Köhnə dəniz yatağında yeni özül

 

"Bulla-dəniz” yatağında 12 saylı yeni stasionar dəniz özülü istismara verilib. İnşasına 2017-ci ildə başlanmış özül "Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, tikinti işləri "Neftqaztikintitresti tərəfindən həyata keçirilib. Özül dənizin 30 metr dərinliyində quraşdırılıb və 1 axtarış, 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulub.

Qazılacaq quyuların orta dərinliyi 6300 metr olacaq. Bu dərinlikdə qazma işləri yüksək təzyiq şəraitində həyata keçirilirtexnoloji cəhətdən mürəkkəb layihə hesab edilir. Lakin yüksək texnoloji standartların tətbiqi sayəsində Azərbaycan neftçiləri analoji quyularda indiyədək uğurlu nəticələr qazanıblar və mövcud təcrübədən indi də istifadə edəcəklər. Burada ümumilikdə gündə 2,5 milyon kubmetr qaz, 500 ton kondensat hasil ediləcəyi gözlənilir.

Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən, qazma qülləsinin hündürlüyü 46,6 metr olan qurğu quraşdırılıb. Bu qurğu vasitəsilə rotor səviyyəsindən 7000 metr dərinliyə qədər qazma işləri aparmaq mümkündür. Həm də özüldə qazma işlərinin istismarla eyni zamanda aparılması nəzərdə tutulub. İstismarı N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi həyata keçirəcək.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, belə müasir bir dəniz özülünün Azərbaycan neftçilərinin sırf öz imkanları ilə tikməsi və quraşdırması keçmişdə qeyri-mümkün görünürdüsə, bu gün artıq reallıqdır.

Belə ki, yeni özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. Qurğunun istehsalat sahəsi 4, yaşayış hissəsi 1 dayaq blokundan ibarətdir. Özüldə vertolyotların enməsi üçün 1, gəmilərin yan alması üçün 4 meydança da quraşdırılıb. Qurğu işçilərin rahat və təhlükəsiz yaşaması üçün 36 nəfərlik yaşayış blokuna malikdir.

Xatırladaq ki, yeni özülün quraşdırıldığı "Bulla-dəniz” strukturu Bakı arxipelaqının şimal hissəsində, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası” yatağından cənub-şərqdə, sözügedən yataqdan 10 kilomter məsafədə yerləşir. "Bulla-dəniz” 1957-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. Burada dərin kəşfiyyat qazmasına 1965-ci ildə başlanıb. Lakin mürəkkəb geoloji şəraitlə əlaqədar ilk 17 quyunun qazılması başa çatdırılmayıb. Strukturun neftlilik-qazlılığı 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkar edilib.

Qeyd edildiyi kimi, "Bulla-dəniz” yatağında yeni dəniz özülü SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz imkanları ilə inşa edilibistismara verilib. Əvvəllər, yəni müstəqilliyinin bərpasından sonrakı ilk illərdə Azərbaycan belə miqyaslı işləri yalnız xarici şirkətlərin köməyi ilə həyata keçirmək məcburiyyətində idi. İndi isə SOCAR-ın özü yerli neft şirkətindən nəhəng beynəlxalq şirkətə çevrilib. Nəticədə bu gün Azərbaycan digər ölkələrdə də nəhəng sənaye kompleksləri inşa edir, onların xammalla təchizatını davamlı şəkildə həyata keçirir. Ən başlıcası, Azərbaycan xalqının yanacaqneft-kimya məhsullarına tələbatının tam təmin olunması üçün kəşfiyyat və hasilat kimi ənənəvi sahələr uğurlu fəaliyyətini davam etdirir. Təsadüfi deyil ki, keçən ilin 11 ayında Azərbaycan neftçiləri hasilatın səviyyəsini xeyli artırmağa nail olublar. Müasir texnologiyalar əsasında inşa edilən yeni platformalar, o cümlədən "Bulla-dəniz”də quraşdırılan 12-ci özül də məhz uğurların davamlı olmasının təminatçısıdır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 9 yanvar.- S. 4.