26 səfər,
94 yeni obyektin açılışı
Regionların
sosial-iqtisadi inkişafı 2018-ci ildə də Prezident
İlham Əliyevin fəaliyyət prioritetlərindən olub
2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək "...əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların problemləri ilə məşğul olacağam” vədini verən və sözünün arxasında duran İlham Əliyevin 16 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər Azərbaycanın bölgələrinin simasını büsbütün dəyişib gözəlləşdirdi, desək, yanılmarıq.
Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 16 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənərək ona ən güclü dayaq olub.
Regionların
davamlı və tarazlı inkişafı
Təbii ki, son 16 ildə müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri ölkənin regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Regionların inkişafına dair 3 dövlət proqramının uğurla icrası ölkəmizin bütün bölgələrinin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.
Dövlət başçısının mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarına səfərlər etməsi və görülən işlərlə şəxsən maraqlanması, tapşırıqlar verməsi, əhali ilə səmimi söhbətlər etməsi deyilənləri bir daha təsdiqləyir.
Ötən ilin statistikasına nəzər yetirsək görərik ki, il ərzində dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna səfərlər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib, eləcə də aqrar sektorun inkişafına dair müşavirələr keçirib.
Beləliklə, ötən il dövlət başçısı Qusar (30 yanvar), Mingəçevir (27 fevral), Bərdə (25 mart), Xaçmaz (4 may), Xızı (4 may,11 oktyabr), Naxçıvan Muxtar Respublikası (16 may), Goranboy və Naftalan (5 iyun), Sumqayıt (18 iyul, 16 noyabr, 27 dekabr), Şamaxı, İsmayıllı (25 avqust), Biləsuvar, Masallı (18 sentyabr), Quba (11 oktyabr), Lənkəran, Astara, Lerik (15 oktyabr), İmişli (22 oktyabr), Qax, Şəki (28-29 oktyabr), Ağdam, Ağcabədi (5 noyabr) və Abşerona (24 dekabr), ümumilikdə 23 rayon və şəhərə 26 dəfə səfər edib, 94 yeni sosial-iqtisadi infrastrukturun açılışını edib.
2018-ci ildə
bölgələrdə ərsəyə gələn
mühüm iqtisadi layihələr
Hər il olduğu kimi, 2018-ci ildə də regionların sosial-iqtisadi inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasını təmin edən müəssisələr, zavodlar, fabriklər və digər obyektlər fəaliyyətə başlayıb.
Dövlət başçısı yeni müəssisələrin işə düşməsi, istismara verilməsi mərasimlərində iştirak edərək öz xeyir-duasını verib.
Ötən il Prezidentin iştirakı ilə Masallı Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Şamaxıda "Şirvan şərabları” MMC-nin şərab zavodu, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, həmçinin İnşaat Kimyəviləri Zavodu, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu və "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, "Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və "Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filiallarının açılış mərasimləri keçirilib.
Göründüyü kimi, ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri, zavod və fabriklərin yaradılması prosesi uğurla davam etdirilir. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var.
Bir il ərzində
reallaşan sosial infrastrukturlar
Azərbaycanda həyata keçirilən
sosialyönümlü siyasət və Prezident İlham
Əliyevin çevik iqtisadi islahatları nəticəsində
əldə olunan nailiyyətlər ölkəmizdə sosial
dövlət modelinin uğurla
reallaşdırılmasının fundamental əsaslarını
formalaşdırıb. Bunun nəticəsidir ki, Azərbaycanda
sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında
keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial
xərclərin artımının
balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində
saxlanılması vətəndaşların yaşayış
səviyyəsinin daha da yüksəldilməsini təmin etməkdədir.
Prezident
keçən il Mingəçevir,
İmişli və Şəkidə "ASAN Həyat” komplekslərinin
açılışlarını edib. Həmçinin
"ABAD” publik hüquqi şəxsin Qubadakı "ABAD
Factory” İstehsalat Kompleksinin, Şəkidəki "ABAD”
Keramika və Tətbiqi Sənət Mərkəzinin
açılış mərasimlərində olub.
