Şəhər mədəniyyətinə dəyərli töhfə

 

Bura indi teatr məbədidir. Adı dəyişsə , məramı, məqsədi dəyişməyib. Bir vaxtlar el arasında "Şəhər teatrı deyilirdi. Elə mətbuat səhifələrində, afişalarda, tamaşaların məramnamələrində bir müddət belə yazılırdı. Amma onu daha çox bu adla tanıyırdılar:

 

Tağıyev teatrı...

 

Xalqın tərəqqisində mədəniyyətin, incəsənətin inkişafı əhəmiyyətli yer tutur. Buna görə böyük vətənpərvər, millətinin fədakarı Hacı Zeynalabdin Tağıyevin misilsiz xidmətlərindən biri teatr binası inşa etdirməsi oldu.

Hələ 1873-cü ildən - Azərbaycan milli peşəkar teatrı yaranandan tamaşalara maraq güclənməyə başlamışdı. Hər zaman cəmiyyətin nələrə ehtiyacı olduğunu görməyi, duymağı bacaran Hacı Zeynalabdin teatr binası tikdirmək fikrinə düşdü. 1882-ci ildə o, Qorçakovskaya Merkuryevskaya küçələrinin tinində inşa olunacaq binanın layihəsini təsdiq üçün müvafiq idarəyə təqdim etdi. 35 vərəqlik layihə hazırlandı. Nəzərdə tutulmuş yerdə Hacı Zeynalabdinin iri taxıl anbarı vardı.

Tikintiyə mühəndis-memar Ferdinand Lemkul başçılıq edirdi. Onun nəzarəti altında tikilən teatr binasının 1883-cü il noyabrın 23-də təhvil-təslimi oldu. Xüsusi komissiyanın tərtib etdiyi aktda planlaşdırma, konstruktiv yanğından mühafizə kimi xeyli qüsurlar qeyd olundu. Komissiya tələb edirdi ki, bu böyük qüsurlar aradan qaldırılsın.

Tikintidə yol verilmiş çoxsaylı nöqsanlara baxmayaraq, XIX əsrin sonlarında teatr binası Bakıya tayı-bərabəri olmayan hədiyyə idi. Çünki şəhərin belə bir binaya çox böyük ehtiyacı vardı.

Ancaq binanın başı bəlalı oldu, yanğınlara məruz qaldı yenidən bərpa edildi. Memarlıq-planlaşdırma kompozisiyası, interyer bəzəkləri, fasad dekorunun keyfiyyəti hər dəfə yaxşılaşdırıldı.

 

Şəhər teatr binasından məhrum ola bilərdi...

 

Teatr binasının qayğıları bitmirdi. Üstəlik getdikcə populyarlıqdan məhrum olması, ildən-ilə teatr binası kimi aksiyalarının düşməsi Hacı Zeynalabdin Tağıyevi yeni qərarlar verməyə sövq edirdi. Tağıyev teatr binasının uçulma məsələsi o zaman ortaya çıxdı. Bu, şəhərin teatr binasından məhrum olması ilə nəticələnə bilərdi. Gəlir mənbəyi kimi, teatra maraq göstərən Bakının bəzi işgüzar adamları işə başladılar. Onlardan biri Bakıda Teatr meydanında "Nümunəvi teatr binasının inşası üzrə ortaqlıq adlı səhmdar cəmiyyəti yaratdı. Cəmiyyətin təsisçiləri 1897-ci il oktyabrın 6-da Şəhər Dumasına Teatr meydanında sahə ayrılması ilə bağlı müraciət etdilər. Üçmərtəbəli teatr binasının "Avropadakı nümunəvi teatr binalarının planı üzrə fasadın üzü əsas küçəyə istiqamətləndirilərək tikilməsi, işıqlandırılmanın texnikanın ən son nailiyyətlərindən yararlanaraq qurulması nəzərdə tutulurdu.

Yeni teatr binasının inşası haqqında söz-söhbətlər dolaşdığı vaxt Hacı Zeynalabdin öz teatrının yenilənməsi ilə ciddi məşğul olmağa başladı. O, 1898-ci ildə teatrın rekonstruksiya layihəsinin tərtibi bütün memarlıq-tikinti işlərinə nəzarəti mülki mühəndis P.İ.Koqnovitskiyə həvalə etdi. Teatrın memarlıq-planlaşdırma strukturuna əhəmiyyətli dəyişiklik etmək istəməyən Koqnovitski kiçik düzəliş işləri ilə kifayətlənmək niyyətindəydi. Onun layihəsi teatrın sahibinin istəyinə uyğun deyildi. O, Bakıya digər teatr binaları ilə rəqabət apara biləcək çox dəbdəbəli teatr binası bağışlamaq arzusundaydı.

