Sumqayıtda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

 

Ümumxalq hüzn günü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "20 Yanvar - müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq tarixidir” adlı "dəyirmi masa” və rəsm sərgisi keçirilib.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzinin sərgi salonunda Bakı küçələrində azadlıq istəyən geniş xalq kütləsinə qarşı sovet ordusunun törətdiyi misli görünməmiş faciəni əks etdirən rəsm sərgisinə baxış keçirilib. Yeniyetmələrin ifa etdiyi şeirlər iştirakçılar tərəfindən maraqla dinlənilib.

Daha sonra mərkəzin konfrans zalında davam edən tədbirdə vurğulanıb ki, həmin hadisədən 29 il keçir. Qeyd edilib ki, keçmiş sovetlər birliyinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı il Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilibterror aktının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 20 Yanvar dairəsində memorial abidə kompleksi ucaldılıb. Hər il xalqımız igid övladlarının fədakarlığını əziz xatirələrini böyük ehtiramla yad edir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədr müavini Elmar Xəlilov, Gənclər evinin direktoru Pəri Vəliyeva çıxışlarında həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd ediblər.

Sonra həmin günləri yaşadan videoçarx göstərilib.

Sonda iştirakçılara "20 Yanvar” adlı məlumat bukletləri paylanılıb.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 20 yanvar.- S.3.