Qəhrəmanlıq təkcə döyüş meydanında göstərilmir

 

Yaxud bir qoca neftçinin hekayəti

 

Dənizkənarı Milli parkda oturacaqda əyləşmiş ixtiyar yaşlı kişi çənəsini yerə möhkəm dayadığı əsanın tutacağına söykəyərək Xəzərə tamaşa edirdi. Hərdən də baxışlarını dənizdən ayırıb bayaqdan bəri sahildə söhbətləşə-söhbətləşə, zarafatlaşa-zarafatlaşa gəzişən təxminən 15 yaşlı oğlanlara yönəldirdi. Birdən yeniyetmələrdən ikisi öz aralarında mübahisə etməyə başladı. Onlardan biri deyirdi ki, ötən yay sahilə yan alan "İsrafil Hüseynov” gəmisini görüb. Eşitdiyinə görə, bu bənzərsiz gəminin daxilində nəhəng bir zavod yerləşdirilib. Dostu onun yanıldığını, yəqin ki, "İsrafil Məmmədov” gəmisini gördüyünü söyləyirdi. Hər ikisi öz fikrində israrlı olduğu üçün qızğın mübahisəyə axsaya-axsaya onlara tərəf gələn qoca son qoydu.

"Sakitləşin, ay oğul, hər ikinizin sözündə həqiqət var, - deyə kişi onları yaxınına çağırdı və məsələni aydınlaşdırmağa başladı. - "İsrafil Məmmədov” gəmisi ilə İkinci Dünya müharibəsində böyük rəşadət göstərmiş, azərbaycanlı döyüşçülər arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış igid soydaşımızın xatirəsi əbədiləşdirilib. Lakin qəhrəmanlıqlar təkcə savaş meydanlarında göstərilmir. Tarix və təbiət Azərbaycan xalqının oğullarına hünər və fədakarlıq üçün əbədi bir meydan da bəxş edib. Bu, neft cəbhəsidir, qurudakı geniş mədənlər, dənizdəki nəhəng yataqlardır. Xəzəri fəth edən neftçilərimizdən biriİsrafil Hüseynov olub. Odur ki, "İsrafil Hüseynov” gəmisi də var. Daha doğrusu, bu, borudüzən barjdır. Neft və qazı sahilə daşımaq üçün suyun altından çəkilən kəmərlərin boruları dənizin dərinliklərində bu gəminin vasitəsilə düzülür”.

Uşaqların onu maraqla dinlədiyini görən qoca söhbətinə davam etdi: "İsrafil kimi qəhrəmanlarımız çox olub. Axı Azərbaycan qədim neft diyarıdır və xalqımız əsrlərdir torpağın təkindən "qara qızıl” çıxarır. Hələ 20-ci yüzilliyin əvvəllərində Usta Piri, Ağa Neymətulla, daha sonra Ağadadaş Kərbəlayı oğluonlarca digər neftçi ad-san qazanıb. Məsələn, Ağa Nemətulla maili istiqamətləndirilmiş qazmanın təşəbbüsçüsü olub, ilk belə quyunu 1946-cı ilin yanvarında Bayıl dağında qazıb. Bu isə elə bir qazma üsuludur ki, sonralar onsuz "Neft Daşları”, "Gürgənneft”, "Darvin bankası”, "Səngəçal-Bulla-dəniz” kimi yataqların mənimsənilməsi mümkün olmazdı.

XX əsrin ortalarına yaxın ölkəmizdə dəniz yataqları da kəşf olunub. Əslində Xəzərin dibində zəngin neft yataqlarının olduğu həmin vaxtdan çox-çox əvvəl bəlli idi. Vaxtilə neft kralları olan Nobellər, Mantaşevlər, Rotşildlər bu sərvətləri mənimsəmək, "qara qızıl”ı dənizin dərinliklərindən "sorubaparmaq üçün özlərini oda-közə vurublar. Lakin primitiv texnika, bir də rəqabət məngənəsi həmin milyonçuları öz istəklərinə çatmağa qoymayıb. Xəzərin sərvətini üzə çıxarmaq özümüzə, Bakı neftçilərinə qismət olub. Beləliklə, daha dərin məna, daha geniş məzmun daşıyan "dəniz neftçisi” peşəsi yaranıb. Bu ifadə sanki qəhrəmanlıq rəmzinə çevrilib.

Dünyada dəniz neftinin erası da Azərbaycandan başlayıb. 1949-cu ilin payızında sahildən 100 kilometr aralıda "Neft Daşları” yatağında ilk quyu fontan vurub.

"Neft Daşları”nı rəhbərlik etdiyi ekspedisiya ilə birlikdə kəşf edən geoloq Ağaqurban Əliyev gəldiyi nəticələri sübuta yetirmək üçün çətin sınaqlardan keçməli olub. Ona mane olanlar ən çox rəhbər dairələrdəki kürsülərdə oturan ermənilər idi. Onlar geoloq-alimi tutduğu yoldan döndərmək, ruhdan salmaq və beləliklə, "Neft Daşları” söhbətini biryolluq bağlamaq istəyirdilər. Lakin Ağaqurban Əliyev öz biliyi və cəsarəti ilə onların hamısını, necə deyərlər, divara söykədi. Qarşıya qoyulmuş məqsədə nail olmaq - "Neft Daşları”nı işlətməyə başlamaq üçün böyük əmək və dözüm nümayiş etdirdi. Dəfələrlə respublika rəhbərliyi qarşısında məsələ qaldırdı. Nəhayət, qalib gəldi. Sübut edə bildi ki, Xəzərdə neft mövcuddur, özüböyük həcmdə! Onu çıxarmaq da mümkündür!

