Xalqımız öz dövlətinin qüdrətinə inanır

 

İlham Əliyev hər zaman olduğu kimi, öz xalqına arxalanaraq bu gün də qətiyyətli addımlar atır, əhalinin rifah halının daha da yaxşılaşması üçün çox əhəmiyyətli qərarlar qəbul edir

 

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının söylədiyi proqram xarakterli geniş nitqi ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuş və geniş əks-səda doğurmuşdur. Ölkə Prezidentinin dərin məzmun və mahiyyət daşıyan çıxışında, əslində, dövlətimizin strateji kursunun ilin ilk 3 ayında atılan taktiki addımları ifadə olunurdu.

Bu barədə qəzetimizə danışan Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirdi ki, nəticələr Prezident İlham Əliyevin böyük siyasi əzmlə başladığı çoxşaxəli islahatlar kursunun ardıcıllıqla davam etməkdə olduğunu göstərir. Dünyanın yeni bir mərhələyə qədəm qoyduğu və hətta ən inkişaf etmiş ölkələrin böyük problemlərlə üzləşdiyi bir zamanda Azərbaycan öz dinamik inkişaf tempini qoruyub saxlayır. Bəşəriyyətin varlığını təhdid altına almış koronavirus təhlükəsi belə dövlətin iqtisadi inkişaf sürətinə və siyasi sabitliyinə mane ola bilmir.

Fəzail İbrahimli daha sonra dedi: "Müşavirədə ölkə rəhbəri müqayisə üçün diqqəti belə bir məqama yönəldir ki, pandemiyadan xilas olmaq üçün 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna maliyyə yardımı ilə bağlı müraciət etdiyi halda Azərbaycanın adı bu siyahıda yoxdur. Çünki əldə olunmuş sosial-iqtisadi tərəqqi bizə öz daxili resurslarımız hesabına istənilən problemi dəf etməyə, istənilən mürəkkəb vəziyyətdən üzüağ çıxmağa imkan verir. Prezidentin müvafiq sərəncamı ilə koronavirusla mübarizəyə 1 milyard manat vəsait ayrılmış, əlavə olaraq 2,5 milyard manatın da bu problemin həllinə cəlb olunacağı planlaşdırılır. Bu məqsədlə dövlət hesabına 6 müasir modul tipli xəstəxananın tikintisinə isə artıq başlanmışdır. Bu mənada Ümumdünya Səhiyyə Təşkilatının görülən işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırması isə çox fərəhləndiricidir.

Koronavirusun hücumları qarşısında bir çox ölkələrin milli valyutaları duruş gətirə bilmədiyi halda bizim manatın sabitliyi qorunub saxlanılmaqdadır. Məhz daxili siyasi sabitlikiqtisadi stabillik Azərbaycanda səmərəli biznes mühitinin formalaşmasını şərtləndirən əsas meyarlardır. Təsadüfi deyil ki, məşhur "HeritageFondu iqtisadi azadlıqlar indeksinə görə Azərbaycanı dünya ölkələri sırasında 44-cü yerə layiq görüb”.

Fəzail İbrahimlinin sözlərinə görə, cənab İlham Əliyevin müşavirədəki nitqi bir daha göstərdi ki, dövlətimizin daxili siyasətinin əsas qayəsini insanların sosial rifahı təşkil edir. Məhz buna görə də artıq ardıcıl olaraq neçə illərdir ki, dövlət büdcəsi sosial yönümdə tərtib olunuronun mərkəzində məhz insan amili dayanır. Bu yaxınlarda Milli Məclisdə hökumətin hesabatını müzakirə edərkən bunun bir daha şahidi olduq. Bütün makroiqtisadi göstəricilərinə görə Cənubi Qafqaz regionunda liderliyi inamla qoruyub saxlayan Azərbaycanda həm də aparılan sosial islahatların nəticəsi olaraq əməkhaqları mütəmadi olaraq qaldırılır, pensiya və müavinətlər hər il indeksləşdirilir. Özünüməşğulluq proqramının uğur əmsalına görə Azərbaycan dünya üzrə orta göstəricidən yüksək nəticə əldə edə bilmişdir.

