Ədəbi-mədəni fikir tarixində yeri olan ustad

 

Bu cahana sığmayan şair sönməz fikir şöləsinin nurunda öz əzəmətilə bir daha canlandı

 

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də mənəvi-əxlaqi kamilləşmədə mühüm əhəmiyyətə malikdir.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Onun irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği isə, əlbəttə, ilk növbədə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir.

Azərbaycan Respublikası Prezidentinin "Ədəbi-mədəni fikir tarixində yeri olan böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli sərəncamına uyğun olaraq, ölkə ərazisində keçirilən tədbirlər kütləvi və silsilə xarakter alıb.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı da dünən ölməz şairin anadan olmasının 650 illik yubileyinə həsr edilən tədbir keçirdi. Tədbiri açan YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov öncə diqqətə çatdırdı ki, böyük söz ustadının 600 illiyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib. Yubileyinin beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çoxsaylı araşdırmalar aparılıb: "Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açdı. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə nəşr edilib. Bu gün də həmin irs davam etdirilir. Azərbaycan Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, şairin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib”.

Ölməz şairin yubiley tədbirləri ilin sonunadək davam etdiriləcək. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən "İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda oktyabrda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu hələ davam edir.

Bakı Kitab Mərkəzinin dahi Azərbaycan şair-mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş 6-14 yaşlı uşaqlar arasında elan etdiyi rəsm müsabiqəsinin qiymətləndirilməsi isə artıq başa çatıb. Sentyabrın 28-də Bakı Kitab Mərkəzində müsabiqəyə təqdim olunmuş 40-a yaxın rəsm əsərlərindən ibarət sərgi və mükafatlandırma mərasimi keçiriləcək.

Tədbirdə bir daha qeyd edildi ki, Nəsimi irsi beynəlxalq səviyyədə də təbliğ olunmaqdadır. Berlin Humboldt Universitetində şairin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsi də bunu təsdiqləyir. Söhbət sentyabrın 23-də Azərbaycanın Almaniyadakı səfirliyinin, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Berlin Humboldt Universitetindəki Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın təşkilindən gedir.

Bu, bir həqiqətdir ki, İ.Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Şairin yaradıcılığı uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. 50 il öncə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində isə xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı: ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradıldı. 1973-cü ildə çəkilən "Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer aldı.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-29-da Bakı İdman Sarayında keçiriləcək VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da məhz həmin silsilədəndir. Çünki böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Üç gün ərzində 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və digər qurumlar öz məhsullarını sərgiləyəcək, kitablarının satışını həyata keçirəcəklər. Bu da yalnız Nəsimi irsinin deyil, həm də Azərbaycan ədəbiyyatı, incəsənəti, tarixi, bir sözlə, mənəviyyatının zənginliyinin qorunub saxlanması istiqamətində atılan daha bir mühüm addımdır.

Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə, professor Vüqar Əhməd və digər çıxışçılar qeyd etdilər ki, ötən illər ərzində İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Xatırladıldı ki, 1979-cu ildə paytaxt Bakıda Nəsiminin parlaq simasını özündə təcəssüm etdirən möhtəşəm heykəli ucaldılıb. Son bir il ərzində AMEA tərəfindən şairin bir neçə, xüsusən üç dildə 11 monoqrafiyası buraxılıb. Firudin Qurbansoyun tədqiqatının nəticəsində isə şairin Şamaxıda anadan olması əsaslı faktlarla öz təsdiqini bir daha tapıb. Onun ədəbiyyat və incəsənətdə parlaq obrazı yaradılıb. 2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında şairin vəfatının 600 illiyi qeyd edilib, ötən ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.

Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq, 2019-cu il Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə respublikamızda "Nəsimi ilielan edilib.

Tədbirin bədii hissəsi Azərbaycan Texniki UniversitetininMilli Konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası tələbələrinin ifasında Nəsimi yaradıcılığına həsr edilən ədəbi-bədii kompozisiya ilə başa çatdı.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 26 sentyabr.-  S. 7.