Onlar qısa, amma şərəfli döyüş yolu keçiblər

 

 

Aprel döyüşləri Azərbaycanın şanlı tarixidir. Bu tarixin yazılmasında şəhidlik zirvəsinə ucalanlarımızla xalqımız fəxr edir. Aprel döyüşlərində Azərbaycan Texniki Universitetinin 4 məzunu - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir QuliyevElvin Mirzəyev də şəhid olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Aprel dərsləri” haqqında fikrini ifadə edərkən demişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın birliyini, vətənpərvərliyini, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır...”

Azərbaycan əsgəri Müşfiq Orucov ön cəbhədə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif olunub. Ötən dörd il ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə doğma, səmimi münasibətinin, onların sosial qayğılarına olan yanaşmasının şahidiyik.

2016-cı il aprelin 5-də Tərtərdə düşmənlə gedən döyüşlərdə şəhid olan Müşfiq Orucov yüksək balla qəbul olduğu Azərbaycan Texniki Universitetinin Avtomatikakompüter texnikası (indiki İnformasiyatelekommunikasiya texnologiyaları) fakültəsinin məzunu idi. Aprel döyüşləri zamanı AzTU-nun qəhrəmancasına şəhid olan 4 məzunundan biridir. Onu universitetin istedadlı və bacarıqlı tələbəsi, eyni zamanda olduqca vətənpərvər, cəsarətli bir gənci kimi tanıyırdılar. Ali təhsil aldığı müddətdə fəallığı və nümunəviliyi ilə seçilirdi.

O, hərbi xidmətə 2015-ci ilin iyul ayında - ölümündən 9 ay əvvəl getmişdi. Daha doğrusu, universiteti bitirdikdən sonra, 2016-cı ilin iyununda Naftalan şəhərində yerləşən "N” saylı hərbi hissədə xidmətə başlamışdı. Evə, ailəyə, doğmalarının yanına qayıtmağa cəmi 3 ay qalmışdı.

M.Orucov "Xalqımız yaşasın, parçalanmış torpağımız birləşsin” amalına xidmət edərək, düşmənlə mübarizədə böyük qəhrəmanlıq göstərdi. Aprelin 5-də şəhid əsgərimiz böyük izdihamla Bakıda Dədə Qorqud qəbiristanlığında dəfn edildı. O, sevdiyi vətən torpağı uğrunda gözünü qırpmadan canını qurban verdi. Azərbaycan hərb tarixinin şanlı səhifəsini digər Aprel şəhidləri ilə birgə yazdı.

Müşfiq silahdaşları ilə birlikdə cəmi dörd günə böyük bir ərazinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsində igidlik göstərdi. Bu gün səngərdə düşməni nəzarətdə saxlayan hər bir Azərbaycan oğlu da həmin qəhrəmanlığı etməyə hazırdır. Çünki Müşfiq kimi canını vətənə qurban verən igidlərin, Aprel şəhidlərinin ömür yolu onlara həyat dərsi olub.

O, vətənpərvər övlad idi, onun üçün hər şeydən əvvəl torpaq sevgisi gəlirdi. Bu hissləri ona ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı müəllimi işləyən atası Arif Orucov aşılamışdı. Anası isə Müşfiqi hələ balaca olarkən əlindən tutub gəzintiyə apararkən Şəhidlər Xiyabanından başlayırdı.

Müşfiq və onun silahdaşları yaddaşlarda yaşayır, onlar haqqında kitablar yazılır, filmlər çəkilir. Aprel döyüşlərində isə Azərbaycanın ləyaqətli övladları düşmənə öz layiqli yerini göstərdi. Bu döyüşlərdə şəhid olanların xatirəsi xalqımız tərəfindən daim əziz tutulacaq, onların qəhrəmanlıqları gələcək nəsillərə nümunə kimi təbliğ ediləcək.

 

 

Əsmər NAMİQQIZI,

Azərbaycan Texniki Universitetinin doktorantı

Azərbaycan.-2020.- 16 aprel.- S.7.