Nailiyyətlər arxayınlıq yaratmır

 

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, beynəlxalq dəmiryol və avtomobil yolunun keçdiyi Yevlaxın ölkə üçün böyük strateji əhəmiyyətə malik bölgə olduğu inkaredilməzdir. Son illər rayon sosial-iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bir-birindən uğurlu gələn illər sırasında 2018-ci ilinxüsusi yeri var.

İnkişaf, qazanılan yüksək nəticələr özünü konkret rəqəmlərdə daha aydın göstərir. İlin iqtisadi yekunlarına dair göstəricilər təbii ki, hələ təhlil olunmayıb. Ötən ilin 9 ayında qazanılan nailiyyətlər bütövlükdə 2018-ci ilin əsl yüksəliş ili olduğunu deməyə əsas verir. Belə ki, keçən ilin 9 ayında ÜDM istehsalının həcmi 508,4 milyon manat olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 19,5 milyon manat, yaxud 4 faiz çoxdur. ÜDM istehsalının 89,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd edilən dövrdə orta hesabla hər nəfərə 3978,3 manat əlavə dəyər istehsal olunmuşdur ki, bu da müqayisə edilən dövrdəkindən 132 manat çoxdur.

Rayon üzrə orta aylıq əməkhaqqı 302 manat (artım 44,4 manat) olmuşdur. Ümumiyyətlə, bu dövrdə əhalinin sosial müdafiəsi və faydalı məşğulluğunun təmin edilməsi sahəsində diqqət çəkən irəliləyiş əldə edilmişdir. 2018-ci ilin doqquz ayında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi 16923 nəfər pensiyaçıya 29,4 milyon, 6463 nəfər sosial müavinət alanlara 4,41 milyon manat vəsait ödəmişdir. Bu dövrdə 1353 nəfər işlə təmin olunmuşdur.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahədə uğur qazanmaq, qarşıya qoyulan vəzifələri reallaşdırmaq üçün böyük potensial var. Təsərrüfatlarda torpaq məhsuldar, su bol, əmək ehtiyatları kifayət qədərdir. Torpaq mülkiyyətçiləri ilə aparılan maarifləndirici söhbətlər, onlara dövlət səviyyəsində verilən maddi və mənəvi dəstək Yevlax kəndlisində pambıqçılığa və baramaçılığa böyük maraq yaratmışdır.

Ötən il rayonda 2500 hektar sahədə pambıq əkilmişdir. İstər becərmədə, istərsə də məhsulun itkisiz yığılıb tədarük edilməsində texnikanın gücündən səmərəli istifadə olunmuşdur. Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 4580 ton mineral gübrə satılması da yüksək son nəticənin qazanılmasına əhəmiyyətli təsir göstərmişdir.

Yevlaxın baramaçıları da mövsümi fərəhli nəticələrlə başa vurmuşlar. Belə ki, rayonun kümçüləri keçən il 11 ton yüksək keyfiyyətli barama istehsal etmişlər. 2017-ci ildəkindən 5420 kiloqram çox barama istehsal edilməsi bu gəlirli sahənin dinamik inkişafının göstəricisidir. Taxıl, bostan, meyvə-tərəvəz məhsulları, ət, süd, yun, yumurta istehsalında da diqqətçəkən artım müşahidə olunmuşdur.

Tikinti, quruculuq, abadlıq sahəsində də 2018-ci ilin töhfələri fərəh doğurur. Həmin ildə Kür çayı üzərində dəmiryolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin tikintisi başa çatdırılmışdır. Həmçinin Mingəçevir şəhəri-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsi, Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndlərarası avtomobil yolu istifadəyə verilmiş, şəhər 2 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir edilmişdir. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı-Ərazi Vergilər Departamenti üçün yeni binanın, 31-ci məhəllədə 80 yerlik körpələr evi-uşaq bağçasının, 9 mərtəbəli 45 mənzilli yaşayış binasının, "Datainternet mərkəzinin tikintisi isə davam edir.

2018-ci ildə qazanılan yüksək nailiyyətlər heç kəsdə arxayınlıq yaratmır. Məqsədi bolluq, firavanlıq olan Yevlax kəndlisini indi təzə ilin qayğıları düşündürür.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 9 yanvar.- S. 5.