməsidir.

Müəllif Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyini xatırladır və Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubluğunun birmənalı şəkildə təsbit edildiyi bu qətnamələrin ayrı-ayrı müddəalarını şərh edərək bildirir ki, həmin sənədlər bu gün də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hüquqi əsasını təşkil edir. Akademik bu qətnamələrə Ümummilli Lider Heydər Əliyevin böyük əhəmiyyət verdiyini də vurğulayır.

Müəllif əsərində Ulu Öndərin hakimiyyətə gəlişindən sonra aparılan hərbi əməliyyatlar nəticəsində cəbhə bölgəsində ciddi itkilər verən Ermənistanın 1994-cü ilin mayında atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur olduğunu, həmin ilin dekabrında isə ATƏM-in Budapeşt sammitində münaqişənin nizamlanması yolunda ciddi irəliləyişin əldə edildiyini yada salır. Bu təşkilatın 1996-cı ildə Lissabon şəhərində keçirilmiş sammiti danışıqlar prosesində növbəti mühüm mərhələ kimi dəyərləndirilir. Minsk qrupu həmsədrlərinin tövsiyə etdiyi üç prinsipin - ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi; Dağlıq Qarabağın və əhalisinin təhlükəsizliyinə zəmanətin nizamlanmanın mühüm tərkib hissələri kimi qəbul edildiyi diqqətə çatdırılır.

 

Azərbaycanın haqlı mövqeyi

 

Kitab münaqişənin sülh yolu ilə həlli istiqamətində müxtəlif illərdə aparılan danışıqlar prosesinin mahiyyətinə işıq salır. Azərbaycanın münaqişənin Madrid prinsipləri əsasında həllində israrlı olduğu vurğulanır. Bu prinsiplərin əsas məzmunu açıqlanaraq qeyd edilir ki, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsi və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması təmin olunmalıdır. İşğal olunmuş ərazilərin azad edilməsi ilə paralel Dağlıq Qarabağın erməni icmasının və işğal olunmuş ərazilərə, o cümlədən, Dağlıq Qarabağa qayıdacaq azərbaycanlıların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilməlidir.

Yalnız bu proseslər başa çatandan və qarşıdurmanın kəskinliyi azalandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu dialoqu çərçivəsində regionun gələcək statusunun müəyyən edilməsi üzrə siyasi-hüquqi proses başlana və bu proses nəticəsində qəbul edilmiş qərarlar həm Ermənistanda, həm də Azərbaycanda legitim hesab edilə bilər.

Əsərdə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasının beynəlxalq hüququn norma və prinsipləri baxımından yolverilməzliyi xüsusi vurğulanır, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində yüksək statusun verilməsi mümkünlüyündən bəhs edilir.

Erməni hiyləsinə qarşı qətiyyətli mövqe

 

Ermənilər artıq bir dəfə müqəddəratlarını əzəli Azərbaycan torpaqlarında "təyin etməklə” Ermənistan Respublikasını yaratmışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı qətiyyətli mövqeyini ortaya qoyaraq ikinci erməni dövlətinin yaradılmasının yolverilməzliyini dəfələrlə bəyan etmişdir: "Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan "millətlərin öz müqəddəratını təyin etmək” hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. Ermənilərin yaşadıqları bütün ölkələrdə "öz müqəddəratlarını təyin etməyə” başladıqları halda nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildir”.