Son dövrlər idarəetmənin bütün səviyyələrində həyata keçirilmiş struktur islahatlarının keyfiyyət baxımından yeni bir idarəçilik mexanizminin formalaşmasını hədəf götürdüyünü bildirən Fəzail İbrahimli bu barədə də söz açdı. "Bu ilin fevral ayında keçirilmiş növbədənkənar parlament seçkiləri də bu islahatların məntiqi davamıdır və demokratik inkişaf istiqamətində atılmış növbəti addım kimi dəyərləndirilməlidir. Parlamentinonun komitələrinin rəhbərliyində müxalifət partiyaların nümayəndələrinin təmsil olunması müstəqil Azərbaycan parlamentarizmi tarixində ilk dəfədir.

Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması və siyasi dialoq müstəvisində konstruktiv müxalif fikirlərə hörmətlə yanaşılması baxımından yeni prinsiplər ortaya qoyulub. Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar bu mütərəqqi təşəbbüsə müsbət reaksiya verməklə ümummilli maraqlar naminə iqtidarla birgə "dəyirmi masa” arxasında istənilən məsələnin müzakirəsinə hazır olduqlarını bəyan ediblər. Vətəndaş Həmrəyliyi Partiyasını qanunverici hakimiyyət orqanında təmsil edən deputat kimi düşünürəm ki, bu dialoq davamlı olacağı halda ölkənin siyasi arenasına həmrəyliyə söykənən yeni nəfəs gətirəcək, daha mütərəqqi münasibətlərin formalaşmasına öz dəyərli töhfəsini verəcəkdir”.

Azərbaycanın müasir inkişaf yolu yeni intibah dövrünün formalaşmasını şərtləndirir. Bu, həm də özünü ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərdə göstərir. Fəzail İbrahimli 2020-ci ilin əvvəlindən bu müstəvidə bir sıra uğurlar əldə edildiyini bildirdi: "Xüsusilə Davos Forumunda Azərbaycan Prezidentinin iştirakı, bir sıra ölkələrin rəhbər şəxsləri və dünyada tanınmış nəhəng biznes qurumlarının təmsilçiləri ilə qarşılıqlı inametibara söykənən görüşləri respublikamızın iqtisadiyyatına və sosial sferaya sərmayə qoyuluşu baxımından öz müsbət nəticələrini verməkdədir. Bunun üçün ölkəmizdə müvafiq biznes mühiti mövcuddur.

Cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan təbliğatını darmadağın edən tarixi həqiqətləri canlı efirdə güclü arqumentlərlə geniş auditoriyaya çatdırmaqla yeni bir siyasi uğura imza atmış oldu. Bundan sonra qondarma "Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş "prezident seşkiləri”nin beynəlxalq aləm tərəfindən tanınmamasını heç də təsadüfi saymaq olmaz. Belə ki, bizə qarşı qərəzli mövqeyiikili standartları ilə seçilən Avropa Şurasını çıxmaq şərtilə bütün digər nüfuzlu beynəlxalq təşkilatlar öz mövqelərini ortaya qoyaraq Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdiklərini söyləmiş oldular. Bu, dövlətimizin və hökumətimizin xarici siyasət müstəvisində əldə etdiyi böyük nailiyyətdir.

Pandemiyanın törətdiyi maneələrə baxmayaraq, Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirməkdə davam edir. Bu mənada ölkə başçısının təşəbbüsü ilə videokonfrans şəklində keçirilmiş və Azərbaycanın sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü xüsusi qeyd etmək lazımdır. Bu tədbir Azərbaycan dövlətinin həmrəylik və qarşılıqlı etimada söykənən münasibətlər əsasında dünya siyasətinin nüfuzlu iştirakçısı olduğunu bir daha sübut etmiş oldu”.

Fəzail İbrahimlinin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, cənab İlham Əliyev hər zaman olduğu kimi, öz xalqına arxalanaraq bu gün də qətiyyətli addımlar atır, əhalinin rifah halının daha da yaxşılaşması üçün çox əhəmiyyətli qərarlar qəbul edir: "Dövlətimizin qüdrətinə güvənən xalqımız da çətin gündə ölkə rəhbərliyi ilə daha möhkəm həmrəylik nümayiş etdirməklə öz məğrur obrazına yeni çalarlar gətirir”.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 17 aprel.- S.5.