Həmrəyliyin və mərhəmətin İlham Əliyev nümunəsi

 

Azərbaycan Prezidentinin koronavirus pandemiyası dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirləri həm xalq, həm də beynəlxalq birlik təqdir edir

 

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşıb.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutaraq bayram günlərində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır.

 

Diqqət və hörmətin bariz təcəssümü

 

Ümumiyyətlə, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşubya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları 10 mindən çox insana şamil olunub. Bütövlükdə, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən indiyə kimi 4871 şəxs əfv edilib.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları ümumilikdə 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub.

Dövlət başçısının aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına əsasən isə 176 məhkumun, o cümlədən 165 kişi və 11 qadının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi mühüm əhəmiyyətə malikdir. Çünki sərəncam dünyanı cənginə alan koronavirus pandemiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan və yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub.

Sərəncamın digər mahiyyəti odur ki, dünyanı bürüyən koronavirus infeksiyası xüsusilə yaşlı insanları daha tez yoluxdurur və onların sağlamlıqlarını təhlükə altında qoyur. Mövcud vəziyyətdə mühüm qərarlar qəbul edən, sərəncamlar verən dövlət başçısı bu məsələdə də çox doğru qərar verərək yaşlı nəslə bir daha diqqət göstərdi və bu yaş kateqoriyasına uyğun yaşlı məhbusların azad olunmaları, sağlamlıqlarının mühafizəsi üçün humanist addım atdı.

Dövlət başçısı məhkumluq həyatı yaşayan bəzi yaşlı insanları əfv etməklə həm də bu xəstəliklə mübarizənin səmərəliliyinə əlavə töhfə vermiş oldu.

Prezident İlham Əliyev bu çətin günlərdə bir sıra ailələrə sevinc bəxş etdi.

Əlbəttə ki, bu, həm də Azərbaycan Prezidentinin dünyanı bürüyərək insanların həyatını təhdid edən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri sırasında yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın sağlamlığının təminatını prioritet məsələ kimi öndə saxlaması, böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir. Yəni dövlət başçısının bu sərəncamı ilə yalnız azadlığa çıxan insanların qayğılarına diqqət göstərilməyib, eyni zamanda onların ailələrinin narahatlıqlarına da son qoyuldu.

Düzdür, həbsxana qapalı müəssisədir və orada epidemiyaya yoluxma riski azdır. Amma dövlət başçısı imzaladığı sərəncamla həbsxanalarda bu kateqoriyadan olan şəxslərin xüsusi qayğıya ehtiyacı olduğundan onların öz ailələrində daha yaxşı şəraitdə və diqqətlə əhatə olunmaları üçün real zəmin yaratdı.

Xüsusi olaraq vurğulanmalıdır ki, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi də dövlət tərəfindən nəzərə alınıb. Belə ki, azadlığa çıxan məhbusların doğmalarının yanına getməzdən əvvəl onların ailə üzvlərinin də sağlamlıq durumu araşdırılır. Bu məqsədlə azad olunan şəxslər istirahət mərkəzlərindən birinə ikihəftəlik yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qidatibbi təminatla təchiz olunublar.

Bir sözlə, imzalanmış əfv sərəncamı bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyev kimliyindən asılı olmayaraq birmənalı şəkildə bütün ölkə vətəndaşlarını düşünür, onlara hər zaman qayğı göstərir. Bütün bunlar Azərbaycan Prezidentinin insan amilinə verdiyi yüksək dəyərin təcəssümüdür.

 

Azərbaycan koronavirusla bağlı müayinələrin sayına görə liderlər sırasındadır

 

Ümumiyyətlə, bu dəhşətli bəlanın bəşəriyyətə ağır zərbə vurmağa başladığı dövrdən Prezident İlham Əliyev ölkə vətəndaşlarının pandemiyadan etibarlı müdafiəsini təşkil etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirməyə başladı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkədə karantin rejimi tətbiq edildi, sərhədlər bağlanıldı, ehtiyat fondundan vəsait ayrıldı. Dövlət dəstəyi proqramları hazırlandı. Bu proqramların icrası üçün 2,5 milyard manat ayrıldı. Qisa müddət ərzində ölkədə maska istehsalı müəssisəsi yaradıldı. Aprelin 7-də isə dövlət başçısı koronavirusa yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması ilə əlaqədar sərəncam imzaladı. Bu məqsədlə dövlət büdcəsindən 14,8 milyon manat vəsait ayrıldı.

Azərbaycan Prezidentinin bu istiqamətdə atdığı bütün addımlar beynəlxalq təşkilatlar, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı tərəfindən təqdir olunur, eyni zamanda ölkə ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanır.

Bu gün dünyanın acınacaqlı mənzərəsinə nəzər yetirsək, bir daha şahidi olarıq ki, Azərbaycan dövləti koronavirusun ölkədə yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması, pandemiyanın sosialiqtisadi fəsadlarının minimuma endirilməsi üçün əlindən gələni əsirgəmir və bu məqsədlə çoxistiqamətli preventiv tədbirlər həyata keçirilməkdə davam edir.

Hər kəs şahiddir ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ən öndə gedən ölkələrdən biridir. Hazırda Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilib. Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub. Operativliksistemli yanaşma keyfiyyətlərini özündə ehtiva edən bu tədbirlər ölkə rəhbərliyinin siyasi iradəsindən güc alaraq uğurlu nəticələr verməkdədir.

Prezident İlham Əliyevin də söylədiyi kimi, görülən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan pandemiya ilə mübarizədən az itkilərlə çıxa bilər. Bunun üçün hər kəs cənab Prezidentin "Biz birlikdə güclüyük” prinsipinə əsaslanaraq karantin qaydalarının tələblərinə əməl etməlidir ki, hökumətin göstərdiyi səylər də öz nəticəsini versin və Azərbaycan tez bir zamanda koronavirus bəlasından xilas olsun.

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2020.- 9 aprel.- S.3.