Prezident hökumətə ciddi tapşırıqlar verdi

 

 

İlham Əliyev qlobal pandemiya dövründə dövlət xərclərinə yenidən baxılması, prioritet təşkil etməyən vəsaitlərin ixtisar edilməsinin vacibliyini bəyan etdi

 

 

Dünya koronavirusla mübarizədə hələ də yenilsə də, pandemiyanın vurduğuya vura biləcəyi maddi itkilərdən, zərər və ziyanlardan ötüşmək, sığortalanmaq üçün ciddi addımlar, qabaqlayıcı tədbirlər görülür. Bu ölkələrdən biri də Azərbaycandır.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans zamanı dövlət başçısının söylədiyi kimi, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində Azərbaycan hökuməti vəziyyəti nəzarət altında saxlayır. Məhz düzgün istiqamətdə atılan addımlar bu gün uğurlu nəticələr verir.

 

 

Əlavə 150 milyon manat ayrılacaq

 

 

Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qlobal problemə qarşı çox ardıcıl və qətiyyətli mübarizə aparılır. Dövlət başçısının təşəbbüsü ilə hazırlanan dəstək proqramları həm sahibkarlıq subyektlərinə, həm də xalqın sosial rifah halının yaxşılaşdırılması prosesinə əlavə stimul vermiş oldu.

Qəbul edilmiş proqramların icrası üçün 2,5 milyard manat vəsait ayrılsa da, dövlət başçısı bu vəsaitin 150 milyon manat da artırılacağını qeyd etdi. Yəni əlavə ayrılacaq vəsait 2,5 milyard manatın içində deyil.

Qeyd edək ki, mövcud büdcə qanunvericiliyi çərçivəsində ilkin olaraq bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin Ehtiyat Fondunun və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən koronavirusla mübarizə, iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün hələlik 1 milyard 350 milyon manat məbləğində vəsait yönləndirilib.

Artıq iqtisadisosial paketə əsasən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının dövlət tərəfindən ödənilməsinə başlanılıb. Həmçinin dövlət dəstəyindən mikro və fərdi sahibkar faydalanır. Bununla yanaşı, sahibkarlıq subyektləri üçün biznesə vergi güzəştləri və imtiyazlar veriləcək, ipoteka kreditləri dəstəklənəcək, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək.

Prezident İlham Əliyev aprelin 14-də sərəncam imzalayaraq koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Ehtiyat fondundan 30 milyon manat vəsait ayırdı.

Həmçinin Nazirlər Kabinetinin "Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” Qərarına əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən iki ay müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saata çatdırıldı. Qərara başlıca səbəb xüsusi karantin rejiminə uyğun olaraq əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır.

Qərar 2 aylıq müddəti, yəni aprel və may aylarını əhatə edir. Apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyunda may ayı ilə bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq. 400 kilovat/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunur.

 

 

 

2 min nəfərə ikiqat maaş, 17 min tələbə üçün 40 milyon manat ayrıldı

 

 

Bəzi dövlətlərdən fərqli olaraq Azərbaycanda pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Prezident İlham Əliyevin aprelin 14-də imzaladığı digər sərəncama əsasən isə 2 min nəfərə aylıq vəzifə maaşının bir misli miqdarında əlavə pul veriləcək. Belə ki, sənəddə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan şəxslərin pandemiyadan qorunması məqsədi ilə sosial xidmət işçiləri səfərbər edilmiş, gücləndirilmiş rejimi şəraitində həmin kateqoriyadan olan insanlar evlərində gündəlik sosial xidmətlərlə təmin olunurlar. Bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir.

Həmçinin Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi isə semestrlər üzrə həyata keçiriləcək. Belə ki, tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək. Bu qərar 17 min tələbəni əhatə edir. Bunun üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Əlbəttə ki, dövlət başçısının bu sərəncamları xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.

 

 

 

 

Azərbaycan koronavirusla mübarizə sahəsində nümunəvi ölkədir

 

 

 

Bütün bu uğurlu proseslərə baxmayaraq, dövlət başçısı iqtisadi vəziyyətə pandemiyanın təsirinin qaçılmaz olduğunu bildirərək hökumətə ciddi tapşırıqlar da verdi. Xüsusilə Baş Nazirə, maliyyə nazirinə və iqtisadiyyat nazirinə göstəriş verən Prezident dövlət xərclərinə yenidən baxılmasını və prioritet təşkil etməyən xərclərin ixtisar edilməsini tapşırdı. Eyni zamanda vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır.

Ancaq Prezident əmindir ki, çətinliklərə baxmayaraq 2020-ci ilçox dərin və geniş islahatlar ili olacaq: "Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır.

Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

Hər zaman xalqın sosial rifahının yüksəlməsi üçün mühüm addımlar atan, böyük sosial paketlər təqdim edən Prezident İlham Əliyev qlobal pandemiya dövründə də əməllərinə sadiqlik nümayiş etdirir. Bu da bir daha təsdiq edir ki, Azərbaycanda sosial dövlət modelinin fundamental əsasları formalaşıb. Vətəndaşının maraqlarını hər şeydən üstün tutan dövlət sosial ədalət prinsiplərinin bərqərar olmasına xüsusi diqqət göstərir.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 19 aprel.- S.1;5.