Prezident-xalq birliyinin təcəssümü

 

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlərin dəstəklənməsi vətəndaşların dövlət başçısına ünvanladığı məktublarda da öz əksini tapır

 

Azərbaycan xalqı taleyüklü məsələlərin həllində daim dövlətinin və hökumətinin yanında olub. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edərkən xalq üzləşdiyi siyasi, iqtisadi, humanitar böhranla əlaqədar Ulu Öndər Heydər Əliyevi heç də təsadüfi yerə köməyə çağırmadı. Xalq bilirdi ki, məhz çətin günlərdə Ümummilli Liderin siyasi iradəsi, qətiyyəti istənilən problemi həll edə bilər. Axı ömrünüictimai-siyasi fəaliyyətini xalqın rifahına həsr edən Heydər Əliyev bu inamı, etibarı əməli fəaliyyəti ilə qazanmışdı.

Bəli, bu gün də Azərbaycan Prezidenti İlham Əliyev xalqının və dövlətinin ona güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, "göydən gələn gözə görünməz bəla”dan - koronavirus (COVID-19) pandemiyasından xilas üçün ön sırada mübarizə aparır, "soyuq müharibə”nin gətirdiyi fəsadlardan az zərərlə çıxmaq üçün yollar arayır.

Bütün bunlar xalqın gözləri qarşısında baş verir. Dövlət başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinin cavabsız qalmamasının isə xalq-hakimiyyət birliyinin növbəti dəfə təcəssümü olduğunu dünya gördü və hətta təqdir edildi, təşəkkürlər eşidildi.

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın hər yerindən gələn, ardı-arası kəsilməyən təşəkkür dolu məktublar yalnız səmimiyyətin etirafı deyil, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun kimi ciddi olmasından soraq verir. Həmin məktublardan bəzi sətirlər bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır. Bu bəladan da tezliklə çıxacaq, birlikdə həmrəylik nümayiş etdirərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dəyən zərəri aradan qaldıracaq.

Ağdam rayonunun Bakı şəhərində məşkunlaşan 35 saylı tam orta məktəbinin müəllimi Aybəniz Zeynalova yazır ki, "hörmətli cənab Prezident, mən Sizin xalqımızın rifahı, vətənimiz Azərbaycanın inkişafı üçün atdığınız hər addımı bəyənir, uzaqgörən siyasətinizi alqışlayıram. Sevinirəm ki, sizin kimi siyasətçinin rəhbərlik etdiyi ölkənin vətəndaşıyam. Cənab Prezident, dünyanı vahiməyə salan koronavirus təhlükəsinin ölkəmizə yayılmaması üçün apardığınız işləri bəyənir və deyirik ki, hamımızdan çox Sizin narahatçılıq keçirməyinizi görməmək mümkün deyil. Axı Siz xalqın taleyinə heç vaxt biganə olmamısınız.

Bu məktubu ünvanlayarkən yadıma N.Gəncəvinin "Yeddi gözəl” əsərindəki Bəhram şah obrazı düşdü: xalqını sevən, onun dərd-sərini özününkü bilən bir hökmdar...

Sizinbizi - Azərbaycan xalqını nə qədər sevdiyinizi çox yaxşı bilirik. Biz də əlimizdə Allahın müqəddəs kitabını tutaraq dualar edirik: qoy Ulu Yaradan Sizləri və bizləri - bütün Azərbaycanımızı qorusun!”

Azərbaycan Texniki Universitetinin tələbəsi Quliyev Zakir Elnur oğlu məktubunda qeyd edir ki, gənc olaraq böyük fərəh hissi duyuram ki, bizim İlham Əliyev kimi dünyada nüfuzu olan, Vətənə, millətə, xalqa, dövlətə bağlı, uzaqgörən siyasi xadimimiz var: "Cənab Prezident! Bu günSizin nə qədər xalqa, dövlətə bağlı olduğunuzu gördük. Dünyada geniş yayılan koronavirus infeksiyası təəssüf ki, Azərbaycanımızdan da yan keçmədi. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyası ilə mübarizədə aciz qaldıqları halda, şükürlər olsun ki, bir çox dövlətlərdən fərqli olaraq, Sizin siyasətiniz sayəsində Azərbaycan infeksiyanın yayılmasına qarşı tez reaksiya göstərdi. Pandemiyanın təsirinin azaldılması istiqamətində mühüm addımlar atıldı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə daxilində xüsusi karantin rejimi tətbiq edildi. Xalqın rifahı və sağlamlığı üçün mühüm tədbirlər görüldü. Bu qayğınız üçün Sizə təşəkkür edirəm!”

Bu da Abşeron rayonundan Səlimə Rüstəmovanın məktubundan bəzi sətirlər: "Hörmətli cənab Prezident! Bir azərbaycanlı olaraq Sizə təşəkkür edirəm. Hazırda 120-dən çox ölkədə yayılmış koronavirusun bir çox dövlətlərdə qarşısının alınması çətinləşib. Belə bir vəziyyətdə Sizin operativ qərarlarınız və dövlətimizin göstərişləri əsasında görülən işlər bu "gözəgörünməz ölüm”ə qarşı güclü mübarizə tədbirləridir. Azərbaycanda yaşayan insanlara və xaricdə təhsil alan vətəndaşlarımıza olan qayğı və diqqətiniz üçün minnətdarıq. Biz Sizə inanırıq. Bir zaman Ulu Öndər Heydər Əliyev xalqımızı xilas etdiyi kimi, Sizbizi Allahın izni ilə bu bəlalardan qoruyursunuz. Bir gənc vətənpərvər olaraq Sizinlə böyük qürur hissi keçirirəm”.

Bəli, məktublardan da göründüyü kimi, bu çətin günlərdə bizim hər birimizin sağlamlığımızın qorunması üçün bütün zəruri tədbirləri reallaşdıran dövlət başçısının, öz həyatlarını risk altında qoyaraq koronavirusa yoluxmuş xəstələrin müalicəsinə çalışan fədakar həkimlərimizin, eləcə də hələ özlərinə və özgələrinə laqeyd qalaraq küçələrdə maskasız və əlcəksiz gəzən (bəziləri istisna olmaqla) yaşlı, qocacavanlara vəziyyətin ciddiliyini aşılayan polislərimizin fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir!

Karantindəki şəxslərin saxlanma şəraitinin yüksək səviyyədə olması bir qədər də optimistliyə stimul verir. Xaricdə olan tələbələrimizin, müəyyən səbəblərdən orada qalmış vətəndaşlarımızın ölkəyə gətirilməsi, onlara diqqət və qayğı birbaşa Azərbaycan dövlətinin başçısı İlham Əliyevin adı ilə bağlıdır.

Nəhayət, Prezident-xalq birliyinin təcəssümü bu gün özünü daha qabarıq şəkildə koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlərin dəstəklənməsi ilə bağlı vətəndaşların dövlət başçısına ünvanladığı ürək sözlərindən ibarət məktublarda da öz əksini tapır.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 16 aprel.- S. 4.