Yeniləşən qədim Şəki

 

Yerlixarici turistlərin üz tutduğu Şəki qış günlərində də qonaq-qarasız olmur. Son illər bir-birinin ardınca təşkil olunan beynəlxalq festivallar Şəkiyə marağı daha da artırmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəisi Taleh Alxasov deyir ki, Səki qədim şəhər olduğu qədər də məxsusi özəllikləri var. Ona görə burada istənilən tikinti işlərinə başlamazdan əvvəl yüz ölçüb, bir biçirik. Şəki şəhərinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi məsələsi də gündəlikdədir. Bu işdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Onu da bildirək ki, Şəki dünyada 68-ci sənətkarlar şəhəri kimi qəbul olunmuşdurbu, əlamətdar hadisədir. Artıq tarixi abidələrin üstünlük təşkil etdiyi şəhərin Yuxarıbaş hissəsində dövlət başçısının sərəncamı ilə abadlıq işlərinə başlanıb. Hazırda icrası nəzərdə tutulan işlərin siyahısı tutulur.

 

Sakinlər "Asan Yola çıxırlar

 

Keçən il oktyabr ayının sonunda Prezident İlham Əliyevin Şəki şəhərinə etdiyi işgüzar səfəri bu məkana yeni nəfəs, canlanma gətirdi. Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzin, muzeyin, eləcə də Bayraq meydanının, yeni innovasiyaların tətbiq edildiyi "Asan Həyat” kompleksinin açılması əlamətdar hadisə oldu.

"Asan Həyat”ın tərkibində yaradılan "Asan Yol” isə ilklərdəndir. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, insanlar avtomobillərindən düşmədən ilk pəncərədən sənədlərini "Asan xidmət”in əməkdaşlarına təqdim edib sonuncu pəncərədən hazır sənədlərini götürə bilirlər. Buradakı "7D” kinoteatrı, salınan park ərazinin gözəlliyini daha da artırıb.

 

Keramika Mərkəzi: sənətkarların sevimli məkanı

 

"Asan Həyat” kompleksinin tərkibinə daxil olan "Asan ABAD”ın da özünəməxsus yeri var. Burada məqsəd ailə biznesinə asan dəstəyin verilməsidir. Həmin qurum "Asan xidmət”in binasında yerləşməli idi. Lakin şəhər icra hakimiyyəti başçısının təşəbbüsü və "Asan xidmət”in rəhbərliyi ilə məsləhətləşmələrdən sonra belə qərara gəlindi ki, "Asan ABAD” Xan sarayı yaxınlığındakı qala ərazisində olsun. Əvvəl qarnizon binası, sonradan xəstəxana kimi istifadə edilmiş qədim bina bərpa olunaraq yeni quruma verildi. Prezidentin açılışını etdiyi bu yer hazırda Keramika Mərkəzi kimi fəaliyyət göstərir.

Şəhərə gələn turistlərin sayının artması burada yeni hotellərin tikilməsi zərurəti yaradır. Ona görə də artıq şəhər ərazisində bir neçə hotelin tikintisi aparılır.

 

Şəhərin su təchizatı təmin olunur

 

Şəhərdə reallaşdırılan infrastruktur layihələri arasında su-kanalizasiya sisteminin yenidən qurulması məsələsi xüsusi qeyd edilməlidir. Layihə işləri Azərbaycan hökuməti ilə Almaniyanın KWF Bankı tərəfindən aparılır. Beş mərhələdən ibarət olan layihənin artıq üçüncü mərhələsi yekunlaşıb və dördüncü mərhələyə hazırlıq görülür. Ümumilikdə isə işlərin orta hesabla 70 faizi yekunlaşıb. İşin bir qədər ləng aparılmasının səbəbi şəhərin relyefi ilə bağlıdır. İş görülən ərazilərin əsas xəttin keçdiyi yerdən çox aşağıda və ya hündürlükdə olması ümumi prosesə təsirsiz ötüşmür. Bundan başqa, boruların həyətlərdən keçən hissələrində də problemlər yaşanır.

Qeyd olunan problemlərə baxmayaraq, artıq lazımi yerlərdə sutəmizləyici qurğular quraşdırılıb. 2019-cu ildən etibarən mərkəzləşdirilmiş qaydada suyun verilməsinə başlanılacaq. İstehlak olunan suyun dəyərinin ödənilməsi məqsədilə bütün həyətlərdə su sayğacları quraşdırılıb.

Şəki şəhərində içməli su xətləri Kiş çayından və şəhərdəki artezian quyularından çəkilir.

 

 

Sel suları ram ediləcək

 

Şəki dağlıq ərazidə yerləşdiyindən burada sel suları da çox olur. Hazırda küçələrdə su axını üçün arxlar qazılır. Lakin bu işdə də çətinliklər var. Belə ki, əvvəllər suyun axını həyətlərdən keçən kürəbəndlər vasitəsilə aparılırdı. O dövr şəhəri sel sularının basmaması üçün axan sular məhəllələr üzrə bölünürdü. Lakin son illər bu qaydalar pozulduğundan yağmurlar vaxtı şəhərin müxtəlif ərazilərində yağış sularının yığılıb qalması müşahidə olunur. Ona görə də pozulmuş köhnə sistemin daha münasib qaydada bərpasına çalışırlar.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 8 yanvar.- S. 5.