Sükuta dalmış həqiqətlər

 

Cəfər Cabbarlı – 120

 

Çox qısa - cəmi 35 illik ömrünü üç siyasi şəraitdə - çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti dövründə və sovet reallığında yaşayan, yaşından xeyli irəli getmiş yaradıcılıq dühası ilə hər zaman hamını heyrətləndirməyi bacaran Cəfər Cabbarlının böyüklüyü ondadır ki, qələmə aldığı əsərlərlə həmin illərin hər birinin tarixi mənzərəsini yarada bilmişdir.

Klassik ədəbi irs zəminində yetişən yazıçı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsi kimi təqdim edir. Bununla yanaşı, Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, istiqlal ideallarının da tərənnümçüsüdür.

Əfsus ki, sovet dövründə tədqiqatçılar zəmanənin ağır şərtlərindən irəli gələrək bu mənəvi xəzinədən əsasən sosializm realizminə gərək olanları götürüblər. Ədibin milli ruh, istiqlal duyğuları ilə zəngin bir çox tamaşa və pyeslərini, poetikasını isə ən yaxşı halda ad çəkmədən məfkurəvi cəhətdən ziyanlı, bədii cəhətdən zəif əsərlər kimi səciyyələndiriblər. Cəfər Cabbarlının 1917-ci ildə Osmanlı tarixi ilə bağlı qələmə aldığı "Trablis müharibəsi” və ya "Ulduz”, "Ədirnə fəthi” kimi pyesləri on illər boyu gün işığına çıxarılmayıb. Onlar türk məişətini, qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar və sovet tənqidi tərəfindən "pantürkist”, "panislamist” təmayüllü əsərlər kimi qarşılanıb. Az sonra tamamilə səhnədən çıxarılıb. Bu əsərlər ötən əsrin 80-ci illərinin sonlarına qədər arxiv qəfəslərində "məhbəs həyatı” yaşamalı olub.

 

İtkin əsər

 

Cəfər Cabbarlının "Bakı müharibəsi” əsəri isə daha ağır tale ilə üzləşib. Bu əsərdə 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı zülmləri təsvir edilir, başda Nuru Paşa olmaqla xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsi haqqında söhbət açılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə "Türk ocağı”nda (Türk Dövlət Teatrı) tamaşaya da qoyulmuşdu. Amma əsər sonradan ilim-ilim itirilmişdir.

İndi maraqlı bir məqama diqqət edək: ədibin 1905-ci ildə çar Rusiyasının siyasi dairələrinin təhriki ilə Bakının erməni və azərbaycanlı əhalisi arasında yaradılmış qanlı qarşıdurmadan bəhs edən "1905-ci ildə” pyesi sovet dövründə xalqlar dostluğunun təcəssümü kimi geniş təbliğ edilir, dərsliklərə salınır, tamaşaya qoyulurdu. Erməni daşnaklarının 1918-ci ilin martında bolşeviklərlə birləşərək azərbaycanlılara qarşı törətdikləri kütləvi soyqırımına həsr olunmuş "Bakı müharibəsi” əsəri isə necə it-bata salınırsa, ondan bu günə qədər bir xəbər-ətər yoxdur. Halbuki indi həmin əsər o qanlı tariximizə, mart soyqırımının mənzərəsinə obyektiv baxış üçün son dərəcə gərəkli bir mənbə olardı.

