Qonaq-qaralı Qəbələ

 

Qəbələnin bütün sahələrdə əldə etdiyi uğurlara görə öyünmək haqqı var. Bununla belə, Qəbələ deyəndə hamımızın gözü önündə yüksək turizm infrastrukturunun formalaşdığı, təkcə yerli deyil, eyni zamanda xarici turistlərin də həvəslə gəldikləri məkan canlanır.

Rayonda turizmin inkişaf dinamikasına nəzər salaq: əgər 2008-ci ildə Qəbələyə 14,6 min turist gəlmişdisə, 2013-cü ildə bu rəqəm 45 mini keçmişdir. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99,7 min nəfər olmuşdur ki, onların da 32,6 min nəfəri xarici turistlərdir.

2018-ci ilin son olmayan məlumatına görə, Qəbələyə orta hesabla 300 min turist gəlib. Onların təxminən 115 mini yerli, qalanı əcnəbi turistlər olub. Xaricilərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən gəlmişlər.

Qəbələdə turistləri cəlb edən məkanlar çoxdur. Çuxur Qəbələ kəndində yerləşən qədim Qəbələ şəhərinin qalıqları, rayonun müxtəlif yerlərindəki daş kurqanlar (eramızdan əvvəl III-I minillik), Həzrə kəndindəki türbələr kompleksi (XIV-XV əsrlər) görənləri heyrətə gətirir. Nic qəsəbəsindəki nekropol (antik dövr), tarix-diyarşünaslıq muzeyi, İsmayıl bəy Qutqaşınlının və Şəhidlərin xatirə muzeyləri də turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin qərarı ilə rayonun 100-ə qədər tarixi mədəni abidəsi dövlət mühafizəsinə götürülüb. Onlardan biri - qədim Qəbələ şəhərinin qalıqları dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına daxildir. 8 memarlıq, 53 arxeoloji abidə ölkə, digərləri yerli əhəmiyyətlidir.

Qəbələnin yerləşdiyi coğrafiya, burada fərqli iqlim qurşaqlarının çuğlaşması da turistlər üçün fərqli bir dünyadır. Rayonun ekzotik təbiəti ilə təmasda olmaq, möcüzəli Azərbaycan mətbəxinin nemətlərindən dadmaq və mənalı istirahət etmək Qəbələyə gələn yerli və xarici turistlərin sayını ildən-ilə artıran səbəblərdəndir.

Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir. Gün ərzində həmin obyektlərdə ümumilikdə 3 minə yaxın qonağa milli, türk və Avropa yeməkləri, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilir. Bundan əlavə, turistlər "Qəbələnd” istirahət və əyləncə mərkəzinin, hotellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən də istifadə edirlər.

Ağdaşın Ləki qəsəbəsindən Qəbələyə dəmir yolu xəttinin çəkilməsi isə bu məkanın cəlbediciliyini daha da artıracaq. Layihə yekunlaşdıqdan sonra Ağdaşın ərazisindən keçməklə Qəbələnin hava limanına qədər dəmir yolu ilə gəlmək mümkün olacaq.

Bir sözlə, nadir təbii iqlim şəraiti, mineral bulaqları, lacivərd landşaftı ilə seçilən, tarixi İpək yolunun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ və qəbələlilər ilin bütün fəsillərində qonaqlarını qarşılamağa hazırdırlar.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 27 yanvar.- S.7.