Dövlət
başçısının iştirakı ilə ötən
il həmçinin Naftalan və Quba şəhər mərkəzi
xəstəxanaları, Lənkərandakı İstisu
Sağlamlıq Mərkəzi, Sumqayıt Dəmir Yolu
Vağzalı Kompleksi, Qaxda "Yurd Hotel” mehmanxanası, Lənkəran
Olimpiya İdman Kompleksi və Naxçıvan Müəllimlər
İnstitutunun açılışları olub.
Bundan başqa, İlham Əliyev Şəki Heydər
Əliyev Mərkəzinin, Goranboyda, Lerikdə, İmişlidə,
Şəkidə bayraq muzeylərinin
açılışlarında iştirak edib.
Ölkəmizdə bütün sahələrdə, o
cümlədən sosial sahədə uğurlu dövlət
siyasəti həyata keçirilir. Məhz bu səbəbdən
də reallaşdırılan siyasət, aparılan islahatlar
öz müsbət nəticələrini göstərir.
Həqiqətən də, dövlətimizin
sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli
yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli
dərəcədə aşağı düşüb.
Son illər yüz minlərlə yeni iş yeri
açılıb ki, bu da işsizliyin aradan
qaldırılmasında müstəsna rol oynayır.
Geniş vüsət alan
yol tikintisi
Son illərdə daha çox diqqət yetirilən sahələrdən
biri də yol infrastrukturudur. Ölkəmizdə yol
tikintisi geniş vüsət alıb. Dövlət
İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı
təmir olunması nəzərdə tutulub. O cümlədən,
magistral yolların salınması, onların ən yüksək
standartlara çatdırılması prosesi də uğurla həyata
keçirilir.
2018-ci ildə cənab İlham Əliyev şəxsən
bu layihələrlə yerində maraqlanıb və yeni
salınan, əsaslı şəkildə yenidən qurulan
yolların açılış mərasimlərində olub. Dövlət
başçısının əksər regionlara səfər
proqramlarına yeni yolların açılış mərasimi
daxil edilib.
Ötən il
ölkədə yeni inşa olunan, əsaslı şəkildə
qurulan yollara nəzər yetirək:
Prezident
İlham Əliyev keçən il - Mingəçevir-Bəhrəmtəpə
avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan
26 kilometrlik Aran-Qarağacı hissəsi, İmişlidə
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112
kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsi, həmçinin
İmişli-Otuziki-Qaraqaşlı, Bərdədə Yeni
Daşkənd-Umudalılar, Xaçmazda Gəndob-Xaçmaz-Yalama-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun
24-48 kilometrlik hissəsini təşkil edən
Xaçmaz-Xudat, eləcə də
Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı
yolunun, başlanğıcını Giləzi-Xızı
yolunun 34-cü kilometrliyindən götürən və əsaslı
şəkildə yenidən qurulan Fındığan kəndinədək
olan yolun, Goranboyda Dəliməmmədli - Quşçular -
Faxralı - Qurbanzadə - Alpout, eləcə də Dəliməmmədli-Muzdurlar-Qırıqlıb,
Şamaxıda Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan,
Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci
kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk,
Dəmirçi-Lahıc avtomobil yollarının, Qubada
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq,
Biləsuvarda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad
yolunun, Masallıda Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci
Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı
yollarının, Lənkəranda Hirkan-Daştatük-Biləsər
yolunun, Lerikdə Piran-Hamarat-Vijaker, Qax rayonunda
Qax-Qıpçaq-Ağyazı, Şəki şəhərində
Şəki-Kiş, Ağdamda Quzanlı-İmamqulubəyli-Orta
Qərvənd-Xındırıstan avtomobil yollarının
açılış mərasimlərində iştirak edib.
Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat
dəhlizlərinin keçdiyi məkan kimi Azərbaycan da
tarixi İpək yolunun bərpası prosesində öz üzərinə
düşən vəzifəni uğurla
reallaşdırır. Ötən il bu istiqamətdə
daha bir layihə gerçəkliyə çevrilib. Ələt-Astara-İran İslam Respublikası ilə
dövlət sərhədi avtomobil yolu istifadəyə verilib.