"Neft Daşları”nda ilk kəşfiyyat quyusunun qazılması üçün usta təyin olunması məqamı yetişəndə birinci Mixail Kaveroçkinin adı çəkildi. O, zəngin təcrübə toplamış mahir qazmaçı idi. Beləliklə, 1949-cu ilin ilk günlərində Kaveroçkinin briqadası adaya yaxınlaşdı. Qazmaçılar neçə ay sərt dalğalar qoynunda gərgin əmək sərf etdilər. Gecələr köhnə bir gəmidən düzəldilmiş sığınacaqda daldalanırdılar. Nəhayət, böyük zəhmət və iradə qalib gəldi. Quyu 1100 metr dərinlikdən fontan vurdu və hər gün 100 ton neft verməyə başladı.

Kaveroçkin bundan sonra "Neft Daşları”nda daha 8 il kəşfiyyat quyuları qazdı. Lakin 1957-ci il noyabrın 22-də gecə dənizdə olmazın bir fırtına qopdu. Xəzər həmişə narahat dənizdir, bununla belə, həmin gecədəki kimi amansız fırtınalar 100 ildə bir dəfə olur. O gecə şahə qalxan dalğalar briqadanın çalışdığı dəniz özülünün nəhəng metal hissələrini sulara qərq etdi. Beləcə, çox sevdikləri Xəzər qəhrəman Kaveroçkininonun mərd həmkarları - Süleyman Bağırovun, Nikolay Duplixinin, İbrahim Sadıqovun, Məmməd Muradovun, Bala Mirzəyevin, bir sözlə, 22 dənizçinin son mənzili, məzarı oldu...

Xoşbəxtlikdən həmin gecə Neftçi Qurban (Qurban Abbasov) əmək növbəsində deyildi. Usta Mixail Kaveroçkinlə birlikdə "Neft Daşları”nda ilk quyuları qazanlardan birio olmuşdu. Burada o, misli görünməmiş nəticələr qazanaraq qazmanın sürətini rekord səviyyəyə çatdırmışdı. 1950-ci ilin sonundan bu quyular artıq mütəmadi neft verməyə başlamış və Neftçi Qurbanın şan-şöhrəti hər yana yayılmışdı.

Qurban Abbasov yarım əsrdən çox Azərbaycanın neft sənayesinə xidmət edib. Bu 50 ilin ilk dövrlərində, yəni 5-10 ilində o, elə start götürüb, elə hünərlə çalışıb və zəngin təcrübə toplamışdı ki, sonralar 40 ildən çox bir müddətdə sahənin sanballı müəssisələrinə, böyük neftçi kollektivlərinə rəhbərlik edə bilmişdi.

Keçən əsrin 70-ci illərində Ağa Nemətullanın, Kaveroçkinin, Neftçi Qurbanın estafetini İsrafil Hüseynov davam etdirdi.

İsrafil Hüseynov peşəkar qazmaçı, qazma ustası idi. Briqadası ilə birlikdə keçmiş SSRİ-də ilk dəfə bir quyunun qazılmasına vaxtından iki ay doqquz gün tez nail olmuşqazma alətini 2040 metr dərinliyə çatdırmışdı. Maili qazma sahəsində isə bütün Avropada rekord sayılan nəticə göstərmişdi.

O illərdə "İsrafil Xəzərin təkinə hücum edir” deyirdilər. Radio dalğalarından hər yana bir nəğmə yayılırdı:

 

İsrafil hünəri, İsrafil adı

 

Şeirli, nəğməli dalğalardadır...

 

Ömrünün doqquzuncu onilliyini yaşayan canlı ensiklopediya, əfsanəvi neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadə haqqında isə, şübhəsiz ki, çox eşitmisiniz.

Bu insanların hamısı yaşadıqları dövrün ən yüksək mükafatlarına və fəxri adlarına layiq görülüb.

Yeni neft strategiyası, "Əsrin müqaviləsi” neftçilərimiz qarşısında daha geniş üfüqlər açıb. Neft cəbhəsində indibir çox qəhrəmanlarımız var - Azərlər, Abdullalar, İlqarlar, İsraillər, Firatlar, Orxanlar... Bu gün Azərbaycan neftçisi Xəzərdəki ən müasir neftqaz platformalarını idarə edir”.

Söhbətini bitirər-bitirməz qoca qəflətən nəyi isə xatırlayıb saatına baxdı. Ayağa qalxıb dedi: "Bəlkə sabah həmin qəhrəmanlıq meydanında bu insanları sən - Arif və sən - Fərid əvəz edəcəksiniz...”

Qoca söhbət əsnasında dostlaşdığı gənclərin adını da öyrənmişdi. Özü isə adını belə demədən əsasına güvənə-güvənə uzaqlaşdı. Deyəsən, kim olduğunu bildirməyi unutmuşdu. Bəlkə təvazökarlıq etmişdi? Bəlkə də dəli-dolu Xəzərin qoynunu hünər meydanı seçmiş yüzlərdən, minlərdən biri olduğu üçün özünü onlardan fərqləndirmək istəməmiş, odur ki, heç tanışlıq da verməmişdi...

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 11 yanvar.- S. 7.