ASAN yolla rahat HƏYAT

 

İlham Əliyevin yaratdığı yeni Azərbaycan brendi qısa müddətdə xalqın böyük etimad və rəğbətini qazanıb

 

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq... Yaradıldığı gündən fəaliyyətini "vahid məkan” prinsipi əsasında quran Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzləri 6 ildir ölkə vətəndaşlarının xidmətindədir.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan və 2013-cü ildə 5 mərkəz, 2 səyyar avtobusla xidmətə başlayan "ASAN xidmət” yenicə qədəm qoyduğumuz 2019-cu ildə 15 xidmət mərkəzi, 1 qatar və 10 səyyar avtobusla ölkənin 75 faizini əhatə edir. Əgər fəaliyyətə başlayanda 20 xidmət təqdim edilirdisə, bu gün 11 dövlət orqanı, özəl şirkət, müəssisələr ümumlikdə 320-yə yaxın xidmət göstərir.

2016-cı ildən isə xidmətin fəaliyyətinin genişləndirilməsi fonunda yenilik yaşandı - "ASAN Həyat” kompleksləri yaradılmağa başlanıldı və ilk belə kompleks respublikanın cənub bölgəsində - Masallı şəhərində yaradıldı.

 

Operativ xidmət, istirahət və əyləncə

 

"ASAN Həyat” kompleksləri vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif sahələri əhatə edir və vətəndaşlar tərəfindən də çoxluqla qarşılanır. Burada "ASAN xidmət” mərkəzi ilə yanaşı, istirahət üçün park, kinoklub, intellektual əyləncə obyektləri də yaradılır.

Elə Azərbaycanın ilk "ASAN Həyat” kompleksində də belə təkmil imkanlar mövcuddur.Vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu kompleksin istirahət və əyləncə imkanlarından da istifadə edə bilirlər.

Biz də bu mənzərənin şahidi olmaq üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin müşayiətilə Masallıya yollandıq.

 

9 şəhər və rayon, 300-dən çox müxtəlif xidmət

 

Yanvar ayı olsa da, sanki günəşli yaz səhəri açılıb Masallıda... Şəhərin Heydər Əliyev prospektində inşa olunan "ASAN Həyat” kompleksinin ətrafındakı parkda salınan yaşıllıq, tər gül-çiçəklərin ətri xoş ovqat yaradır. Kənardan tamaşa etdikdə kiçik bir şəhərciyi xatırladır bura...

Azərbaycanın ilk "ASAN Həyat” kompleksi Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində açılıb. Kompleks xüsusi zövqlə tikilən dördmərtəbəli "ASAN xidmət” mərkəzi və 6 ictimai iaşə obyekti üçün nəzərdə tutulan binalardan ibarətdir. Burada Heydər Əliyev İncəsənət Məktəbi, kinoklub, bank, kafe, "ABAD” mərkəzi və "ASAN İntellektual” inkişaf mərkəzi də mövcuddur.

Kompleksin 4480 kvadratmetr ərazisində "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Elə tanışlığa da ilk olaraq mərkəzdən başlayırıq.

Onu da qeyd edək ki, hazırda bütün "ASAN xidmət” mərkəzlərində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-yə yaxın müxtəlif xidmət göstərilir.

Elnur Niftəliyev deyir ki, Masallı regional "ASAN xidmət” mərkəzinə Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan və Neftçala ərazisində qeydiyyatda olan vətəndaşlar müraciət etməklə lazımi sənədləri operativ və şəffaf qaydada əldə edə bilirlər.

Eyni zamanda səyyar xidmət tərəfindən Cəlilabad, Lənkəran, Lerik, Yardımlı və Astara rayonlarında yaşayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı və bir sıra funksional yardımçı xidmətlər göstərilir.

 

Nə vaxt itkisi var, nə də get-gəl

 

Girişdə vətəndaşlar mühafizəçilər tərəfindən ciddi şəkildə yoxlanılır. Onların üzərində kəsici, deşici, yaxud təhlükəli hesab olunan hər hansı bir əşyanın olub-olmadığına əminlik yarandıqdan sonra binaya buraxılırlar. İçəri daxil olan vətəndaşlar məlumat mərkəzinə yaxınlaşıb müraciət edirlər.

