Nəsimi
dövrü tarixi səpkidə təhlil ediləcək
“Nəsimi ili” çərçivəsində
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
institutlarında silsilə tədbirlər keçirilir. Bununla
əlaqədar AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin
deputatı, akademik Yaqub Mahmudov AZƏRTAC-a açıqlama
verib. O bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında” Sərəncamı Azərbaycanın zəngin
tarixi-mədəni irsinin qorunması, tədqiqi və təbliğinə
çox böyük töhfədir. Bu Sərəncam Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İnstitutunda
böyük razılıqla qarşılanıb. 2019-cu ilin “Nəsimi
ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın
inkişafına böyük təkan verəcək. Nəsimi
irsi, böyük mütəfəkkirin yaşadığı
dövr və sosial ədalət uğrunda mübarizəsi
daha dərindən araşdırılacaq.
Sərəncamda qeyd edildiyi kimi,
“Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf
edir”. Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu
ildə Bakının mərkəzində İmadəddin Nəsiminin
heykəli ucaldılıb və şair haqqında məşhur
bədii film çəkilib. Ulu öndər Heydər
Əliyev kimi, İlham Əliyev də tariximizə sahib
çıxan, onu dirçəldən, qoruyan və inkişaf
etdirən ölkə rəhbəridir.
Ulu öndər Heydər
Əliyevin 90 illiyinə həsr olunan və ssenari müəllifi
olduğum “Dahi azərbaycanlı” filmində (2013) onun təşəbbüsü
və tapşırığı ilə çəkilən “Nəsimi”,
“Babək”, “Dədə Qorqud” və “Nizami” filmləri barədə
məlumat verilib.
Nəsimi obrazını ədəbiyyatda,
musiqidə, rəssamlıqda, heykəltəraşlıqda və
kinoda təcəssüm etdirən dəyərli əsərlər
yaranıb: yazıçı İsa Hüseynovun “Məhşər”
romanı və onun ssenarisi əsasında rejissor Həsən
Seyidbəylinin çəkdiyi “Nəsimi” filmi, görkəmli
rəssam Mikayıl Abdullayevin “Nəsimi” portreti, şair Qabilin
“Nəsimi” poeması, bəstəkarlardan Süleyman Ələsgərovun
şairin qəzəllərinə bəstələdiyi
romanslar, Cahangir Cahangirovun “Nəsimi” kantatası, Azər
Rzayevin “Nəsimi” simfonik poeması, Fikrət Əmirovun “Nəsimi
haqqında dastan” baleti və s. Azərbaycan Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadənin “Nəsimi”
passionu dahi şairimizin sönməz həyat eşqinin, haqq-ədalət
uğrunda mübarizəsinin dünyaya tanıdılmasında
mühüm rol oynadı.
Nəsimi dövrü və onun fəlsəfi
görüşləri lazımınca
araşdırılmayıb. Onun ustadı Fəzlullah Nəimi
hürufilik elmi-fəlsəfi cərəyanının
banisidir. Sovet dönəmində Nəsiminin guya İslam əleyhinə
olduğu bildirilirdi. Əslində isə o, dini elmin, maarifin
inkişafına yol açmağa çağırır,
xurafata və cəhalətə qarşı
çıxış edirdi. O, dində islahatlar tərəfdarı
idi. Nəiminin və Nəsiminin dində islahatlar təşəbbüsü
orta əsrlər Avropasındakı dini islahatlardan – Reformasiya
hərəkatından daha öncə baş verib. Dində
islahat əslində Şərqdən başlayıb. Sadəcə
orta əsrlər Şərqində islahat ideyaları baş
tutmadı. Avropada isə Lüterçilik,
Münserçilik, Kalvinizm inkişafa geniş yol
açdı. Bu baxımdan bəşəri dəyərlərə,
insana sevgiyə və əmin-amanlığa
çağırış Nəsimi
yaradıcılığının əsas xəttidir. Onun
yaradıcılığı sosial ədalətsizliyə və
hər növ zülmə qarşı böyük etiraz idi. Nəimi
və Nəsimi dünya tarixinin dahi maarifçiləri idilər.
Altmış milyonluq Azərbaycan
xalqı dünyanın hər yerində tarix yaradıb.
Dünya ölkələrində uyuyan dahilərimizin – Nəsirəddin
Tusinin, İmadəddin Nəsiminin, Məhəmməd
Füzulinin və başqa mütəfəkkirlərimizin məzarları
bizim müqəddəs ziyarətgahlarımızdır, onlara
toxunmaq olmaz. Tarixi şəxsiyyətlərimiz harada
yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orada tariximiz
var. Nəsiminin məzarının Hələb şəhərində
olması Azərbaycan xalqının o zaman Yaxın və Orta
Şərqin çox geniş regionunda
yayıldığını, bütün bu regionun təkcə
hərbi-siyasi həyatında deyil, elmi-ədəbi həyatında
da mühüm rol oynadığını göstərir.
Fikrimcə, böyük Nəsiminin məzarı Azərbaycan
tarixinin müqəddəs bir ziyarətgahı kimi Hələbdə
qalmalıdır.
Məlumdur ki, Nəsiminin məzarının
Hələbdə olduğunu böyük mütəfəkkirimiz
Rəsul Rza aşkar edib. Mən o zaman bu məsələlərlə
bağlı Rəsul Rza ilə olan çoxsaylı söhbətlərin
şahidiyəm. O, Nəsiminin məzarının aşkar
edilməsi və qorunub saxlanılmasında mühüm rol
oynayıb.
Ümid edirik ki, dahi Nəsiminin Hələbdəki
məqbərəsinin gələcəkdə bərpa
olunması da dövlətimizin diqqət mərkəzindən
kənarda qalmayacaq.
İctimaiyyətə bildirmək
istəyirəm ki, AMEA-nın Tarix İnstitutu bu il
Şamaxı şəhərində Nəsiminin 650 illik
yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək.
Tarixçilərimiz konfransda Nəsimi dövrünü tarixi
səpkidə təhlil edəcəklər.
Azərbaycan.-
2019.- 26 yanvar.- S.7.