Cənab İlham Əliyevin iştirakı ilə
keçirilən açılış mərasimində qeyd
edilib ki, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci
texniki dərəcəyə aiddir. Hərəkət
hissəsinin eni 15 metr, hərəkət zolaqlarının
sayı 4 olan bu yol müasir səviyyədə və
bütün tələblərə uyğun inşa olunub.
Xatırladaq ki, indi "köhnə yol”
adlandırılan mövcud Ələt-Astara-İran İslam
Respublikası ilə dövlət sərhədi avtomobil yolunun
ümumi uzunluğu 243 kilometr idi. Yeni yolun
istifadəyə verilməsi ilə Bakıdan Astaraya gedən
yol təxminən 40 kilometr qısalır.
Aqrar sektor yeni inkişaf mərhələsində
Regionların
inkişafını özündə ehtiva edən
proqramların vaxtında və yüksək səviyyədə
icra olunması Azərbaycanın ümumi iqtisadi
gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin
fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin
yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin
artırılmasına, regionların inkişafı
üçün zəruri infrastrukturun yaradılmasına,
aqrar sektorda islahatların sürətləndirilməsinə
yol açıb.
Bundan
başqa, dövlət proqramlarında investorların regionlara
cəlb olunması üçün əlverişli şəraitin
yaradılması, yeni iş yerlərinin açılması, əhalinin
kommunal xidmətlərlə təminatının
yaxşılaşdırılması regionların
sosial-iqtisadi inkişafında həlledici dönüş
yaradıb. Dövlətin inkişafı və zənginləşməsi
son nəticədə vətəndaşların yaxşı
yaşamasına, onların sosial tərəqqisinə səbəb
olur.
Ötən
il dövlət
başçısının regionlara səfərləri
zamanı keçirdiyi görüşlər, müşavirələr
və yeni açılan aqro müəssisələr bir daha
bu sahənin yeni inkişaf mərhələsində
olduğunu göstərir.
Prezident
İlham Əliyev 2016-cı ildə Sabirabadda, 2017-ci ildə
Saatlıda, ötən il isə Bərdədə
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirəsi keçirib. Bu
müşavirələrdə verilən tapşırıqlar
həqiqətən, "ağ qızıl”ın şöhrətini
özünə qaytardı desək, yanılmarıq. Çünki dövlət
başçısının müşavirələrdə
verdiyi tapşırıqların yerinə yetirilməsi ilə
Azərbaycanda pambıqçılıq yenidən inkişafa
başladı.
Müşavirədə bu sahədə görülən
işlər nəzərdən keçirildi və
tapşırıqlar verildi. Dövlət başçısı
bildirdi ki, keçən il əldə
edilmiş nəticələrin müsbət və mənfi tərəfləri
bu il ciddi təhlil olunacaq.
Noyabrın
5-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində
Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olan dövlət
başçısı pambıqçılığın
daha da genişləndiriləcəyini və bunun ölkəmizə
böyük töhfə verəcəyini bir daha
vurğuladı.
Onu da qeyd
edək ki, keçən il bölgələrdə
aqrar sektorun inkişafına töhfə verəcək
çoxlu sayda yeni müəssisələr fəaliyyətə
başlayıb. Dövlət başçısının
iştirakı ilə ötən il Goranboyda "Region Aqropark”ın,
Şamaxıda "Buta Qrup” MMC tərəfindən
yaradılan aqroparkın, "AZZA AGRO” MMC-nin müasir
heyvandarlıq kompleksinin, Kənd Təsərrüfatı
Nazirliyinin Qubadakı Meyvəçilik və
Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Kənd
Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət
Aqrar İnkişaf Mərkəzinin və Qida Təhlükəsizliyi
Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran
Regional Sınaq Laboratoriyasının, Qax Damazlıq İpəkçilik
Stansiyasının, "Ulu Aqro” MMC-nin Qax Aqroparkının, Kənd
Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat
İnstitutunun tabeliyindəki "Qarabağ
Atçılıq Təsərrüfatı” MMC-nin
Ağdamdakı Qarabağ Atçılıq Kompleksinin
açılış mırasimləri olub.
