Azərbaycan koronavirus təhlükəsini layiqincə dəf edəcək

 

Müasir dünyamız koronavirus adlandırılan yeni təhdidlə üz-üzə qalıb. Şərqdən Qərbə doğru sürətlə yayılaraq 1,9 milyona yaxın insanın yoluxmasına səbəb olan bu infeksiya hətta ən inkişaf etmiş dövlətləri və onların səhiyyə sistemlərini belə çıxılmaz vəziyyətdə qoyub. Son statistik məlumatlara əsasən, 200-dən artıq ölkədə vəfat edənlərin sayı 114 mindən çoxdur. Və bu rəqəmlər hər gün artır.

Azərbaycan çağdaş sivil dünyanın tərkib hissəsi olduğundan iqtisadiyyatımız qlobal iqtisadiyyata, sərhədlərimiz gediş-gəlişə açıqdır. Bu baxımdan hələ fevralın sonunda yeni növ COVID-19 infeksiyasının ölkəmizin ərazisində qeydə alınması təəccüblü sayılmamalıdır. Əsas odur ki, bu qlobal təhlükənin Azərbaycan ərazisində yayılmasının qarşısını almaq üçün ilk gündən qabaqlayıcı və məhdudlaşdırıcı mexanizmlər tətbiq olundu. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmasından başlamış, qonşu ölkələrlə gediş-gəlişin, virusun yayılmasına əsas vəsilələrdən olan insanlar arasında təmasın minimallaşdırılması üçün məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, parkictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, martın 24-dən xüsusi karantin rejiminin, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqi kimi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını alıb.

Respublikamızda koronavirusla mübarizə sahəsində diqqətimizi çəkən əsas məsələ Prezident İlham Əliyevin problemin həllində nümayiş etdirdiyi olduqca prinsipial və nümunəvi mövqedir. Cənab İlham Əliyevin martaprel aylarındakı fəaliyyətinə nəzər salsaq, görərik ki, dövlət başçısı diqqətini əsas etibarilə virusun Azərbaycanda yayılmasının qarşısının alınmasına və problemin sosial-iqtisadi sferaya təsirlərinin aradan qaldırılmasına yönəldib. Cənab İlham Əliyevin fərman və sərəncamları ilə məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olan Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və buraya Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 20 milyon manatın ayrılması, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının artırılması, 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinikaadlanan xəstəxanasının virusa yoluxan xəstələrin müalicəsi üçün onların ixtiyarına verilməsi, Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması, koronavirusla əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi, pandemiya ilə mübarizə sahəsində həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli 6 xəstəxananın quraşdırılması üçün 14,8 milyon manatın ayrılması ilk növbədə Prezident İlham Əliyevin problemin həllində göstərdiyi həssas və çevik reaksiya, bir lider olaraq öz xalqına qayğıkeş münasibətidir. İndiyədək 15 mindən artıq Azərbaycan vətəndaşının müxtəlif ölkələrdən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilməsi isə cənab İlham Əliyevin hər bir məsələdə öz xalqının yanında olduğunu, öz vətəndaşının taleyinə son dərəcə diqqətlə yanaşdığını növbəti dəfə təsdiq etdi.

Qeyd edim ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200-dən artıq fiziki və 3 minə yaxın hüquqi şəxs tərəfindən 112 milyon manata yaxın ianə edilib. Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, dövlət - vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir. Qısa müddətdə bu qədər vəsaitin toplanması həm də Azərbaycan cəmiyyətinin Prezident Əliyevin ətrafında sıx səfərbər olmasının və dövlət başçısının çağırışına böyük dəstəyinin ifadəsidir.

Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün ümumilikdə 2,5 milyard manat vəsaitin ayrılması isə bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və dərin rəğbətlə qarşılanır. Ümumilikdə dövlət dəstəyindən 290 mindən çox sahibkar faydalanacaq, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Aztəminatlı ailələrə dəstək məqsədilə işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə isə artıq ötən həftədən başlanılıb. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai yeri də yaradılacaq.

Onu da qeyd etmək yerinə düşər ki, bu günlər biz Birinci vitse-prezident Mehriban Əliyevanın problemə olduqca həssas münasibətini görməkdəyik. Bunu Mehriban Əliyevanın son dövrlərdə koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciəti, eləcə də rəsmi "Instagram” səhifəsində etdiyi paylaşımlar da təsdiq edir. Müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyimizə əmin olduğunu bildirən və koronavirusla mübarizə aparan tibb işçilərinin əməyini yüksək dəyərləndirən Mehriban Əliyeva həmçinin hər kəsi bu günlərdə məsuliyyətli olmağa səsləyir. "Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq başa düşməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək taleyin hökmü ilə üzləşdiyimiz qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün hər kəsi qoruya bilərik”, - deyə Mehriban Əliyeva bildirir.

Koronavirus infeksiyasının yayılması mənfi fəsadları ilə yanaşı, xalqımıza xas gözəl milli və mənəvi dəyərləri də ortaya qoydu. Belə ki, bu günlərdə hər bir vətəndaşımızın nümayiş etdirdiyi mühüm dəyərlərdən birimilli həmrəyliyimizdir. Sosial izolyasiyakarantin rejiminin tələblərinə əməl edilməsi ilk növbədə milli həmrəyliyin təcəssümüdür. Vətəndaşlar evdə qalarlarsa, karantin rejiminin tələblərinə əməl edərlərsə, koronavirus infeksiyasının da yayılmasının qarşısı alınar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz birlikdə güclüyük!” Məhz bu birliyimiz Azərbaycanın koronavirusa qalib gəlməsini təmin edəcək.

Aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşünün keçirilməsi isə Prezident İlham Əliyevin türkdilli dövlətlərin həmrəyliyinə verdiyi tarixi töhfə kimi yadda qaldı. Çünki bu videokonfrans hazırda Türk Şurasına sədrlik edən İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Ən əsası isə odur ki, videokonfransda Türk Şurasının üzvü olan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri ilə yanaşı, Türkmənistan prezidentinin, Macarıstan Baş NazirininÜST-ün baş direktorunun iştirakı Prezident İlham Əliyevin beynəlxalq səviyyədəki yüksək nüfuzunun növbəti təsdiqi kimi tarixə düşdü.

Azərbaycan həmişə ortaq dəyərlərlə bağlı olan türkdilli dövlətlərin sıx həmrəyliyinə nail olmağa çalışıb. Çünki bu birlik türk dövlətlərinin müstəqilliklərini daha da möhkəmləndirmək, onların qlobal təsirlərə layiqli cavab verməsi baxımından çox mühümdür. Bu gün koronavirus pandemiyasının yaratdığı qlobal reallıq Azərbaycanın həmrəylik çağırışının nə qədər aktual olduğunu göstərir. Bu mənada Prezident İlham Əliyevin təşəbbüsü ilə fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycanın daha sıx həmrəyliyə nail olunması baxımından siyasi iradəsini nümayiş etdirdi. Eyni zamanda bu Zirvə görüşündə səslənən fikirlər göstərdi ki, Prezident İlham Əliyev indiki çətin şəraitdə də belə Türk Şurasının səmərəli fəaliyyət göstərməsinə nail olur.

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2020.- 14 aprel.- S.3.