Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

 

Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun "Yenidən Bakıda” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimindən əvvəl Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgisinin belə bir möhtəşəm mərkəzdə nümayişinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Vurğulayıb ki, bu sərgi onun Bakıda ikinci fərdi sərgisidir. İlk sərgisi on il bundan əvvəl təşkil edilib: "Rusiyada 11 fərdi sərgim açılıb. Bu möhtəşəm mərkəzdə sərgi təşkil etmək böyük məsuliyyət tələb edir. Çünki bura dünyada olan ən böyük, müasir mədəniyyət mərkəzlərindən biridir. Buna görə çox şadam. Sərgidə uşaqlıq, gənclik və müasir dövrdə çəkdiyim əsərlər təqdim edilib. Burada Xocalı faciəsinə həsr etdiyim əsərim də nümayiş olunur. Uzun müddətdir bu mövzu üzərində çalışırdım. Burada istəmişəm ermənilərin vəhşiliklərini dünyaya çatdırım. İnanıram ki, sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacaq”.

Müasir incəsənət üzrə mütəxəssis, Müasir İncəsənət Dövlət Mərkəzinin bədii rəhbəri, Rusiyanın Ali İqtisad Məktəbinin professoru Leonid Aleksandroviç Bajanov bildirib ki, bu sərgi daha çox gənclərin marağına səbəb olmalıdır: "Çünki son 50 ilin sənətkarları gənc rəssamların diqqətindən kənarda qalıb. Beləliklə, onların əsərlərinin nümayiş etdirilməməsi ilə biz bir çox bədii yaradıcılıq nümunələrini itirmiş oluruq. Şadam ki, bu sərgi geniş şəkildə təqdim olunur. Rəssamın yaradıcılığı irəlidə çox tamaşaçını gözləyir. O, dünya miqyaslı rəssamdır. Bizim tələbələr onun yaradıcılığına böyük maraq göstərirlər və əsərlərini öyrənirlər".

Rəssam haqqında ancaq onun əsərlərinin danışdığını söyləyən SSRİ Xalq artisti, rejissor, Tbilisidəki Şota Rustaveli adına Dövlət Akademik Teatrının bədii rəhbəri Robert Robertoviç Sturua Xalq rəssamının sərgilərinin dünyanın bir çox ölkələrində uğurla nümayiş olunduğunu diqqətə çatdırıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunur. Abşeron təbiətinin vurğunu olan rəssamın tablolarında Buzovna, Mərdəkan, Qala mənzərələri xüsusi incəlik və sevgi ilə əks edilib.

Sərgidə Fərhad Xəlilovun "Görüş”, "Xatirə”, "Torpağın naxışları”, "Gözlənilməz baxış” silsiləsindən təqdim edilən rəsmlərində torpağın, dənizin və səmanın vəhdəti hiss olunur.

Sərgi oktyabrın 25-dək davam edəcək.

 

Azərbaycan.- 2019.- 27 sentyabr.-  S. 5.