Tağıyevin dəvəti ilə Koqnovitski ilə yanaşı, teatrın yenidən qurulmasında istedadlı memar Qoslovski iştirak etdi. Onun rəhbərliyi ilə gözəl işlənmiş əsl teatr binası inşa olunmalı idi. Bu məqsədlə çox böyük işlər görüldü. Tamaşaçı zalında yerlərin sayı, demək olar ki, iki dəfə artırılaraq 1200-ə çatdırıldı. Orkestrin yeri yeni tərzdə quruldu. Zallar nəfis dekorasiya ilə göz oxşadı. Bina texniki cəhətdən təkmilləşdirildi, elektrik işıqlandırma ilə təchiz olundu.

 

Azərbaycan teatrının inkişafında yeni səhifə

 

Tağıyev teatrı Azərbaycan teatrının inkişafında yeni səhifə açdı. 1890-cı il martın 10-da bu teatrda göstərilən komediya ən böyük teatr hadisələrindən birinə çevrildi. Qabaqcadan vurulmuş elanda tamaşadan gələn gəlirin yoxsul şagirdlərə xərclənəcəyi bildirilirdi. 1901-ci il yanvarın 10-da burada orucluq bayramı münasibətilə Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq tamaşası oynanıldı. Əsərə səhnə quruluşunu Əbdürrəhim bəy özü vermişdi. Martın 17-də Tağıyev teatrında Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük ("Hacı Qənbər) komediyası göstərildi.

1908-ci il yanvarın 25-də müsəlman Şərqində opera janrında ilk əsərin - Üzeyir Hacıbəylinin "Leyli Məcnun əsərinin ilk tamaşası da bu teatrın binasında oldu.

Mətbuat səhifələrində tez-tez Tağıyev teatrında keçirilən tədbirlər, tamaşalar haqqında yazılırdı.

 

Teatr binasında yanğınlar

 

1909-cu ildə teatrın binası yandırıldı. Binanı yenidən tikməli oldular. Əvvəlki ikimərtəbəli teatr binasının yerinə üçmərtəbəli bina inşa olundu. Əsas fasadın eni genişləndirildi, divarların hündürlüyü isə 6,75 metrədək artırıldı.

Ancaq 1918-ci ildə Bakıda fəaliyyət göstərən Tağıyev teatrının binası erməni daşnakları tərəfindən vəhşicəsinə yenidən yandırıldı. Bu dəfə binanın yalnız daş dəmir-beton karkası qaldı. Teatr bir Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1921-1922-ci illərdə bərpa olundu. Teatrın layihəsini Bakının baş memarı, mülki mühəndis Zivər bəy Əhmədbəyov tərtib etdi.

Bu teatra 1922-ci ildə Dadaş Bünyadzadənin adı verildi. Açılış mərasiminə səksən dörd yaşlı Hacı Zeynalabdin Tağıyev dəvət olundu. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxdı. Milyonçulara qənim kəsilən yeni hökumətin nümayəndələri belə onu alqışladılar. Bu münasibətdən təsirlənmiş Hacı Zeynalabdin göz yaşlarını saxlaya bilmədi.

1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Teatrı fəaliyyət göstərdi. 1988-ci ildə uçmaq təhlükəsinə görə sökülən binanın yerində yenisi inşa olundu. 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışı keçirildi. 2013-cü ildə isə teatr binasında əsaslı bərpa yenidənqurma işləri aparıldı.

Bakıda ilk milli teatr binasının tikilməsindən 135 il keçir. Artıq Azərbaycanın paytaxtında bir deyil, neçə-neçə teatr fəaliyyət göstərir. Bura isə yenə teatr məbədidir. Adı dəyişsə , məramı, məqsədi dəyişməyib. Hacı Zeynalabdin Tağıyevin arzusunu indi burada yerləşən Azərbaycan Dövlət Musiqili Teatrı həyata keçirir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 9 yanvar.- S. 6.