Kitabda Ermənistanın ovaxtkı prezidenti L.Ter-Petrosyanın "Respublika Armeniya” qəzetində dərc edilmiş "Müharibə, yoxsa sülh: düşünmək vaxtıdır” adlı məqaləsinin əsas tezislərinə də yer verilir və bildirilir ki, bu gün də öz aktuallığını itirməyib. L.Ter-Petrosyanın irəli sürdüyü tezislər bundan ibarət idi ki, Dağlıq Qarabağ münaqişəsi yalnız dinc danışıqlar yolu ilə nizamlanmalıdır; status kvonu uzun müddət saxlamaq mümkün deyil, çünki buna nə dünya birliyi imkan verər, nə də Ermənistanın iqtisadi potensialı; münaqişənin nizamlanmamış vəziyyəti Qarabağa və Ermənistana sərfəli deyil, çünki bu, Ermənistanın və deməli, Qarabağın da iqtisadi inkişafına ciddi əngəl törədir, beynəlxalq birliklə və xüsusən qonşu ölkələrlə münasibətlərdə isə qarşısıalınmaz nəticələrə gətirib çıxara biləcək fəsadlar yaradır; Qarabağ münaqişəsinin həllinin yeganə variantı kompromisdir, bu, tərəflərdən birinin qələbəsi və digərinin məğlubiyyəti deyil, münaqişədən bezmək şəraitində razılığa nail olmaq imkanıdır.

 

Müharibə, yoxsa sülh?

 

Akademik Ramiz Mehdiyev L.T.Petrosyanın bu mövqeyinə görə 1998-ci ildə faktiki olaraq istefaya məcbur edildikdən sonra Ermənistanda indiyə qədər hakimiyyətdə olmuş şəxslərin münaqişənin həllini süni şəkildə uzatmaq siyasəti yürütdüklərini, əfsus ki, bu destruktiv xəttin hazırkı baş nazir N.Paşinyan tərəfindən də davam etdirildiyini yazır. Əsərdə, eyni zamanda münaqişənin həllinin uzanmasının Ermənistana böyük itkilər hesabına başa gəldiyi, bu ölkənin qlobal iqtisadi təcrid vəziyyətinə düşdüyü konkret faktlarla əsaslandırılır.

Tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin son vaxtlar absurd bəyanatlar verməsi də əslində, xof və təşviş isterikasının ifadəsidir. Akademik bu reallıqlara doğru qiymət verərək yazır: "Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan "qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək sülhü uduzub”.

Bu sadə həqiqəti dərk etməkdən ötrü müəllif Azərbaycanla Ermənistan arasındakı inkişaf fərqini diqqətə çatdırır. Göstərir ki, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə üstələyib, Azərbaycanın strateji valyuta ehtiyatları Ermənistanın analoji göstəricilərindən 20 dəfə, əhalisi isə 3,3 dəfə çoxdur. Ermənistanın üzləşdiyi məlum iqtisadi çətinliklərdən başqa, orada demoqrafik vəziyyət də getdikcə pisləşir. Statistik məlumatlar əhalinin qocaldığını, doğum sayının azaldığını və miqrasiya səviyyəsinin artdığını göstərir. 2017-ci ildə Ermənistanı təqribən 35-40 min adam tərk edib və geri qayıtmayıb.

"BE Berlin Economics GmbH” konsaltinq şirkətinin Berlin qərargahının 2019-cu ilin yanvarında Avropa İttifaqının maliyyə dəstəyi ilə "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırma hazırladığını nəzərə çatdıran akademik Ramiz Mehdiyev bu sənəddən çıxış edərək ədalətli sülhün Ermənistana gətirə biləcəyi əsas iqtisadi faydalar haqqında söhbət açır. Akademik kitabında haqlı olaraq yazır: "Pirr qələbəsi” erməni cəmiyyətinə çox baha, o cümlədən, qan bahasına başa gəlib. Erməni cəmiyyəti etiraf etməlidir ki, firavanlığa və tərəqqiyə aparan yol uydurma fərqlər, əsassız iddialar zəminində toqquşmalardan deyil, qarşılıqlı fəaliyyətdən keçir. Ermənistanın siyasi liderləri, diasporunun rəhbərləri başa düşməlidirlər ki, erməni xalqının və dövlətinin xoşbəxtliyi, firavanlığı və gələcəyi qonşu dövlətlərlə dinc yanaşı yaşama, mehriban qonşuluq ruhunun dəstəklənməsi ilə bağlıdır”.