Mərkəzin bu hissəsində kifayət qədər insan olsa da, hər kəsin işi öz axarı ilə gedirdi. İçəridə nə səs-küy var idi, nə də qarışıqlıq. Masallı şəhər sakini, 62 yaşlı Əlhüseyn Hüseynovun sözlərinə görə, "ASAN xidmət”, sözün əsl mənasında, onların işini asanlaşdırıb. Çünki adi bir sənədi almaq üçün bir neçə idarəyə getməli olurdular: "Əvvəllər vəziyyət ürəkaçan deyildi. Sənədləri almaq üçün günlərlə vaxt itirirdik. İdarələrin hərəsi də şəhərin bir tərəfində yerləşirdi. İndi isə lazım olan xidmətlər bir mərkəzdə cəmləşib. Bu, hər birimiz üçün sevindiricidir. Anbarı qeydiyyata aldırmaq üçün mərkəzdəki qida bölməsinə müraciət etdim. Heç 20 dəqiqə çəkmədi, sənədim hazır oldu. Əla xidmətdir, vallah”.

Şəhər sakini Əziz Babayev yeni ev tikdirib. Mənzilin elektrik enerjisinin təminatı ilə bağlı sənədləri toplayaraq "ASAN xidmət”ə müraciət edib: "Təzə evimizə işıq çəkilməsi ilə bağlı müraciət etdim. Cəmi 25 dəqiqəyə bütün sənədləşmə prosesi başa çatdı. Çox rahat və gözəl xidmətdir. İnsanlar daha get-gələ düşmürlər, bir gündə, bir saatın içində hər şeyi həll edirsən. Çox məmnun qaldım”.

 

Könüllülər və Elektron Şikayət Köşkü

 

Binanın birinci mərtəbəsində müxtəlif xidmətlər mövcuddur. Burada uşaq guşəsi, könüllülər üçün ayrılmış masalar, kafe və Elektron Şikayət Köşkü vətəndaşların xidmətindədir.

Müxtəlif sahələrlə bağlı xidmətə müraciət edənlərə könüllülər yardımçı olurlar. Əslində elə Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət”dən başlanıb. "ASAN” könüllülərinin sayı 17 mindən çoxdur. Hazırda bütün mərkəzlərdə yüzlərlə könüllü fəaliyyət göstərir.

Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətindən xəbər verir. Təmənnasız olaraq kiməsə kömək etmək üçün xidmətə müraciət edirlər. Bu mərkəzdə də gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün şərait və imkanların yaradılması, onların bilik və bacarıqlarının artırılması məqsədilə könüllülük fəaliyyəti həyata keçirilir. Könüllülər müqavilə əsasında 2 ay müddətində fəaliyyət göstərirlər. Müqavilədə göstərilən öhdəliklərlə 2 ay müddətində çalışan könüllülərə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəsmi sertifikat və xasiyyətnamə verilir.

Burada könüllülər 2 növbədə (birinci növbə səhər saat 9:00-dan 14:00-a qədər, ikinci növbə isə 14:00-dan 19:00-a qədər) fəaliyyət göstərirlər.

18 yaşlı Aytac Bağırova iki ay müddətində könüllü kimi çalışıb. Müqavilə müddəti bitdiyi üçün "ASAN” Könüllüləri Gənclər Təşkilatına üzv olmaq üçün müraciət edib: "Müraciətim müsbət cavablandırıldıqdan sonra burada təşkilatın nümayəndəsi kimi fəaliyyət göstərməyə başladım. İndi könüllülərimizə öz köməyimi əsirgəmirəm. Layihələr hazırlayıb təlimlər keçirik. Könüllülərin hər hansı bir problemi olduqda araşdırıb rəhbərliyə məlumat verirəm”.

