Üzümçülük yenidən gəlir və şöhrət gətirir

 

Keçən əsrin 90-cı illərinin ikinci yarısından etibarən ölkəmizdə üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq dövlət tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Regionların sosial-iqtisadi inkişafına yönəldilən birinci, ikinciüçüncü dövlət proqramlarında da üzümçülüyün inkişafı üzrə tədbirlər nəzərdə tutulmuşdu.

Dövlət başçısının 25 avqust 2008-ci ildə təsdiq olunan "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ölkəmizdə ən gəlirli sahələrdən olan üzümçülüyün yenidən inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır. Buna müvafiq olaraq Prezidentin 15 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nda sahənin müasir vəziyyəti təhlil olunmuş, 2020-ci ilə qədər respublikada 50 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılmışdır. Sənəddə, eləcə də əhalinin təzə üzümlə təchizatının daha da dolğun ödənilməsi, müxtəlif qida məhsullarının və spirtsiz şirələrin istehsal edilməsinin məqsəd və vəzifələri, maliyyə mənbələri göstərilmişdir. "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda isə bu sahənin sənaye miqyasında inkişafının təmin edilməsi, dünya standartlarına uyğun şərab məhsullarının istehsalının strateji istiqamətləri müəyyənləşdirilmişdir.

Qəbul edilən dövlət proqramlarına uyğun olaraq, müasir bazar tələbləri səviyyəsində üzümçülükonun emal sənayesinin inkişafının təmin edilməsi üçün digər mühüm tədbirlərlə yanaşı, üzüm genofondunun tədqiqi və qorunub saxlanması məqsədilə müasir kolleksiya bağlarının yaradılması, yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, istehsalının artırılması, şərabçılıq sənayesinin müasir texnologiya əsasında yenidən qurulması, tingçilik təsərrüfatlarının yaradılması və bu istiqamətdə elmi-tədqiqat işlərinin dəstəklənməsi kimi mühüm işlər həyata keçirilir.

Dövlət proqramlarında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün daha çox üzüm becərilən coğrafi bölgələr üzrə üzümçülüyün elmi-praktiki zəmin üzərində inkişaf etdirilməsi məqsədilə fundamental elmi əsaslar yaradılır. Bu baxımdan rusingilis dillərində yazılan, həmçinin bütün dünya xalqlarının oxuyub başa düşməsi üçün ilk dəfə olaraq rəqəmsal qaydada Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatında qəbul edilmiş şifrə və kodlarla verilən "Azərbaycan ampeloqrafiyası”, "Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı və digər fundamental kitablar nümunədir. Bu əsərlər müasir tipli üzüm plantasiyalarının salınması, istehsal müəssisələrinin yaradılması üçün mühüm elmi-praktiki əhəmiyyət kəsb edir. Eyni zamanda respublikamızda kifayət qədər peşəkar üzümçü-aqronomlar, müasir texnologiyanı idarə edə bilən şərabçı-mühəndis kadrların olması sahənin inkişaf etdirilməsinə əlverişli şərait yaradır.

Azərbaycanda üzümçülük şərəfli inkişaf yolu keçmişdir. Keçən əsrin 70-80-ci illərində burada genişmiqyaslı üzüm plantasiyaları salınmış və 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektara çatdırılmış, hər hektardan məhsuldarlıq ən yüksək həddə - 99,2 sentnerə yüksəlmişdir.

Üzümçülük aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzümçülük yeni yaradılan yerlərinin sayına və ümumi məhsul buraxılışına görə də yüksək göstəriciyə malik sahələrdəndir. Ona görə də üzüm istehsalı ildən-ilə artırılır. Bir hektar üzüm bağından əldə olunan maddi gəlir müvafiq olaraq pambıq sahəsindən 2,7, dənli-paxlalı bitkilərdən 3,9, tərəvəz bitkilərindən 1,5, bostan bitkilərindən 7,5, meyvə bağlarından isə 2,6 dəfə yüksəkdir. Üzümçülük kənd təsərrüfatı istehsalının çox xərc tələb edən sahəsi olmasına baxmayaraq, hər hektar sahədən əldə edilən məhsula görə ən yüksək göstəriciyə malikdir.

Müasir dövrdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə xüsusi əhəmiyyət verilir. Bu istiqamətdə bölgələrdə üzümçülüyün genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkənin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, daxili bazarın süfrə üzümünə olan tələbatı, emal sənayesi müəssisələrinin yerli xammala ehtiyacı, regionda geniş ixrac bazarlarının mövcudluğu üzümçülüyün genişləndirilməsini zəruri etmişdir. Son dövrlər respublikamızda bu istiqamətdə dövlət proqramlarına uyğun mühüm tədbirlər həyata keçirilir. Gəncə-Qazax, Şamaxı, Cəlilabad, Naxçıvan, Abşeronbaşqa bölgələrdə müasir tipli üzüm plantasiyaları salınır və şərab emalı müəssisələri yaradılır.

Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında əkinəyararsız ərazilərdə yeni üzümlüklərin salınması təqdirəlayiqdir. Məlum olduğu kimi, 30 ilə yaxındır muxtar respublika Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi səbəbindən blokada vəziyyətindədir. Dəmir yolunun işləməməsi muxtar respublikanın iqtisadiyyatına ağır zərbə vurmuşdur. Buna baxmayaraq, əhalinin ərzaq məhsulları ilə normal təminatı üçün maksimum səylər göstərilir. Son dövrlər ərazidə üzümçülüyün də genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan Nehrəm kənd inzibati ərazisinin şərq hissəsində indiyə qədər istifadəsiz qalan təpəliklərin şumlanaraq əkinəyararlı hala gətirilməsi nəticəsində 180 hektardan çox müasir tipli üzüm plantasiyalarının salınması dövlət proqramlarının icrasına ən layiqli töhfədir. Yeni salınan üzüm bağlarında əkilən "Red-Qlob”, "Viktoriya”, "Kardinal”, "Sultaniyə” və başqa calaqüstü üzərindəki sortlar əsasən xaricdən gətirilmişdir. Üzümlükdə tənəklərin müasir tipli damcı üsulu ilə suvarılması şəbəkəsi yaradılmış və avtomatlaşdırılmışdır.

Üzüm sortlarının zəngin genofondu təbiətin xalqımıza bəxş etdiyi maddi sərvətlərdəndir. Tarixi inkişaf prosesində ölkəmizin ərazisində üzüm bitkisinin zəngin sort müxtəlifliyi formalaşmışdır. İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi çərçivəsində qeyri neft-qaz sektorunun, o cümlədən aqrar sahənin dinamik inkişafının ölkənin əsas iqtisadi prioritetlərindən olduğu bir vaxtda bu, mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də üzüm genofondunun öyrənilməsi, üzümçülüyün yenidən inkişaf etdirilməsi, sortların iqtisadi səmərəliliyinin yüksəldilməsi, əhalinin təzə üzümondan hazırlanan müxtəlif ərzaqlarla etibarlı təminatı, bu sahədə sənaye istehsalının yüksəldilməsi, ixracyönümlü məhsulların artırılması işləri həyata keçirilir. Ölkəmizdə bölgələr üzrə üzümçülüyün genişləndirilməsi üçün kişmişi, süfrə, universaltexniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, regionların torpaqiqlim şəraitinə uyğun yeni üzüm plantasiyalarının salınması, tingçilik təsərrüfatlarının yaradılması genişləndirilir. Fermerlər üçün bağsalma işlərində istifadə olunan əsas və köməkçi materialların istehsalının təminatı istiqamətində təşkilati işlər də vüsət alır. Üzümçülük və şərabçılığın infrastruktur təminatının yaxşılaşdırılması, elmi kadr potensialının gücləndirilməsi, üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi, emal müəssisələrinin fəaliyyətinin bərpası və yeni müəssisələrin yaradılması sürətlə həyata keçirilməkdədir. Həmçinin üzüm məhsullarının satışının, eləcə də üzümün və şərabçılıq məhsullarının ixracının stimullaşdırılması, ayrı-ayrı mövsümlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi üçün soyuducuanbar şəbəkələrinin yaradılması, daxili bazarın ədalətsiz rəqabətdən qorunması, dünya standartlarına uyğun spirtli içki məhsullarının istehsalının təşkili yüksəldilir. Eyni zamanda qurudulmuş mövüc, kişmiş, həmçinin sirkə, müxtəlif şirələrin, mürəbbələrin, spirtsiz içkilərin yüksək keyfiyyətlə sənaye miqyasında istehsalının təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.

Müasir dövrdə üzümçülüyün yenidən genişləndirilməsində ayrı-ayrı sortlardan ibarət üzüm plantasiyalarının salınması yüksək keyfiyyətli məhsulun əldə olunmasına zəmin yaradır. Ölkədə üzüm istehsalı üçün əlverişli torpaq-iqlim şəraiti, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o cümlədən kişmişi) və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksək keyfiyyətli ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm emalı məhsullarına olan yüksək tələbat bu sahənin daha da inkişaf etdirilməsi zərurətini aktuallaşdırmışdır.