 

Cümhuriyyətin süqutundan sonra

 

Sovet dövründə və elə ondan sonrakı illərdə də tədqiqatçıların nəzər-diqqətindən kənarda qalan təkcə Cəfər Cabbarlının bəzi əsərləri olmayıb. Bu böyük ziyalımızın milli istiqlal hərəkatımızdakı rolu, Azərbaycan Xalq Cümhuriyyətindəki fəaliyyəti də lazımi qədər işıqlandırılmayıb. Onun Cümhuriyyət dövründəki fəaliyyəti, daha sonra 1923-cü ilə qədər sovet rejiminə qarşı qeyri-leqal mübarizə aparan milli istiqlal hərəkatına qoşulması, "İstiqlal” qəzetinin nəşrində gizli iştirakı, hətta iki dəfə həbs həyatı yaşaması barədə geniş təfərrüatları ilk dəfə professor Asif Rüstəmlinin "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” adlı kitabında (Bakı, 1918) oxuyuruq. Zəngin arxiv materialları əsasında qələmə alınmış əsər dövrün bir çox həqiqətlərinə işıq salır.

Adətən Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı illər haqqında danışanda və yazanda çox qısa şəkildə "Cümhuriyyətin süqutundan sonra” ifadəsindən istifadə edirik. Sövq-təbii olaraq bizə elə gəlir ki, Azərbaycanın bolşeviklər tərəfindən işğalından, cümhuriyyət xadimlərimizin bir qisminin xaincəsinə qətlindən, bir qisminin həbsindən, bir qismininsə mühacirət etməsindən sonra milli istiqlal ideyalarının da ömrü başa çatıb. Amma xalqın milli enerjisinin, dövlətçilik əzminin, XIX əsrin ikinci yarısından geniş vüsət almış maarifçilik hərəkatının bəhrəsi olan cümhuriyyət, istiqlal ideyaları belə asanlıqla "təslim ola” bilməzdi. Azərbaycan xalqının bu ideyaları bolşevik işğalı dövründə də davam etdirən qəhrəman övladları vardı və Cəfər Cabbarlı onlardan biri idi.

 

Gizli partiya

 

Tədqiqatçıların qeyd etdikləri kimi, ədibin siyasi dünyagörüşünün formalaşmasında yaxın dostu və həmkarı Mirzə Bala Məmmədzadənin böyük rolu olmuşdu. Cəfər Cabbarlı dostunun təsiri ilə həm "Yaşıl qələm” Cəmiyyətinə, həm də Müsavat Firqəsinə üzv yazılmışdı. O, firqənin işində fəal iştirak edirdi. Qurultaylardakı çıxışları ilə Azərbaycan kəndlisinin acınacaqlı durumundan bəhs edir, torpaq islahatlarının aparılmasının zəruriliyini bildirirdi. Səsləndirdikləri kəskin tənqidi fikirlərə görə onu və dostlarını radikal sol müsavatçılar da adlandırırdılar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Cəfər Cabbarlı parlamentdə stenoqrafçı-katib işləyir, parlamentin rəsmi orqanı olan "Azərbaycan” qəzetində tərcüməçilik fəaliyyəti ilə məşğul olur və milli istiqlal ruhlu şeirlər, dram əsərləri yazırdı. Azərbaycan Məclisi Məbusanının sonuncu fövqəladə iclasının keçirildiyi və qırmızı ordunun təhdidləri ilə hakimiyyətin bolşeviklərə verildiyi 27 aprel gecəsi bir qrup gənc vətənpərvər ana yurdunun gələcək taleyinin, istiqbalının müzakirəsi üçün bir yerə toplaşır. Azərbaycan Cümhuriyyəti Nazirlər Kabinetinin İşlər İdarəsində tərcüməçi vəzifəsində işləyən Əbdül Vahab Yurdsevər o məşum gecəni sonralar belə xatırlayırdı: "Həmən 27 nisan axşamı Mirzə Bala ilə birlikdə kendisini evində ziyarət edərək tasvibini almış və arkadaşlardan Məhəmməd Sadıq Quluzadə (Xülusi) və Məhəmməd Həsən Baharlını mərhum şair Cəfər Cabbarlının şəhər kənarındakı iqamətgahında toplayaraq yəmin mərasimiylə ilk gizli Partiya Mərkəzi-Ümumisini qurmuşduq”.

