Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin fəaliyyətinin 20 illiyi münasibətilə tədbir keçirilib

 

Yanvarın 14-də Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin arxiyepiskop kimi fəaliyyətinin 20 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən arxiyepiskop Aleksandr İşein Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirib. Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Aleksandr İşein Azərbaycanın dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə və inkişafında mühüm rol oynadığını qeyd edib.

Yeparxiyanın ölkəmizdə 20 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşein bildirib: "Azərbaycanda dini icmamızın fəaliyyəti üçün hər cür imkan yaradılıb. Bakıda icmamıza aid kilsələr fəaliyyət göstərir. Ölkədəki tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətinə imkan verir. Bu sahədə dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Mən Prezident İlham Əliyev tərəfindən dəfələrlə ali mükafatlarla təltif olunmuşam. Bu, dini icmalara göstərilən diqqətin təzahürüdür”.

Arxiyepiskop qeyd edib ki, bu gün insanlar bəşəriyyətin inkişafını ləngidən və bu tərəqqiyə mənfi təsir göstərə bilən problemlərlə üz-üzə qalıb. Bu problemlərdən biri də cəmiyyətdə dinimilli ayrı-seçkiliyin baş verməsidir. Bu problemlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin olduğunu deyən arxiyepiskop deyib ki, din xadimləri dindən siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almalıdırlar.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək pravoslav xristian icmasının nümayəndələrinə təbriklərini çatdırıb. Azərbaycanda millət və din fərqi olmadan hər kəsin dini ibadətlərini rahat şəkildə yerinə yetirdiklərini vurğulayan Şeyxülislam bildirib ki, dinindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edir.

Pravoslav dini icmasının üzvlərinin digər icmalarla daim dostluq və əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan Allahşükür Paşazadə diqqətə çatdırıb ki, icma ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafı istiqamətində mühüm işlər görüb. Bu, həm də dinlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfə verir.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdəki xarici dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 15 yanvar.- S.7.