Yeni təşəbbüs, real nəticə, uğurlu gələcək

 

Kənd şagirdlərinin əzmkarlığı sübut edir ki, uzaq məsafələr, yaşanan çətinliklər təhsilin qarşısında sədd ola bilməz

 

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə dünya standartlarına uyğun müasir tipli məktəblərin sayı ildən-ilə artır. Respublikanın ayrı- ayrı bölgələrində, hətta ucqar dağ kəndlərində inşa edilən modul tipli məktəblər də təhsilin inkişafına dövlət səviyyəsində olan yüksək qayğının təzahürüdür.

Elə Təhsil Nazirliyi tərəfindən İsmayıllı rayonu Lahıc qəsəbəsinə və Gəndov kəndinə təşkil edilən mediaturun da məqsədi, orada şagirdlər üçün yaradılmış təhsil imkanları ilə yaxından tanışlıq idi.

 

5 kəndin təhsil ocağı

 

Səfər çərçivəsində KİV nümayəndələri və təhsil ekspertləri ilk olaraq Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanış oldular. 2018-ci ildə Prezidentin sərəncamına əsasən quraşdırılan modul məktəbin direktoru Xuraman Qurbanova məlumat verdi ki, 1975-ci ildə tikilmiş əvvəlki məktəb çox köhnə idi: "Modul tipli indiki məktəbdə isə hazırda 44 şagird təhsil alır. Şagirdlərə 14 müəllim təhsil verir ki, onların da əksəriyyəti gənclərdən ibarətdir”.

Direktor qeyd etdi ki, şagirdlər arasında məktəbə çox uzaq məsafədən gələnlər də var. Belə ki, uşaqların bəziləri Köhnədaxar, Dərəkənd, Müşkəmir, Kənə kəndindən gələrək bu məktəbdə təhsil alırlar.

 

Birincilərin yeganə Mirzəsi

 

Direktorla söhbəti bitirib siniflərə daxil olduq. Ədəbiyyat müəllimi Ceyhun Əsgərovun və coğrafiya müəllimi Orxan Kamalın, eləcə də ibtidai sinif müəllimi Faiz Şərifovun dərs prosesini izlədik.

40 illik müəllim təcrübəsinə malik Faiz Şərifov fəaliyyətinin 30 ilini Gəndov məktəbinə həsr edib: "Əvvəl kənd uşaqlarına çox acınacaqlı şəraitdə dərs keçirdim. Geriyə baxıb o günləri xatırlayanda, şükür edirəm ki, indi bizim şagirdlərimizə bu cür gözəl şəraitdə təhsil almaq imkanı yaradılıb”.

Müəllimin sözlərinə görə, şagirdlərin dərsi mənimsəmələri də normaldır: "Kənd yeri olduğundan bəzi uşaqlar valideynləri ilə təsərrüfat işləri görməyə yönləndirilir, amma çalışırıq ki, onlarda da dərsə maraq yaradaq və yaxşı oxumalarına nail olaq”.

Diqqətimizi çəkən maraqlı məqamlardan biri də məktəbdə cəmi bir ibtidai sinfin olması idi. Şagirdlərin sayı az olduğundan ibtidai siniflər komplektləşdirilir. Belə ki, I və III sinfilərdə 3 nəfər, II və IV siniflərdə isə 6 nəfər şagird təhsil alır. Uşaq sayının məhdud olması isə kənddə gənc ailələrin sayının az olması ilə bağlıdır.

"Böyüyəndə polis olacam və yaxşı olmayan adamları tutacam”. Bu isə birinci sinfin tək şagirdi Mirzənin arzusudur.

 

At belində dərsə gələn qız

 

Yuxarıda da qeyd etdiyimiz kimi, Gəndov kənd məktəbində digər kəndlərdən də təhsil almaq üçün gələn şagirdlər var. Elə valideynlər də var ki, övladlarını məktəbə at belində gətirir. Məsələn, modul tipli məktəbdə təhsil alan 5-ci sinif şagirdi Familə Bağırova bildirdi ki, atası hər gün onu dərsə at belində gətirir: "Kəndimiz məktəbdən 4 kilometr aralıdadır. Qaldığımız kənddə 9 ev var. Yolumuz dağlıq olduğu üçün atam hər səhər məni məktəbə at belində gətirir. Qayıdanda isə özüm atla gedirəm”.

Familə deyir ki, bütün bu çətinliklərə baxmayaraq, oxumağı çox sevir. Böyüyəndə isə həkim olmaq istəyir və elə buna görə də qar-çovğun, yağış-günəş demədən hər gün həvəslə məktəbə gəlir...

9-cu sinif şagirdlərinin dərs aldığı otağa daxil oluruq. Rus dili dərsidir. Öyrəndik ki, bu il buraxılış sinfində olan bu uşaqlardan cəmi üç nəfər ali təhsil almaq niyyətindədir. Digərləri isə bu il məktəbi bitirib peşə təhsilinə yönələcəklər.

Məlumat verək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Bu tip məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

 

Lahıclıların arzusunda olduqları yeni məktəb

 

Daha sonra Lahıc qəsəbə tam orta məktəblə tanış olmaq üçün ora yollandıq. Qarşılaşdığımız yeni məktəb binası hər birimizi yaxşı mənada heyrətləndirdi. Sözün düzü, ucqar bir yerdə bu cür möhtəşəm məktəblə qarşılaşacağımızı gözləmirdik.

Direktor Hikmət Haqverdili məlumat verdi ki, məktəbin inşasına 2017-ci ilin dekabr ayında başlanılıb, 2018-ci ilin avqust ayında tikinti- quraşdırma işləri başa çatdırılıb. 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, ərazisində qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Binanın daxilində idman zalı, hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqları var. Məktəbdə 220 şagird təhsil alır.

 

Dərslər elektron lövhə ilə keçilir

 

Direktor onu da diqqətə çatdırdı ki, hazırda məktəbdə 30 müəllim çalışır: "Müəllimlərin əksəriyyəti müəllimliyə işə qəbul müsabiqəsində 50-dən yuxarı bal toplayıb. Amma bizim musiqi, rəsm, ingilis dili, coğrafiyaibtidai sinif müəlliminə ehtiyacımız var. Gələn müəllimlər də müqavilə ilə işləyir və bir il sonra gedir. Hər il eyni proses yaşanır. Daimi müəllim olsa, bizim işimizrahat olar”.

Daha sonra biologiya müəllimi Cəmilə Kamilovanın, fizika müəllimi Rövşən Əliyevin, ibtidai sinif müəllimi Günay Cəbrayılovanın dərslərini izlədik. Şagirdlərə dərsi elektron lövhə ilə keçən Günay müəllimin dərs prosesi ekspertlər tərəfindən müsbət qiymətləndirildi. Günay Cəbrayılova deyir ki, uşaqların təhsilə marağı yaxşıdır, ancaq kənddə işləmək çox çətindir.

Daha sonra isə məktəbin tarix-diyarşünaslıq muzeyində 9-cu sinif şagirdlərinin tarix dərsinin gedişi ilə tanış olduq.

Təhsil ocağında həm də məktəbəhazırlıq məşğələləri təşkil olunur.

Görünən odur ki, Azərbaycanda təhsilin müasir standartlar səviyyəsində təşkili üçün regionlarımızda hər cür şəraiti olan məktəb binalarının inşası, modul tipli məktəblərin quraşdırılıb istifadəyə verilməsi daim gündəmdədir. Bütün bu həyata keçirilən işlər təhsilimizə, gələcəyimizə göstərilən yüksək qayğının nəticəsidir.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2019.- 26 yanvar.- S.1; 8.