 

Həqiqət sirr saxlamır

 

Cəfər Cabbarlı bu partiyada Mərkəzi Komitəyə rəhbərlik edirdi. Qısa müddətdə təşkilat Bakının dörd rayonunda, Lənkəranda, Salyanda, Gəncədə, Gürcüstanda və Aşqabadda formalaşmağı bacarmışdı. Onlar Şərq xalqlarının azadlıq mübarizəsində, Azərbaycanın müstəqilliyinin təmin olunmasında və milli inkişafında yeni hökumətlə də əməkdaşlığa hazır idilər. Hətta xalq komissarı Həmid Sultanov vasitəsilə Azərbaycan İnqilab Komitəsinə bu barədə bəyannamə də təqdim etmişdilər. Amma yeni hökumət bu bəyannaməyə təqiblərlə, bolşevik irticasının sərt üzü ilə cavab verdi. 1922-ci ilin payızından artıq onların həbsinə hazırlıq gedirdi. Məsələ Zaqafqaziya Fövqəladə Komissiyasının (ÇK) sədr əvəzi V.Pankratovun birbaşa nəzarətində idi. ÇK agentləri partiyanın digər fəal təmsilçiləri kimi, Cəfər Cabbarlının da fəaliyyətini diqqətlə öyrənir, onun şəxsi əlaqələrini üzə çıxarmağa çalışırdılar. Azərbaycan Fövqəladə Komissiyasının Agentura şöbəsinin 5 may 1923-cü il tarixli məxfi məlumatında isə onun yaşayış yerinin - Bakı şəhəri, Böyük Salyan küçəsi, ev 4 ünvanının həbs üçün dəqiqləşdirildiyini görürük.

Onda ədib Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində stenoqrafçı-katib, "Kommunist” qəzetində mütərcim vəzifələrində çalışır, eyni zamanda yenicə yaradılmış Bakı Dövlət Universitetinin tibb fakültəsinin ikinci kursunda təhsil alırdı.

1923-cü ilin 14 iyun axşamı, işdən sonra onu evində həbs etdilər və mənzilində axtarış apardılar. Əməliyyata Danilyan soyadlı erməni rəhbərlik edirdi. Axtarış və həbs orderini isə Azərbaycan ÇK-nın sədri Mir Cəfər Bağırov imzalamışdı. Axtarış zamanı hökumət əleyhinə nəsə aşkar edilməsə də, ədibin bütün sənədləri, bədii əsərlərinin əlyazmaları yoxlanılmaq üçün müsadirə edilmişdi. Həmin gecə Cəfər Cabbarlı ilə birgə 15 nəfər tanınmış ziyalı, ictimai-siyasi xadim, jurnalist də həbs olunmuşdu. Onların sırasında Əbdül Vahab Məmmədzadə, Məmməd Sadıq Quluzadə, Seyid Hüseyn Sadıq, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılzadə, Həmid Qarayev, Novruz Ağazadə, Nəriman bəy Nərimanbəyli, Əli Əfsər Nəcəfzadə, Məhəmməd Səid Axundzadə, Əli Əkbər Süleymanzadə kimi mübariz istiqlal mücahidləri, gənc vətənpərvər və millətsevər ziyalılar var idi.

 

454 nömrəli cinayət işi

 

Həbsindən iki gün sonra iyunun 16-da müstəntiqlər onu ilk dəfə dindirdilər. Azərbaycan ÇK-nın Qeydiyyat-Statistika hissəsi tərəfindən adına 454 nömrəli cinayət işi açıldı. İstintaqın ilk günü müstəntiqlər bütün fiziki təzyiq və işgəncə metodlarından istifadə etsə də, Cəfər Cabbarlıdan ciddi bir söz qopara bilməmişdilər. Həbsinin ilk günlərində həyat yoldaşı Sona xanım ona zəruri ərzaqlarla birgə həyətdən dərdiyi bir dəstə çiçək də göndərmişdi. Günəş işığına həsrət darısqal kamerada sıxıntıya davam gətirməyən zərif çiçəklər bir anın içində saralıb solmuşdu. Həbsxanada yazdığı "Açan-solan çiçəklər” adlı ilk şeiri bu mənzərənin - Cəfər Cabbarlının həmin çiçəklərlə eyniləşmiş taleyinin təsviri idi.