Aytac deyir ki, könüllü olduğu zaman bir layihə də hazırlayıb - "Danışıq klubu”. Burada könüllülərin işdən sonra, asudə vaxtlarda bir araya gəlib bir-birini yaxından tanımaları, yeni layihələr hazırlamaları üçün yaxşı imkanlar yaradılıb.

Hərbi xidmətdən yeni qayıdan Nurlan Qurbanzadə isə yanvar ayından burada könüllü kimi çalışmağa başlayıb. Deyir ki, qısa zaman olsa da, bu iş ona çox maraqlıdır: "Dekabr ayının 25-də müraciət etdim və ayın 30-da könüllü kimi çalışmağa başladım. Burada insanlara yardım, kömək etmək xoş ovqat yaradır. Bunun savabı insana bəsdir. İnsanlara əl tutmaq hər zaman yaxşı bir iş sayılıb”.

Diqqətimizi çəkən digər bir maraqlı xidmət Elektron Şikayət Köşkü olur. Bəlli olur ki, əgər xidmətin hansısa bölməsində vətəndaşın müraciətinə baxılmasa, yəni şikayəti olarsa, həmin köşkə daxil olur və şüşə kabin avtomatik olaraq bağlanır. Heç kim vətəndaşa mane ola bilmir. İçəri daxil olan vətəndaş düyməni basmaqla birbaşa "Çağrı” mərkəzinin əməkdaşı ilə görüntülü əlaqə yaradır və şikayətini bildirir.

 

İlk biometrik vəsiqə və doğum şəhadətnaməsinin sevinci

 

Birinci mərtəbə ilə tanışlıqdan sonra eskalatorla üst mərtəbəyə qalxırıq. Mərkəzin daxilindəkı maraqlı dizayn yuxarı qalxdıqca daha aydın hiss olunur.

Burada həyata keçirilən əsas xidmətlər 2, 3 və 4-cü mərtəbələrdə cəmləşib. Onlardan Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Notarius, Dövlət Gömrük Komitəsi, əmlak məsələləri və digər təşkilatların xidmətlərini göstərmək olar.

15 yaşı yenicə tamam olmuş şəhər sakini Abuzər Məmmədov şəxsiyyət vəsiqəsi almaq üçün gəlib. Yeni biometrik şəxsiyyət vəsiqəsi alacağı üçün üzündə bir təbəssüm vardı. Amma alacağı vəsiqənin əvvəlkindən necə fərqləndiyindən xəbərsiz idi: "Bilirəm ki, şəkildən başqa vəsiqədə barmaq izi də olur. Başqa üstünlükləri barədə məlumatım yoxdur”.

Müasir aparatın qarşısında əyləşən Abuzərə yeni vəsiqə ilə bağlı məlumat verildi. Bildirildi ki, biometrik şəxsiyyət vəsiqəsində fotoşəkil və başqa məlumatlarla yanaşı, vətəndaşın barmaq izi məlumatları olur. Bu da bəzi proseslərdə vətəndaşın işini asanlaşdırır. Həmçinin biometrik şəxsiyyət vəsiqəsi vasitəsilə əksər dövlət qurumlarının elektron xidmətlərindən rahat yararlanmaq olur. Yəni yeni vəsiqə insanlara çox yaxşı imkanlar verir.

Məlumat verildikdən sonra Abuzər baş barmağını aparatda göstərilən yerə toxundurdu və proses başa çatdı.

Digər mərtəbədə isə diqqətimizi çəkən gənc ailənin yaşadığı sevinc hisləri oldu. İlqar Kişiyev dekabr ayında dünyaya gəlmiş oğul övladına doğum şəhadətnaməsi almaq üçün müraciət edib: "Dekabrın 15-də övladımız dünyaya gəlib. Adını Tunar qoyduq və bu gün onun doğum haqqında şəhadətnaməsini almağa gəlmişik. İndi təqdim edəcəklər”.

Bir qədər sonra xidmətin əməkdaşı Masallı şəhərinin yeni sakini Tunar Kişiyevin şəhadətnaməsini atasına təqdim etdi.