Əlbəttə ki, bütün bunlar aqrar sektora
göstərilən diqqət və qayğının təzahürüdür. Ötən il
görülən işlər, yeni fəaliyyətə
başlayan müəssisələr onu deməyə əsas
verir ki, bu il aqrar sektorda mühüm nailiyyətlər əldə
olunacaq.
Məcburi köçkünlərə
dövlət qayğısı - 102-ci şəhərcik
Cənab İlham Əliyevin Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması istiqamətində
həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması üçün
görülən işlər bu kateqoriyadan olan
soydaşlarımızın hər zaman diqqət və
qayğı ilə əhatə olunduğunu göstərir.
Qaçqın və məcburi köçkünlərin
müvəqqəti yaşayış yerləri və
çadırlardan müasir tələblər səviyyəsində
inşa edilən qəsəbələrə
köçürülməsi dövlətin bu insanlara
göstərdiyi diqqətin təzahürüdür. İndiyə
qədər bu kateqoriyadan olan insanların maddi rifahının
yaxşılaşdırılması üçün dövlət
proqramları qəbul edilib, sosial müavinətlərin
artırılması istiqamətində mühüm tədbirlər
görülüb.
Ötən
il dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi
köçkün ailəsi, 3 gündən sonra dekabrın
27-də isə Sumqayıt şəhərində 1005 ailə
üçün salınmış yeni yaşayış
komplekslərinin istifadəyə veriliməsi də bu siyasətin
tərkib hissəsidir.
İlk məhəllənin salınması
üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə
1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli
olan 7 mərtəbəli yaşayış binası inşa
olunub. Məktəb və uşaq
bağçasının daxil olduğu yeni yaşayış
kompleksində digər zəruri infrastruktur obyektləri -
klub-icma mərkəzi, həkim məntəqəsi, ATS
binası tikilib, istirahət parkı salınıb, uşaq
meydançaları yaradılıb. Ərazidə
geniş abadlıq və yaşıllaşdırma işləri
görülüb.
Ərazisi
4 hektar olan ikinci kompleksdə isə ümumilikdə 12 bina, o
cümlədən səkkizmərtəbəli 8, 15 mərtəbəli
4 bina var. Kompleksdə məktəb, uşaq
bağçası, mərasim evi, polis məntəqəsi və
digər zəruri infrastruktur obyektləri inşa edilib.
Mənzillərin hamısı tam təmirlidir və mətbəx
mebeli, qaz sobası ilə təchiz olunub. Kompleksdəki
1005 mənzilin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə
üçotaqlı və dördotaqlıdır. Layihənin
icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən
21 saylı məktəbə əlavə olaraq dördmərtəbəli
yeni korpus inşa edilib, məktəbin mövcud
binasının fasadı, dam örtüyü tamamilə yenilənib.
Bu yaşayış kompleksi ölkə üzrə məcburi
köçkünlər üçün salınan sayca 102-ci
şəhərcikdir və bütün bunlar sübut edir ki,
Prezident İlham Əliyev qaçqınların və məcburi
köçkünlərin problemlərinin həllinə
xüsusi qayğı ilə yanaşır, bu məsələni
daim diqqət mərkəzində saxlayır.
Meliorasiya və enerji təminatında
əldə edilən uğurlar
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
son illərdə meliorasiya və irriqasiya, həmçinin əhalinin
enerji təminatı sahəsində böyük uğurlar əldə
olunub. Bu
çərçivədə 2003-cü ildən geniş
vüsət alan yenidənqurma tədbirləri
bu sahələrin müasir səviyyəyə
çatmasına imkan yaradıb.
Son illərdə həyata keçirilən mühüm
layihələrdən biri də dövlət
başçısının iştirakı ilə
İmişlidə istifadəyə verilən Araz
çayının yeni qol-kanalıdır. Bu layihənin
icrası qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin
inkişafına sanballı töhfələr verəcək,
yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının
və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə
təminatında böyük rol oynayacaq. Araz
çayının yeni qol-kanalının istifadəyə
verilməsi bu istiqamətdə həyata keçirilən
növbəti uğurlu və tarixi layihədir.
