Milli Azərbaycan Tarixi Muzeyi ən yaxşı muzeylər siyahısındadır

 

Bu gün bəşəriyyətin məruz qaldığı koronavirus pandemiyasının törətdiyi fəsadlar barədə narahatlıq doğuran məlumatlar yayılır. Belə çətin günlərdə mədəniyyət ocaqları da öz qapılarını ziyarətçilərinə bağlamalı olub. Ancaq texniki yeniliklər seyirçilərə muzeylərlə, onların eksponatları ilə tanış olmaq imkanı verir.

Belə bir vaxtda Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi MDB-nin 10 ən yaxşı tarix muzeyi siyahısına daxil edilib.

Muzeydən verilən məlumata görə, bu mədəniyyət ocağı MDB ölkələrinin tarixi və mədəniyyəti üzrə ziyarət və virtual ekskursiyalar üçün ən yaxşı muzeylər reytinqində altıncı sırada yer alıb.

Bildirilir ki, reytinq muzeylərin populyarlığı və muzeylər üzrə virtual tur təkliflərinin analizinin nəticələrinə əsasən "TurStatturizm portalı tərəfindən təşkil olunub.

Qeyd edək ki, bu mədəniyyət ocağı tariximiz barədə məlumatlarla zəngindir. Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina isə Bakının ən gözəl memarlıq abidələrindən biri hesab edilir. 1895-ci ildə təməli qoyulan bina o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilib. Mülkün sahibi - Azərbaycanın məşhur neft milyonçusu, böyük xeyriyyəçi, sahibkar Hacı Zeynalabdin Tağıyev burada öz ailəsi ilə xoşbəxt günlər yaşayıb. 1920-ci ilin 28 aprelində, Azərbaycanda bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra bir çox zəngin insanların mal-mülkləri kimi, Tağıyevin də evi müsadirə edilib. Böyük xeyriyyəçi xoş arzularla inşa etdirdiyi 101 otaqdan ibarət imarətini tərk edərək ömrünün son illərini Mərdəkandakı bağ evində keçirməli olub.

Bu muzey 1920-ci ilin iyununda Az.XMK-nin sərəncamı ilə yaradılmış "Muzekskursun əsasında "Doğma diyarın tədris muzeyi İstiqlal” adı ilə təşkil edilib. 1921-ci ildən Azərbaycan Dövlət Muzeyi, 1937-ci ildən SSRİ EA-nın Azərbaycan filialı, 1945-ci ildən Azərbaycan SSR EA tərkibində Azərbaycan tarixi muzeyi adları ilə fəaliyyət göstərib. 2005-ci ildə milli muzey statusu alıb.

Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiyaetnoqrafiya, botanikazoologiya, minerologiyageologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərib. Sonradan muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri, Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirib. Dövrün tələbinə uyğun olaraq muzeydə illər boyu dəfələrlə struktur dəyişikliyi olunub.

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Muzeyin binası 2004-2007-ci illərdə Azərbaycan Prezidenti

İlham Əliyevin göstərişi və nəzarəti ilə əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olunub.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 12 aprel.- S.8.