 

Fiziki məhdudiyyətli İlahənin qüsursuz xidməti

 

Pilləkənlərlə mərtəbələri aşağı enərkən diqqətimizi çəkən bir məqam da təsirli oldu. Məlumat mərkəzində vətəndaşlara xidmət göstərən xanımlardan biri fiziki qüsurlu məhdudiyyətli insanlar üçün hazırlanan arabada əyləşib.

Birinci mərtəbəyə enib həmin xanımla söhbətləşirik. Bəlli olur ki, bu xanım 2016-cı ildən, yəni Masallı "ASAN Həyat” kompleksi açıldığı gündən burada çalışan İlahə İbrahimbəylidir. 3 ildir burada fəaliyyət göstərən İlahə xanım öz işindən çox razıdır: "Bəlkə də bura gələnlərin əksəriyyəti mənim fiziki qüsurlu olduğumu bilmir. Çalışırıq ki, hər zaman gülərüz və nəzakətli şəkildə vətəndaşlara xidmət edək. Şəxsən mən hər zaman dövlətin qayğısını hiss etmişəm. Yaşadığım bədbəxt hadisədən sonra özümə qapanaraq küskün, cəmiyyətdən məhrum bir insan kimi həyata ümidsiz baxırdım. Heç təsəvvürümə də gətirə bilməzdim ki, dövlət orqanında işə qəbul olunaram. Prezident

İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman minnətdaram. Çünki Mehriban xanıma etdiyim müraciətdən sonra məni xarici ölkəyə müalicəyə göndərdilər. İndi dövlətimizin diqqət və qayğısı nəticəsində daha ümidli, dünyaya yenidən göz açmış bir insan kimi həyatıma davam edirəm”.

İlahə xanım deyir ki, Prezident İlham Əliyevin qayğısını əhalinin hər bir təbəqəsindən olanlar - uşaqlar, gənclər, yaşlılar və xüsusən də fiziki hərəkətləri məhdud insanlar daim hiss edirlər.

Eşitdiklərimiz bizi həm təsirləndirdi, həm də qürurlandırdı. Ona görə ki, bu gün Azərbaycan dövləti öz vətəndaşına sahib çıxaraq onun çalışması, işləməsi üçün real imkanlar yaradır. Masallı "ASAN xidmət” mərkəzində şahidi olduğumuz xoş mənzərə də bunu deməyə tam əsas verir.

 

Heydər Əliyev İncəsənət Məktəbi, kinoklub

 

Bu xoş təəssüratlarla "ASAN xidmət” mərkəzindən ayrılıb kompleksin ərazisindəki digər obyektlərə baş çəkirik.

Əlavə edək ki, kompleksin yerləşdiyi ərazidə park salınıb, fəvvarə quraşdırılıb, əhalinin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı var.

İlk olaraq Heydər Əliyev İncəsənət Məktəbi ilə tanış oluruq. Bu bina da xüsusi dizaynla inşa olunub. Burada müxtəlif sərgi, tədbir, təqdimat və təlimlər keçirilir. Məqsəd müasir Azərbaycan incəsənətini tanıtmaq və onun geniş ictimaiyyət arasında təbliği üçün şərait yaratmaqdır. Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən kitablar, jurnallar, fotoların olduğu maraqlı guşə də diqqət çəkir.

Müasir üslubda tikilən kinoklub isə uşaq və yeniyetmələrin daha çox əyləndiyi məkandır. Burada kafe və iki kinozal var. Kafenin masaları da elektrondur. Belə ki, müştərilər çay, kofe içə-içə stoldakı düyməni basıb elektron lövhəni yandırırlar. Sensorlu lövhədə bu gün üçün hansı filmlərin nümayiş etdiriləcəyi və ümumiyyətlə filmlər haqqında məlumat əldə edirlər.

 

"ABAD” və "ASAN İntellektual” inkişaf mərkəzi

 

"ABAD” (Ailə Biznesinə ASAN Dəstək) - ailə bizneslərinin formalaşdırılmasını, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalını, xidmətlərin göstərilməsini və brendləşdirilməsini, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsini həyata keçirən mərkəzdir. "ABAD” mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək olmaqdır.