Bən bir güldüm, açılmadan budağımdan dərdilər,

 

Yaşıl ikən yarpaqlarım

 

əldən-ələ verdilər,

 

Çox çəkmədən yazıq

 

soldum, torpaqlara sərdilər,

 

İştə budur təbiətin sarsılmayan dövranı...

 

Tədqiqatçılar bədii məziyyətlərinə görə bu şeiri sovet dövrü həbsxana poeziyasının ilk dəyərli nümunələrindən sayır. Cəfər Cabbarlının məhbəsdə yazdığı ikinci şeiri də kameraya mütəmadi tər çiçəklər göndərən Sona xanıma həsr edilmişdi. Bu şeirlər ədibin əsərlərinə daxil edilməsə də, onların yazılma tarixi Sona xanımın "Onu kim unudar” xatirələr kitabında özünə yer almışdı. Sovet senzurası bilərəkdən həmin şeirlərin Cəfər Cabbarlı xəstəxanada yatarkən qələmə alındığını göstərmişdi. Bununla da senzura ədibin sovet dövründə həbsini ciddi-cəhdlə gizlətməyə çalışmış, qırmızı rejimin belə gənc ziyalılara qarşı törətdiyi cinayətləri ört-basdır edə biləcəyini düşünmüşdü. Amma həqiqət sirr saxlamır. Cəfər Cabbarlının xəstəxanadan deyil, həbsxanadan Sona xanıma rus dilində yazdığı və indi də ədibin ev-muzeyində qorunan onlarla qısa məktubu sovet rejiminin ziyalıya düşmən münasibətini ifşa edən tarixi sənədlərdir.

 

"Müsavatçıların bəyannaməsi”

 

Ədibin ÇK-nın katibi və kollegiya üzvü Ə.Axundova 28 iyul tarixli bir məktubundan belə anlaşılır ki, onun məhbəs günləri Bayıl həbsxanasında yox, XI Ordunun Xüsusi şöbəsinin zirzəmisində keçib. Cəfər Cabbarlını ÇK-nın Valik və Vladimir adlı iki müstəntiqi sorğu-sual ediblər. Onu gizli Müsavat partiyasında təbliğat-təşviqat sahəsinə rəhbərlik etməkdə, Gürcüstan menşevikləri ilə danışıqlar aparmaqda günahlandırıblar. Müstəntiqlərin çoxsaylı suallarına cavab olaraq Cabbarlı partiyaya cəlb olunması və oradakı fəaliyyəti haqqında yığcam şəkildə demişdi: "Duma iclasından sonra "Müsavat” təşkilatında mən üç-dörd ay inersiya ilə işlədim. Bu müddətdən sonra ora gedişimin sayını seyrəltdim və sonra tamam kəsdim. Bir neçə dəfə Mirzə Bala mənə irad tutdu ki, mən işdən əlaqəmi kəsirəm, hətta mənə siyasi hissədə çalışmağı təklif etdi, amma mən imtina etdim. Doğrudur, birbaşa imtinam olmadı, lakin mən ora gedişimi dayandırdım”.

Mirzə Bala deyirdi ki, Cəfər Cabbarzadə partiyanın təbliğat-təşviqat işinə cəlb edildikdən sonra cəmi iki ay işlədi. Bundan sonra o, işdən yayınmağa və tamamilə kənarlaşmağa başladı. O, özünü, əməyini və təhsilini teatr işinə həsr edirdi. Səhnəyə qoyulmaq üçün əsərlər yazır və tamamilə bu işlə məşğul olurdu.

