85 yaşlı fədai

 

Monidigah kəndi üç məhəllədən ibarətdir: Pendi, SindiMonidiqo. Hər məhəllənin də tanınmış sənətkarları var: dəmirçi, xarrat, dülgər, bənna, xalça, kilimcecim ustaları.

Burada diyarın folklorunu, adət-ənənələrini yaşadan ağsaqqallar və ağbirçəklər az deyil. Belə ağsaqqallardan biri talış rəqslərinin mahir bilicisi Abidin Əliyevdir.

O, dəmirçi ailəsində boya-başa çatıb. Gənclik illərindən incəsənətin vurğunu olub. Rəqqas peşəsini seçib. 1958-ci ildə gənclərin və tələbələrin birinci festivalında "Lakto” talış rəqsinin ifasına görə ikinci dərəcəli diploma layiq görülüb. Orta məktəbi bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə kənddəki mədəniyyət evində bədii rəhbər kimi başlayıb. Sonralar direktor təyin edilib. Mədəniyyət ocağına rəhbərlik etdiyi illərdə kəndbəkənd gəzib, mahnılar toplayıb, rəqslər öyrənib. Ötən əsrin 70-ci illərində "Lakto” adlı folklor rəqs qrupu yaradıb. İllər ötüb, rəqs qrupu zona baxış müsabiqələrində dəfələrlə birinci yeri tutub, respublika turundan diplomlarla qayıdıb. Ölkəmizin paytaxtında, şəhər və rayonlarda keçirilən tədbirlərdə maraqlı çıxışlarla tamaşaçıların rəğbətini qazanıb.

İncəsənət fədaisi Abidin Əliyevin əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Bir neçə il bundan əvvəl təqaüdə çıxsa da, rayon Mədəniyyət Mərkəzi ilə əlaqəsini kəsməyib. Onun təşəbbüsü ilə bu mərkəzdə "Rəfti” folklor rəqs qrupu yaradılıb. Qrupa Lerikin kəndlərindən 8 nəfər ağsaqqal cəlb edilib. 85 yaşlı Abidin Əliyevin iştirak etdiyi rəqs qrupu Bakıda keçirilən bayram tədbirlərində, Türkiyə Cümhuriyyətinin Hatay vilayətində, Dağıstanda, Orta Asiya respublikalarında maraqlı proqramla çıxış etmişdir. "Lakto”, "Səbəti”, "Neynim-neynim”, "Papaqtutdu” rəqsləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

 

Ruslan İSMAYILOĞLU

 

Azərbaycan.- 2019.- 6 yanvar.- S. 4.