Elnur Niftəliyev diqqətə çatdırdı ki, "ABAD” pilot layihə kimi Masallı "ASAN Həyat” kompleksinin açılışı zamanı təqdim olunub və 2016-cı il 23 sentyabr tarixində Prezident İlham Əliyev tərəfindən "ABAD” publik hüquqi şəxsin yaradılması ilə bağlı sərəncam imzalanıb.

Bu gün dəstək proqramından 332 ailə bəhrələnir. Layihə Masallı rayonunda 7 ailə təsərrüfatı ilə fəaliyyətə başlayıb. Hazırda Lənkəran iqtisadi rayonunu əhatə edən Masallı "ABAD” Regional Mərkəzi vasitəsilə bu rəqəm 24-ə çatdırılıb. 24 ABAD-çı ailəsindən 13-ü dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində, 11-i isə qida məhsulları istehsalı sahəsində çalışır. Qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən ailələr müasir istehsal avadanlıqlarına malik konteynerlərlə təmin olunublar.

"ASAN İntellektual” inkişaf mərkəzi isə cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində, intellektual inkişaf, savad və dünyagörüşlərini artırmaqda onlara kömək etmək məqsədi daşıyır. Mərkəz gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik və bacarıqları aşılayır. Burada tez-tez məktəblərarası, rayonlararası intellektual yarışlar təşkil olunur.

Bütün gördüklərimiz, şahidi olduğumuz reallıqların hamısı bir məkanda - Masallı "ASAN Həyat” kompleksində cəmləşib. Həm "ASAN xidmət”, həm də digər əyləncə və istirahət mərkəzləri vətəndaş rahatlığına xidmət edir. Kompleksə təşrif buyuran 9 rayonun vətəndaşları həm "ASAN xidmət” mərkəzinə hansısa sənədlə bağlı müraciət edir, həm də parkda istirahət edirlər. Gənclər isə asudə vaxtlarını intellektual inkişaf mərkəzində, kinoklubda keçirirlər.

 

Xalqa xidmət nümunəsi

 

Əlbəttə ki, belə mərkəzlərin yaradılması Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin söylədiyi kimi, "ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir. Bu, Azərbaycanın ixtirasıdır: "Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq edirlər. Bu onu göstərir ki, doğrudan da, bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı var. Ancaq güclü dövlət belə işləri görməyə qadirdir. Ancaq öz xalqına diqqət göstərən hökumət bu işləri görür”.

 

Bu il daha 5 "ASAN xidmət” mərkəzi istifadəyə veriləcək

 

Bu gün ölkəmizdə 5 (Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidə) "ASAN Həyat” kompleksi fəaliyyət göstərir. Bu mərkəzlərin hər biri memarlıq əsəridir. Müxtəlif dizaynlarda inşa olunan komplekslərdə vətəndaşlara ən yüksək səviyyədə xidmət göstərilir.

Elnur Niftəliyevin sözlərinə görə, hər gün "ASAN xidmət” mərkəzlərinə ümumilikdə təxminən 22 min vətəndaş müraciət edir. Bu günə qədər olan müraciətlərin sayı 26 milyondan çoxdur. Onun da 7 milyonu 2018-ci ilin payına düşür. Hazırda vətəndaşların məmnunluq əmsalı 99,6 faizdir.

Bu il daha 5 şəhər və rayonda - Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə "ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. Eyni zamanda paytaxtda növbəti "ASAN Kommunal”ın istifadəyə verilməsi nəzərdə tutulub. Əsas hədəflərdən biri isə "Elektron hökumət”in inkişafı ilə bağlı yeni modelin istifadəyə verilməsidir.

Bir sözlə, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə reallığa çevrilən və vətəndaş məmnunluğuna xidmət edən belə mərkəzlərin sayının artması həm dövlətin iqtisadi qüdrətinin yüksəldiyini, həm də verilən vədlərin vaxtında yerinə yetirildiyini təsdiqləyən reallıqdır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 18 yanvar.- S. 1; 5.