Azərbaycanda əhalinin kişmişi və süfrə üzümü məhsulları ilə təchizatında yerli sortlardan istifadə olunması daha məqsədəuyğundur. Çünki yerli əhalinin orqanizmi bu sortların biokimyəvi tərkibinə daha çox uyğunlaşmışdır və ona görə də torpağımızda yetişən üzüm sağlamlıq üçün daha faydalıdır. Təəssüf hissi ilə demək lazımdır ki, üzümçülüklə məşğul olan ayrı-ayrı şirkətlər yeni üzüm plantasiyalarının salınmasında xaricdən gətirilən sortlara üstünlük verirlər. Naxçıvanın üzüm genofondunda çox qiymətli süfrə, texniki sortlar mövcud olduğu halda Nehrəm kəndi ərazisində salınan yeni müasir tipli üzüm bağında xaricdən gətirilən, introduksiya sınağından keçməyən "Red-Qlob”, "Viktoriya”, "Kardinal”, "Sultaniyə” və başqa calaqüstü üzərindəki sortlardan istifadə olunmuşdur. Şamaxıdakı "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisindəki üzüm plantasiyasında və digər şirkətlərdə də belə əkin qaydasına üstünlük verilir. Bilmək lazımdır ki, bu kimi sortlardan istehsal olunan spirtsizspirtli üzüm məhsulları ancaq malik olduqları ölkələrdəki torpaq-iqlim şəraitində yüksək kəmiyyət və keyfiyyət göstəriciləri ilə səciyyələnir. Azərbaycanın üzümçülük bölgələrində ekoloji şərait fərqli olduğundan əkilən belə sortlardan istehsal edilən məhsullar yerli sortlara nisbətən adətən aşağı keyfiyyət göstəricilərinə malik olacaq.

Yeni üzüm plantasiyalarının salınmasında Azərbaycanın üzüm genofondundan məqsədyönlü və səmərəli istifadə olunmalıdır. Ancaq bu yolla beynəlxalq üzüm və şərab məhsulları sərgilərində, festivallarda layiqli yer tuta bilərik. Genofondda cəlbedici əmtəə görünüşü, özünəməxsus keyfiyyəti, dadı və yüksək iqtisadi səmərəliliyi ilə dünyada məşhur olan 16-dan çox kişmişi, 70-dən çox süfrə üzümü sortları var. Üzüm genofondunda yüksək keyfiyyətli, dünya standartlarına tam cavab verən "Hənəqırna”, " aldərə”, "Mələyi”, "Şamaxı mərəndisi”, "Həməşərə”, "Mədrəsə”, "Bayanşirə”, "Mərəndi”, "Naxçıvan” qara üzümü və şərabçılıq sənayesi üçün çox perspektivli olan 100-dən çox başqa texniki sortlar mövcuddur. Belə üzüm sortları biokimyəvi tərkibinə görə də xaricdən gətirilən sortlardan çox keyfiyyətlidir. Yetişmə müddətlərinə görə yeddi qrupa bölünən və müxtəlif aqrobioloji xüsusiyyətləri ilə səciyyələnən belə kişmişi və süfrə sortlarından ibarət müasir tipli üzüm plantasiyalarının Naxçıvan, Qazax-Gəncə, Şamaxı, Lənkəran, Mil-Qarabağ, xüsusilə Abşeron bölgələrində salınması respublika əhalisinin ekoloji baxımdan təmiz, yüksək keyfiyyətli yerli üzüm məhsulları ilə təmin olunmasında çox mühüm əhəmiyyət kəsb edər. Həmçinin bu sortların sənaye miqyasında əkilməsi yüksək keyfiyyətli ixracyönümlü üzüm məhsullarının istehsalının artırılmasında mühüm rol oynayar. Azərbaycan ərazisi qurudulmuş kişmiş və müxtəlif çeşidli üzüm şirələrinin, doşab, abqora, mövüc, sirkə və başqa məhsulların istehsalı üçün olduqca əlverişli torpaq-iqlim şəraitinə malikdir. Ölkədə üzümdən spirtsizspirtli üzüm məhsullarının istehsalının təşkili, artırılması və müasir texnologiya əsasında genişləndirilməsi valyuta gəlirlərinin artırılması üçün çox perspektivlidir. Müasir dövrdə dünya miqyasında süfrə üzümünə, ondan hazırlanan müxtəlif çeşidli qurudulmuş məhsullara, şirələrə, ayrı-ayrı şərablara, xüsusilə qırmızı şərablara, ampeloterapiv müalicə vasitələrinə tələbat ildən-ilə artmaqdadır. İndiki dövrdə Azərbaycan dövlətinin özünün milli resurslarından istifadə etməklə ixracyönümlü üzüm məhsullarının istehsalının yüksəldilməsi hesabına ölkəyə xarici valyuta axınının artırılması imkanları çox genişdir.

Bir sözlə, üzümçülüyün inkişafı üzrə müvafiq dövlət proqramları əsasında görülən genişmiqyaslı işlər yüksək keyfiyyətli məhsulların istehsalının artırılmasına, onların satışından əldə olunan gəlirin dövlət büdcəsinə axınının sürətlənməsinə, kənd əhalisinin işlə təmin olunmasına, insanların maddi rifah halının daha da yaxşılaşmasına xidmət edir.

 

Varis QULİYEV,

 

aqrar elmləri doktoru

 

Azərbaycan.- 2019.- 29 sentyabr.-  S. 1; 8.