İstintaq prosesində Əbdül Vahab ilə Cəfər üz-üzə gətirilməmişdir. Bu gənclər ifadələrində bir-birilərinə qarşı hörmət və ehtiramı gözləyirdilər. Lakin sərt təzyiqlərə və zorakılıq üsullarına tab gətirməyən Rəhim bəy Vəkilov yoldaşlarına və o cümlədən Cəfər Cabbarlıya qarşı günahlandırıcı ifadələr işlətməkdən özünü saxlaya bilməmişdir.

İstintaqın aparıldığı bütün mənbələrdə Mirzə Bala Məmmədzadənin ciddi axtarıldığı xüsusi vurğulanırdı. Lakin o, mühacirət etdiyi üçün həbsi mümkün olmadığından bolşeviklər bu partiya ilə bağlı gələcək fəaliyyətləri izləməkdən ötrü gözlənilməz taktika seçdilər. Həbs olunan müsavatçıların, o cümlədən Cəfər Cabbarlının imzası ilə "Kommunist” qəzetinin 14 avqust 1923-cü il nömrəsində "Müsavatçıların bəyannaməsi” adlı material dərc edildi. Bəyannamədə Şura hökumətinin inkişaf platformasına dəstək verilir, müsavatın məxfi təşkilatının buraxıldığı bəyan edilirdi. Bəyannamənin qəzetdə dərcindən bir gün əvvəl isə onları azadlığa buraxdılar. Onların azadlığa çıxmasında Azərbaycan ÇK-nın katibi və kollegiya üzvü vəzifəsində çalışan, sonralar isə "Azərnəşr”in direktoru işləmiş Əsəd Axundov kimi vicdanlı məmurların da böyük rolu olmuşdu. Əfsuslar ki, Ə.Axundov özü də sonralar Mir Cəfər Bağırovun qəzəbinə gəldi və 1937-ci ildə həbs edilərək 2 il sonra güllələndi.

 

"İstiqlal” mətbəəsi

 

Cəfər Cabbarlının və əqidə yoldaşlarının azadlığı uzun sürmədi. 1923-cü il oktyabrın 5-dən 6-na keçən kecə istiqlal fədailərinin böyük və fəal bir qrupu - 20 nəfər yenidən həbs edildi. Cəfər Cabbarlı da onların arasında idi. Bu dəfə gəncləri sol müsavatçıların gizli nəşri olan və 19 sayı işıq üzü görmüş "İstiqlal” qəzetinin mətbəəsinə görə həbs etmişdilər. Gizli mətbəə qonşulardan birinin milisə satqınlığı nəticəsində aşkar olunmuşdu. "İstiqlal” qəzeti üçün məqalələrin yazılmasında və materialların çapa hazırlanmasında Cəfər Cabbarlı fəal iştirak etmişdi. Amma istintaqçılar onunla söhbətdə ən çox Mirzə Bala Məmmədzadənin yerini öyrənmək istəyirdilər. Cəfər Cabbarlının onunla yaxın dost olduğunu bildiklərindən istədikləri məlumatları almaqdan ötrü ədibə sonsuz işgəncələr verir, onu soyuq payız günündə su dolu quyuya salırdılar. Amma bu sısqa vücuddakı dəmir iradəni qırmaq mümkün deyildi. Cəfər Cabbarlı iki həbs dövrünün heç birində dözülməz işgəncələrə rəğmən kiminsə əleyhinə ifadə verməmişdi. Mirzəbala Məmmədzadə yazırdı: "1923 Cəfərin həyatında mühüm bir yer tutur. İstila və vəhşət rejiminə qarşı gizli çalışan Cəfər bu il digər müsavatçı arkadaşları ilə yaxalanmış və çeka bodrumunda aylarca ən ağır işgəncələrə məruz tutulmuşdur”.

"Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabında göstərilirdi ki, arxiv sənədləri diqqətlə nəzərdən keçirildikcə həbsxana divarları arasında fiziki zorakılığa məruz qalan, qol-qabırğası sındırılan, lakin mənən sınmayan, mətanət və iradə nümayiş etdirən gənc ədibin ləyaqətinə və şəxsiyyətinə heyran qalmamaq mümkünsüzdür: "O, ən ağır və dözülməz şəraitdə dostlara və uğrunda mücadilə apardığı ideala xəyanəti təsəvvürünə gətirmək duyğusundan belə uzaq idi. Xüsusilə Mirzə Bala ilə bağlı suallar cavabsız qaldığı üçün Cabbarlıya qarşı intensiv "işgəncə kursu” oktyabrın 5-dən 13-dək davam etdirilmişdir”.

Onun ikinci həbsindən bir neçə gün sonra qəribə hadisə baş verdi. Cəfər Cabbarlı məhbəsdə ona verilmiş qəzetdə evinin qarət olunması xəbərini oxudu. Dörd divar arasında olan insana çatan bu xəbər dramaturqda ironik gülüş yaratdı. Onun əsas sərvətini - çoxsaylı əsərlərinin əlyazmalarını ÇK-nın əməkdaşları qarət edib aparmışdılar. Ailəsi ilə sadə bir həyat sürən gənc dramaturqun evində oğrunun əlinə keçən nəsə yox idi.

Azərbaycan ədəbiyyatında "Ana” kimi möhtəşəm şeir yaratmış ədibin həbsxanadakı əsas qayğısı anası Hacı Şahbikə xanımın ağır xəstəlik səbəbindən cərrahiyyə əməliyyatı keçirməsi idi. Onun həbsxanadan yazdığı məktublarında anasına əməliyyatqabağı ürək-dirək verilir. Sona xanımdan tez-tez anasının sağlıq durumunu soruşurdu.

 

Bir yanlışın naxışı

 

İkinci həbs müddəti oktyabrın 29-a qədər çəkdi. Onun həbsdən buraxılmasını sürətləndirən qəribə bir təsadüf repressiya illərində insan talelərinin səlahiyyət sahiblərinin əlində necə oyuncağa çevrildiyini göstərir. İstintaq orqanlarında necə qeyri-peşəkar adamların çalışdığını, istintaq proseslərinin qeyri-ciddi tərzdə aparıldığını təsdiqləyir. Cəfərin ad və soyadının ÇK sənədlərində səhvən "Djabar Zade Kafar” kimi yazılması onun həyatını xilas etmişdi. Belə ki, Gəncədən Mir Cəfər Bağırova məktub yazaraq üç ay əvvəl həbs olunub Bakıya gətirilmiş həyat yoldaşının istintaqının sürətləndirilməsini xahiş edən Dilbər Kafiyeva soyadlı bir şəxsin müsbət dərkənarlı ərizəsini istintaq orqanları "Djabar Zade Kafar”la səhv salırlar. Onun 791 saylı cinayət işi digər istiqlalçıların işindən ayrılır. İşə baxılması sürətləndirilir. Yekun qərarda Cəfər Cabbarlının ləğv edilmiş Müsavat partiyası ilə heç bir əlaqəsinin olmadığı göstərilir və o, oktyabrın 30-da azadlığa buraxılır.

Kamera yoldaşı olmuş Əbdül Vahab deyirdi ki, Cəfərin üzərində həbsxanada iki növ təzyiq vardı. Birincisi, onu siyasi fəaliyyətdən kənarlaşdırmaq, ikincisi isə, milli istiqlal məfkurəsindən uzaqlaşdıraraq sovet ədibi etmək qayəsi. Həbsxanadan buraxılsa da, bu ikinci təzyiq son gününə qədər davam etdi və axırda bu böyük dühanın vaxtsız ölümü ilə nəticələndi.

Cəmi 35 yaşında qırılmış işıqlı ömrün ən böyük təsəllisi isə əsrlərə sığmayan mənəvi irsidir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2019.- 27 sentyabr.-  S. 6.