 

Məhvi labüd olan ideya

 

Müəllifin fikrincə, Avropanın müharibədən sonrakı təcrübəsi də göstərir ki, müharibə və məhrumiyyətlərə baxmayaraq, ərazi bütövlüyü, dövlətlərin suverenliyi və milli azlıqların hüquqlarının müdafiəsi prinsiplərinə əsaslanaraq sülh əldə etmək olar və bunu etmək lazımdır. Ermənistan rəhbərliyi və erməni cəmiyyəti çoxdan etiraf etməlidirlər ki, "müstəqil Arsax” məhvi labüd olan perspektivsiz ideyadır, onu həyata keçirmək cəhdi artıq qanlı müharibəyə və hər iki tərəfdən on minlərlə insanın həlak olmasına gətirib çıxarıb. Dərk edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın geri qalmasının, dərin yoxsulluq içində yaşamasının, ölkədən "beyin axını”nın və ən başlıcası isə Ermənistanın başqa dövlətlərdən asılılığının həm birbaşa, həm də dolayı səbəbidir.

Akademik Ramiz Mehdiyev əsərində Ermənistanın baş naziri N.Paşinyanın son dövrlər irəli sürdüyü cəfəng və reallıqdan uzaq iddialarını da ifşa edir: "N.Paşinyandan bunu soruşmaq maraqlı olardı: O, "Dağlıq Qarabağ xalqı” kimi birmənalı olmayan anlayışa əzəldən bu torpaqda yaşayan etnik azərbaycanlıları da daxil edirmi? Axı aydın məsələdir ki, münaqişənin hər hansı həlli Dağlıq Qarabağın Azərbaycan icmasının maraqları nəzərə alınmadan Azərbaycan üçün məqbul sayıla bilməz”.

Akademik qeyd edir ki, Ermənistan tərəfindən xoş məram nümayiş etdiriləcəyi və Azərbaycanın işğal altında olan rayonlarının azad edilməsinə başlanacağı təqdirdə, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə zəmanət verilməsi məsələsini müzakirə etməyə hazırdır. Məhz N.Paşinyan bu ölkədə real hakimiyyətə sahib olan baş nazir kimi problemin həlli ilə bağlı öz nöqteyi-nəzərini erməni xalqına təqdim etməlidir. Amma onun bir-birinə zidd və cəfəng bəyanatlarından belə bir hiss yaranır ki, N.Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə məsuliyyəti özgəsinin üzərinə qoymağa çalışır. Bu da onu göstərir ki, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsini praktiki olaraq həll etmək istəmir və bunun üçün müxtəlif bəhanələr axtarıb tapmağa çalışır.

Akademik Ramiz Mehdiyev bildirir ki, N.Paşinyan tərəfindən anons edilmiş "iqtisadi inqilab” və Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tezliklə və ədalətli şəkildə nizamlanmadan baş verməyəcək. Və bu məqamda müəllif amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan müdrik sözlərini Ermənistanın siyasi liderlərinin yadına salır: "Siyasətçi növbəti seçkilər haqqında düşünən insandır, necə ki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!”

Akademikin fikrincə, erməni siyasətçilərinin B.H.Liddel Qartın bu sözlərinə diqqət yetirmələrinin vaxtı da artıq çoxdan çatıb: "Qələbə özünün həqiqi mənasında dünyanın müharibədən sonrakı quruluşunun və xalqın maddi durumunun müharibədən əvvəlkindən daha yaxşı olmasını nəzərdə tutur”.

Atəşkəs dövründə Azərbaycanın həm müstəqil dövlət quruculuğu yolunda, həm sosial-iqtisadi, mədəni inkişaf baxımından əldə etdiyi nailiyyətlər, Ermənistanla arasındakı kəskin inkişaf fərqi B.H.Liddel Qartın yuxarıdakı fikrinin nə qədər böyük müdrikliklə irəli sürüldüyünü göstərir.

Bəli, bu münaqişənin qalibi məhz Azərbaycan olacaq!

Çünki biz ədalət və sülh tərəfdarıyıq!

Akademik Ramiz Mehdiyevin qələmə aldığı kitab da oxucuya məhz bu həqiqəti anladır.

 

 

Nurlana ƏLİYEVA,

 

YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri

 

Azərbaycan.- 2019.- 26 sentyabr.-  S. 1; 3.