Azərbaycan ilə UNICEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində birgə tədbirlərin müzakirəsindən ibarət olub.

Ombudsman ötən illər ərzində UNICEF ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, uşaq hüquqları, o cümlədən sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün uşaqların hüquqları üzrə mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edərək qonağa öz təşəkkürünü bildirib.

E.Süleymanova Avropa Şurasının uşaqların cinsi istismarcinsi sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ratifikasiyası və Uşaqların Cismani Cəzadan müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi istiqamətində, uşaqlara qarşı zorakılıq, o cümlədən uşaq alveri və uşaqların cinsi istismarı ilə bağlı regionlarda birgə tədbirlərin keçirilməsi, monitorinqlərin aparılması, müəssisələrdə və sığınacaqlarda olan uşaqların, həmçinin qaçqın, məcburi köçkün, miqrant ailələrdəki uşaqların vəziyyətinin araşdırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsini, bununla yanaşı, məcburi köçkünlərin yaşadığı qəsəbələrdə ədalətli sülh mövzusunda təlimlərin keçirilməsini təklif edib.

E.Karvardin müvəkkilin bütün təkliflərini müsbət qarşılayaraq onların UNICEF və Azərbaycan höküməti arasında imzalanacaq yeni dövlət proqramında da nəzərə alınmasının əhəmiyyətini qeyd edib. O, təklif olunan qanunvericilik aktlarının təşviqi məqsədilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsini, uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində əhalinin məlumatlılığın artırılmasını, bu sahədə monitorinq apararaq faktların aşkar edilməsini, xidmətlərin göstərilməsi və risk qrupuna daxil olan uşaqlara qarşı zorakılığın qarşısının alınması məqsədilə preventiv tədbirlərin görülməsini təklif edib.

Görüşdə uşaq hüquqlarının səmərəli müdafiəsi, qaynar xətt xidməti, fərdi müraciətlər üzrə yanaşmalar, uşaqlara ünvanlanan sosial-reabilitasiya xidmətlərinin inkişaf etdirilməsi, bu sahədə kadr hazırlığı məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.

 

Azərbaycan.- 2019.- 26 sentyabr.-  S. 5.