Dünyanı heyran qoyan Azərbaycan xalçaları

 

Milli sərvətimiz

 

Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənəti qədim və zəngin tarixə malikdir. Özlərini soyuqdan qorumaq üçün əyinlərinə heyvan dərisi geyinən əcdadlarımız sonralar yunu əyirərək ip hazırlamağa başlayıblar. Zaman keçdikcə hörmə və toxuma vərdişlərinə yiyələnə biliblər. Toxuculuq dəzgahı icad edilib.

Tədqiqatçıların qənaətincə, toxuculuğun mənşəyini Qobustanda tapılan Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Kültəpə, Üzərliktəpə, Sarıtəpə və başqa yerlərdə aşkar edilən Eneolit dövrünə aid gil, sümük tağalaqlar, iplər sübut edir.

Alimlərin nəticələrinə görə, yun xalçalar hələ Tunc dövründə mövcud olub. Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi qeyd edilib, gözəlliyi, zərif toxunuşu xüsusi vurğulanıb.

Albaniyada xalça istehsalı və zadəganların məişətində onlardan istifadə barədə VII əsr alban tarixçisi Musa Kalankatuklu yazıb. VII əsr Çin səyyahı Xuan-Tes-ankın Azərbaycanı iri xalça istehsalı mərkəzi adlandırması fikrini isə arxeoloji tədqiqatlar da təsdiqləyib.

Orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətləri və tipləri barədə məlumatlar əksini tapıb. Xalçalarımızın yüksək keyfiyyəti barədə IX-X əsr ərəb tarixçisi Təbəri də məlumat verib. X əsrə aid "Hüdud-əl-Aləm” adlı mənbədə Azərbaycanın Mərənd, Gəncə, Səmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatların istehsal olunduğu bildirilib. Naxçıvan, Muğan, Xoy, Səlmas və Ərdəbildə toxunan xalçalar, palazlar şöhrət qazanıb. X əsr ərəb səyyahı Əl-Məsudi Mərənddə, Təbrizdə, Ərdəbildə "Məxfur” adlı xalçalar istehsal edildiyini qeyd edib. X əsrdə ərəb müəllifı Əl Müqəddəsi gözəl Qarabağ xalçaları, xüsusən misilsiz Bərdə xalçaları barədə yazıb. Ərəb müəllifləri Əl-İstəxri də Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi (boyaqotu), Əl Müqəddəsi Gövhəl isə al-qırmızı boya alınan, hətta Avropaya ixrac edilən "qırmız” adlı xüsusi qurdlar barədə X əsrdə məlumat veriblər.

Araşdırıcılar XVI-XVII əsrlər Səfəvilər dövrünü Azərbaycan xalça sənətinin yüksək inkişaf mərhələsi hesab edirlər. Məlumata görə, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin XVI əsrin əvvəllərində Təbrizdə, öz sarayında yaratdığı, sənət mərkəzinə çevrilən kitabxanaya şairlər, elm və mədəniyyət xadimləri ilə bərabər rəssamlar da gəliblər. Kitabxananın nəzdində yaradılan bədii emalatxanada Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları çalışıblar. Onların verdikləri xalça və bədii parçaların çeşniləri əsasında toxunan zərif xalçalarparçalar geniş yayılıb.

Ölkəmizdə yaradılmış müxtəlif sənət nümunələrindən, həmçinin Azərbaycan xalçalarından seçmələr 1872-ci ildə Moskvada, 1873-cü ildə Vyanada, 1918-ci ildə Peterburqda Ümumrusiya, 1924-cü ildə Parisdə Ümumdünya sərgilərində nümayiş etdirilib.

Zaman-zaman Azərbaycan xalqına məxsus bir çox dəyərli sənət nümunələri müxtəlif vasitələrlə ölkəmizdən çıxarılıb. Onlardan bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə ya hədiyyə, ya da qarət yolu ilə əldə olunub. Azərbaycan xalça sənətinin bir çox nadir nümunələri də dünyanı dolaşıb, müxtəlif ölkələrin muzeylərinin eksponatına çevrilib, şəxsi kolleksiyaları bəzəyib.

Bu gün Azərbaycanın qadın ustalarının böyük sevgi və zövqlə toxuduqları gözəl xalçalarxalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda ViktoriyaAlbert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərində, eləcə də Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərində saxlanılır.

Bu qədim sənətin ölkəmizdə davaminkişaf etdirilməsi üçün mühüm işlər görülür. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənətyönümlü kolleclərdə xalçaçılıq sənət və elm sahəsi kimi tədris edilir. Həmçinin texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə xalçaçılıq sənət kimi öyrədilir.

Bakıda fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fondlarında müxtəlif növ çeşnidə xalçalar saxlanılır. Prezident İlham Əliyevin sərəncamına əsasən Xalça Muzeyi üçün orijinal memarlığı ilə diqqəti cəlb edən gözəl bina tikilib. Azərbaycan mədəniyyətinin təbliğində böyük işlər həyata keçirən Heydər Əliyev Fondunun bir sıra layihələri də bu sahənin inkişafına yönəldilib. 2010-cu ilin noyabrında Keniyanın Nayrobi şəhərində keçirilən UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.

Azərbaycan xalçaçılıq sənəti bu gün də yaşayır. Hər usta bu sənəti yalnız öyrənməklə kifayətlənmir, toxuduqlarına öz düşüncələrini, duyğularını, fantaziyalarını da əlavə edir. Odur ki, bu gün xalça ustalarımızın çoxu həm də sənət əsəri yaradırlar.

 

Z.FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 15 aprel.- S.10.