Üç kəmərin bir dəhlizi

 

 

CQBK - möhkəm bünövrə

 

* "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisi CQBK-dır. CQBK Bakı-Tbilisi-Ərzurum boru xəttinin Azərbaycan və Gürcüstandan keçən hissəsini təşkil edir. "Cənub qaz dəhlizi”nin mühüm seqmenti kimi genişləndirildikdən sonra CQBK artıq "Şahdəniz-2” qazını da nəql edir.

Cənubi Qafqaz Boru Kəməri Azərbaycanın 13 bölgəsindən - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz, Şəmkir və Ağstafadan keçir. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometr məsafə boyu uzanır.

"Şahdəniz-2” qazı TANAP-a məhz CQBK vasitəsilə qovuşur. İndi onun iki qolu var. CQBK-nın genişləndirilməsi layihəsi bu məqsədə xidmət edirdi. Belə ki, Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı daha bir xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası var.

CQBK-nın Gürcüstanda aparılan genişləndirilməsinə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan ölçən stansiyaların tikintisi daxil idi. Genişləndirildikdən sonra CQBK-nın ilkin ötürücülük gücü 16 milyard kubmetrə çatıb.

Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir. Genişləndirilmiş CQBK-nın Azərbaycan Gürcüstan ərazisindəki qurğuları boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

 

TANAP - birləşdirici halqa

 

* TANAP "Cənub qaz dəhlizi”nin ən böyük hissəsidir, bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlanır. Onu "Cənub qaz dəhlizi”nin onurğa sütunu da adlandırırlar.

Uzunluğu 1850 kilometr olan TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən keçir. Marşrut boyu kəmər Türkiyənin 67 rayonunu 600 kəndini arxada qoyub Türkiyə-Yunanıstan sərhədinə çatır oradakı Kipoi məntəqəsində TAP-a qovuşur.

TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin o vaxt baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdır. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqaviləsi imzalanmış kəmərin detallarının layihələndirilməsinə başlanmışdır. 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməli qoyulmuşdur. Mərasimdə Azərbaycanın, Türkiyənin Gürcüstanın dövlət başçıları iştirak etmişlər.

Bu layihə ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq tərəfdaşlıq formatını daha da təkmilləşdirmişdir. Layihədə Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ Böyük Britaniyanın BP şirkətləri tərəfdaşlıq edirlər.

2018-ci il iyunun 12-də Türkiyədə - Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir. Kəmər fəaliyyət göstərdiyi qısa müddətdə artıq özünü təsdiq etmişdir. Bu boru xətti ilə "Şahdəniz-2” layihəsinin qazı ahəngdar təhlükəsiz nəql olunur.

 

TAP - sonuncu seqment

 

* TAP "Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Bu, strateji əhəmiyyətli bir layihədir, Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək enerji təhlükəsizliyinə ciddi dəstək verəcək.

TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

Layihədə SOCAR (20 faiz), BP (20 faiz), "Snam” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) "Axpo” (5 faiz) şirkətləri ilə tərəfdaşlıq edir.

Ümumi dəyəri 4,5 milyard avro olan TAP kəməri ilə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Sonrakı illərdə bu həcm artırıla da bilər.

Layihənin İtaliyada başa çatmasına baxmayaraq, təbii qazın gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm ondadır ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb. İnşaat işləri uğurla davam edir. Kəmərin gələn il Azərbaycan qazını Avropaya çatdıracağı gözlənilir.

 

Azərbaycan.- 2019.-25 yanvar.- S.5.