Yeni əsrin müqaviləsi”ni “Mərkəzi Şərqi Azəri” layihəsi gerçəkləşdirəcək

 

"Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin əvvəlki tərəfdaşları ilə razılaşdırılmış şərtlər əsasında yeni müqavilənin imzalanmasından il yarım keçir. "Yeni əsrin müqaviləsi” adını almış bu sazişin gerçəkləşdirilməsi istiqamətində artıq müəyyən işlər görülübuğurlar əldə olunub. 2018-ci il yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

2050-ci ilədək isə beynəlxalq tərəfdaşlar ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Bu müddətdə AÇG yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur.

"Yeni əsrin müqaviləsi”ni həyata keçirmək üçün "Mərkəzi Şərqi Azəri” (MŞA) layihəsi gerçəkləşdirilməyə başlayıb. Layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədləri hazırlanıb. Əvvəlki layihələrin ƏMSSTQ sənədlərində olduğu kimi, burada da Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühit (SƏTTƏM) siyasəti əsas götürülüb.

MŞA çərçivəsində hasilata başlamaq istiqamətində quruda və dənizdə genişmiqyaslı işlərin görülməsi planlaşdırılıb. Belə ki, AÇG müqavilə sahəsində daha bir hasilat, qazma və yaşayış platforması quraşdıracaq. O, Xəzərdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformaları arasında mərkəzi nöqtədə yerləşəcəyindən "Mərkəzi Şərqi Azəri” adlanacaq.

MŞA platformasından karbohidrogenlər "Dərinsulu Günəşli”nin neftqaz ixracı borularına yataqdaxili xətlərlə köçürüləcək. Hasil edilən neft AÇG-nin digər platformalarında olduğu kimi, Səngəçal terminalına çatdırılacaq və burada ixrac üçün lazım olan səviyyədə emal ediləcək. Çıxarılan qazın bir hissəsi platformada yanacaq kimi istifadə olunacaq, qalanı yataqdaxili xətlərlə "Mərkəzi Azəri”yə, oradan AÇG-nin mövcud ixrac borularına ötürüləcək.

Xatırladaq ki, AÇG-dən hasilat İlkin Neft Layihəsi çərçivəsində "Çıraq” platformasından 1997-ci ilin noyabr ayında əldə olunub. Növbəti iki mərhələdə "Mərkəzi Azəri”, "Qərbi Azəri " və "Şərqi Azəri” qurğuları istismara verilib. Üçüncü fazada "Dərinsulu Günəşli” işlənib. AÇG-də hələlik ən gənc platforma "Qərbi Çıraq”dır. Hazırda onun gündəlik orta hasilatı 57 min bareldir. Digər platformalar da ahəngdar işləyir və "Çıraq” gündə orta hesabla 47 min, "Mərkəzi Azəri” 156 min, "Qərbi Azəri” 126 min, "Şərqi Azəri” 97 min, "Dərinsulu Günəşli” 105 min barel neft verir.

"Mərkəzi Şərqi Azəri”dən gözlənilən hasilat isə belədir: gündə 100 min barelə qədər neft (lay suları ilə birlikdə) və 350 milyon standart kubfutadək qaz. Quraşdırma, öncə qazma quyularının platformaya birləşdirilməsi və işəsalma tədbirləri tamamlandıqdan sonra hasilata 2023-cü ildə başlanacağı gözlənilir.

Nəhayət, yeni platformanın üst modullarının və dayaq blokunun inşa edilməsi üçün potensial tikinti-quraşdırma meydançaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu və Bibiheybətdəki "AMEK-Tekfen-Azfen” sahələridir. Qurudakı tikinti-quraşdırma meydançalarında inşaatistismara hazırlıq işlərinin əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi nəzərdə tutulur. Layihənin qiymətləndirilməsi nəticəsində belə qənaətə gəlinib ki, tikinti mərhələsinin ən qaynar çağı 2021-ci ilin əvvəlinə təsadüf edəcək. Bu zaman işçi qüvvəsinin təxminən 3700 nəfərə çatacağı gözlənilir. Həmişə olduğu kimi, bu layihədə də Bakının tikinti meydançalarına yaxın olan Səbail və Qaradağ rayonlarının sakinləri məşğulluq problemlərini həll etmək imkanı qazanacaqlar. Əvvəlki neft-qaz tikinti layihələrində çalışarkən bacarıq nümayiş etdirmişetimad qazanmış işçilərə üstünlük veriləcək.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 6 yanvar.- S. 1.