Bununla
yanaşı, ötən il bir çox
şəhər və rayonda içməli su təchizatı,
eləcə də kanalizasiya sistemi, suvarma kanalları inşa
edilib və yaxud yenidən qurularaq istismara verilib. Dövlət başçısı bölgələrə
səfərləri zamanı bu obyektlərin
açılış mərasimlərində də iştirak
edib, xeyir-duasını verib.
Bunların
sırasında Naxçıvan Muxtar Respublikasında
Naxçıvan Şəhər Təmizləyici Qurğular
Kompleksini, Mingəçevir Su Elektrik Stansiyasının əsaslı
yenidənqurma işlərini, həmçinin NMR-in Şərur
şəhər və ətraf kəndlərinin, Xızı,
Astara, Lerik, Xaçmaz, Mingəçevir şəhərlərinin
və Altıağac qəsəbəsinin içməli su təchizatı,
kanalizasiya şəbəkəsinin yaradılması layihələrinin
yekunlaşmasını, Şəmkir-Samux-Goranboy magistral
suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə
kəsişmə qurğusunun və ondan sonrakı hissəsinin
açılışlarını göstərmək olar.
Əhalinin
enerji təminatına gəlincə isə deyə bilərik
ki, ötən il bu sahədə də bir
sıra mühüm layihələr gerçəkləşib.
Dövlət başçısı və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın iştirakı ilə dəniz
səviyyəsindən 1500 metr hündürlükdə yerləşən,
Babadağ və Niyaldağ silsilələri ilə əhatə
olunan İsmayıllının Lahıc qəsəbəsinə
qaz verilməsi mərasimi ötən ilin ən yaddaqalan hadisələrindəndir.
Bununla
yanaşı, İmişli və Mingəçevir şəhərlərinin
elektrik paylayıcı şəbəkəsinin avtomatik idarəetmə
və nəzarət mərkəzləri, Goranboyda "Dəliməmmədli”
yarımstansiyası, Xızı rayonunun Yeni Yaşma və
Şurabad qəsəbələrinin ərazisindəki
"Yeni Yaşma” Külək Elektrik Parkı,
İsmayıllıda "İsmayıllı”, Lənkəranda
"Lənkəran-2” yarımstansiyaları, Astarada
gücü 16,5 MVt olan elektrik stansiyası istismara verilib. Dövlət başçısı bütün bu
obyektlərin açılışında iştirak edərək,
növbəti illərdə də digər şəhər və
rayonlarda icra olunacaq bu cür layihələrlə bağlı
ətraflı məlumat verib.
Yeni ümumtəhsil və mədəniyyət
mərkəzləri
Bu, bir həqiqətdir ki, Heydər Əliyev Fondunun dəstəyi
ilə son illərdə ölkəmizdə yüzlərlə
ümumtəhsil obyektləri inşa olunub və ya yenidən
qurularaq istismara verilib. Bu da ki, əlbəttə, ölkənin təhsil
sisteminə öz müsbət təsirini göstərib.
Bununla yanaşı, Heydər Əliyev Fondu ölkəmizdəki
mədəni abidələrin qorunub saxlanılması istiqamətində
də ciddi işlər görür. Fond ötən il
də öz ənənəsinə sadiq qalaraq bir sıra layihələri
gerçəkləşdirib. Nəzər salaq:
Şamaxıda Dəmirçi Arxeologiya Muzeyi, Ağdamda
Muğam Mərkəzi, əsaslı şəkildə yenidən
qurulan Bərdə türbəsi və Torpaqqala kompleksində
yaradılan şərait.
Həmçinin
100 yerlik Lerik şəhər 2 saylı körpələr
evi-uşaq bağçası, Qubada 100 yerlik "Günəş”
körpələr evi-uşaq bağçası, 132 şagird
yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbi,
İsmayıllı rayonunun Lahıc qəsəbəsində
yeni inşa olunan tam orta məktəb binaları,
İmişlidə 100 yerlik körpələr evi-uşaq
bağçası, Şəkidə qarışıq tipli
uşaq evi üçün inşa olunan yeni bina.
