Gizli yeraltı yollar

 

Azərbaycanın orta əsr şəhər və qalalarında ehtiyat üçün tikilmiş yeraltı gizli yolların olması haqqında xeyli məlumat mövcuddur. Xalq yaradıcılığında da yeraltı gizli yollar haqqında çox danışılır. Yeraltı yollar xüsusi marağa səbəb olmaqla yanaşı, onların təsadüfdən yaranmadığı və real həyata bağlı olduğu aydınlaşır.

Orta əsr şəhər və qalaları düşmən mühasirəsinə düşdüyü zaman su, ərzaq, silah əldə etmək, son anda xilas olmaq üçün gizli yeraltı yolların varlığı böyük əhəmiyyət kəsb edirdi. Belə gizli yollar bəzi orta əsr qalalarında son vaxtlara qədər qalmışdır. Şirvanşahların paytaxtı Şamaxı yaxınlığında strateji cəhətdən böyük əhəmiyyəti olan hündür bir dağın zirvəsində tikilmiş Gülüstan qalasında, İsmayıllıda Qız qalasında, İncəçay kənarında salınmış Gülüstan qalasında, Gülüstanın bəzi şəhər və qalalarındakı gizli yeraltı yollar buna nümunədir.

Qeyd edək ki, qədim Bakıda yeraltı gizli yolların varlığı haqqında yerli əhali və Bakının qocaman sakinlərinin də ətraflı məlumatları var. Belə yollardan birinin Şirvanşahlar sarayından başlandığını söyləyirlər. Şəhər düşmən tərəfindən ələ keçdiyi zaman şah, əyanlar və mühafizəçilərin yeraltı yolla Qız qalasına müdafiə mövqeyinə çəkilmələri, düşmən güc gəldikdə, qalanın təslim olma qorxusu yarananda isə yeraltı yolla şəhəri tərk etmələri haqqında maraqlı söhbətlər var.

İçərişəhərin şərq tərəfində 1982-ci ildə aparılan genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol böyük maraq doğurur. Həmin yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfinin şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş "Multan” karvansarayının altından keçərək Qız qalasına doğru uzanır. Gizli yol dördbucaq formalı olub, təbii qayanı simmetrik şəkildə kəsib-oymaq üsulu ilə çəkilmişdir.

Professor Kamil İbrahimov deyir ki, İçərişəhərdə son 20 ildə aparılan arxeoloji qazıntılar nəticəsində orijinal quruluşa malik yeraltı yolun qalığı üzə çıxarılmış və 27 metrə qədər olan hissəsi öyrənilmişdir. Tədqiqatçı bunun birinci təsadüf olduğunu bildirdi: "Yolun eni 0,8 metr, dərinliyi isə 1,25 metrdir. Onun ölçülərindən göründüyü kimi, yolun içərisi ilə bir qədər əyildikdə yerimək mümkündür. Cənuba doğru gedən yolu 9 metr izlədikdən sonra havasız və tam qaranlıq şəraiti onun ardını öyrənməyə imkan verməmişdir”.

Bu ərazidə yeraltı yol 1924-cü ildə Qız qalasının yanında aparılan arxeoloji qazıntılar nəticəsində də aşkar edilmişdir. Tədqiqatçı V.M.Sisoyev tərəfindən aparılan qazıntı işlərində şimal tərəfə - şəhərin içərilərinə doğru gedən yeraltı yolun qalıqları üzə çıxarılmışdı: "Məhz həmin istiqamət aşkar edilən yeraltı yola tamamilə uyğun gəlir və bunun yeraltı gizli yol olduğunu bir daha təsdiq edir. Şübhəsiz ki, Qız qalasından başlanan həmin yolun şəhərin şimal hissəsində müəyyən bir çıxış yeri olmuşdu. Uzun müddət aparılan müşahidələr belə bir nəticəyə gəlməyə əsas verir ki, Bakıda bu nəhəng qurğudan əsasən iki böyük məqsəd üçün istifadə olunması nəzərdə tutulmuşdur. Əvvəla, ondan şəhərin şərq və cənub-şərq tərəfində yaşayan əhalisini su ilə təchiz etmək və ikinci isə nadir hallarda qalanı tərk etmək lazım gəldikdə yeraltı gizli yol kimi istifadə məqsədi daşımışdı”. Professor onu da bildirdi ki, bu yeraltı yolun müəyyən hissəsi "Qədim bağ” adlı kompleksdə konservasiya olunmuşdur.

 

Azərbaycan.- 2019.- 26 sentyabr.-  S. 6.