Qeyd edək ki, adları çəkilən mərkəzlərin,
muzeylərin, məktəblərin, uşaq
bağçalarının açılışlarında
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva
iştirak edərək yerinə yetirilən
tapşırıqların icrası ilə yaxından
maraqlanıblar.
Cəbhə bölgəsinə səfər,
yeni hərbi obyektlərin açılışı
Prezidentlik
fəaliyyətinin bütün dövründə cəbhə
bölgəsinin sakinlərinə hər zaman xüsusi diqqət,
himayədarlıq göstərən İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyeva ötən il
Qarabağa səfər etdilər. Noyabrın 5-də
Ağdam rayonuna edilən səfər bir neçə məqamlarla
əlamətdar oldu.
Bu səfərlə Qarabağa yeni nəfəs gətirən
İlham Əliyev böyük qayıdışa inamı daha
da möhkəmləndirdi. Ağdam isə
dövlət başçısına möhtəşəm dəstəyini,
birmənalı bağlılığını, Mehriban
xanım Əliyevaya güclü etimadını yenə də
nümayiş etdirdi.
Səfər bir daha ağdamlıların həyatında,
xatirələrində silinməz izlər qoydu. Çünki
İlham Əliyevin illərdir cəbhəboyu ərazidə
çəkinmədən düşmənlə üz-üzə
dayanan rayona ardıcıl səfərləri bütün
ağdamlılar tərəfindən onlara böyük himayədarlığın,
diqqət və qayğının bariz təcəssümü
kimi dəyərləndirilir.
Onu da qeyd
edək ki, dövlət başçısı ötən il regionlara səfərləri çərçivəsində
həm də Azərbaycan Ordusunun hər zaman yenilənən
maddi-texniki bazası ilə tanış olub və hərbçilərlə
görüşlər keçirib.
Naftalan
şəhərində Müdafiə Nazirliyinin "N”
saylı hərbi hissəsi üçün inşa edilmiş
hərbi şəhərcikdə yaradılan şəraitlə
tanış olan Ali Baş Komandan həmçinin
Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər
Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev
adına Sərhəd Dəstəsində və Əlahiddə
Ümumqoşun Ordusunun "N” saylı hərbi hissəsində
yaradılan şəraitlə maraqlanıb.
Hərbi hissələrlə tanışlıq, yeni hərbi
obyektlərin açılışı Azərbaycan hərbçilərinin
hər zaman Ali Baş Komandanın diqqət və
qayğısı ilə əhatə olunduqlarını bir
daha təsdiqləyir. Həmçinin Azərbaycan hərbçisinin
döyüş, qələbə əzmini daha da gücləndirir.
Düşünülmüş siyasət,
davamlı yüksəliş
Uğurla icra edilən dövlət proqramları ölkəmizin
inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın
sosial rifahının yüksəlişində də əsaslı
yer tutur. Hər
kəsə bəllidir ki, həyata keçirilən dövlət
proqramları regionlarda sahibkarlıq fəaliyyətinin
genişlənməsində, yeni müəssisələrin və
iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin
həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsində, əhalinin rifah halının
daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin
aşağı düşməsində müstəsna rol
oynayır.
Əminliklə
deyə bilərik ki, ötən il
olduğu kimi bu il də Azərbaycanın hər bir şəhərində,
rayonunda, qəsəbə və kəndində
quruculuq-abadlıq işləri davam edəcək. Yeni qəbul olunan dövlət proqramına uyğun
olaraq regionların inkişafı istiqamətində
mühüm işlər görüləcək.
Bütün
bunlar bir daha təsdiqləyir ki, vətəndaşlarla
birbaşa təmaslara üstünlük verən, özünəməxsus
təmkin və həssaslıqla onların problemlərini dinləyən
və dərhal həlli üçün qəti
tapşırıqlar verən Prezident İlham Əliyevin bu
addımları ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilir, xalqın Prezidentinə olan
inamını, etimadını daha da artırır. Çünki hər kəs şahiddir ki, Azərbaycan
Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və
dövlətə layiqli xidmət prinsipi üzərində
qurulub.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 5 yanvar.- S. 1; 2-3.