Misilsiz yadigar

 

Bu ilin dekabrında xalqımızın milli sərvətlərindən olan İçərişəhərin Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birgə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi tamam olur.

Əlamətdar yubiley ili bizim üçün həm də ona görə önəmlidir ki, bu qədim şəhər UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi məkanımızdır. Bunun yüksək əhəmiyyətini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev 20 illiyin qeyd olunması haqqında xüsusi sərəncam imzalamışdır. Sərəncama əsasən bu tarixi hadisənin ildönümü ilə bağlı həm ölkə daxilində, həm də xaricdə mədəni-kütləvi tədbirlər, sərgilər, İçərişəhər haqqında müxtəlif təqdimatlar keçiriləcək.

 

 

Azərbaycan memarlığının parlaq nümunəsi

 

 

Ölkə başçısının sərəncamında da qeyd edildiyi kimi, İçərişəhər çoxəsrlik mədəniyyətimizin rəmzlərindəndir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir.

Tariximizə xüsusi həssaslıq göstərən Ulu Öndər Heydər Əliyev bu abidəyə hər zaman qayğı ilə yanaşırdı. İçərişəhərin mənəvi dünyamızdakı yerirolunu düzgün qiymətləndirərək onun qorunması üçün əhəmiyyətli addımlar atırdı. Təsadüfi deyil ki, Ulu Öndərin siyasi iradəsi ilə İçərişəhər hələ 1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu almışdı. 1985-ci ildə isə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdi.

20 il əvvəl bu tarixi mirasın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə də sərvətlərimizə həssas münasibətinin, bu sahədə mövcud imkanlardan istifadə əzminin ifadəsi idi.

Hər bir azərbaycanlının qüruru olan "muzey-şəhər”in ölkəmizdəki tarixi abidələr sırasında ilk olaraq bu nüfuzlu qurumun irs siyahısına daxil edilməsi əməkdaşlığın inkişafı yönündə də görülmüş işlərin fərəh dolu məntiqi nəticəsi idi. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında xüsusilə böyük əməyi var. Mehriban xanımın gərgin zəhməti, maddi-mənəvi irsimizin qorunması və bütün dünyada təbliği istiqamətində həyata keçirdiyi təşəbbüslər sayəsində 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 2019-cu ildə isə Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi də UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

 

Müxtəlif sivilizasiyaların şahidi

 

Tarixi abidələr siyahıda əsasən 6 kriteriya ilə müəyyən edilib. 1-ci kriteriya abidənin möhtəşəm sənətkarlıq nümunəsi hesab edilməsidir. 2-ci kriteriya abidənin aid olduğu dövrdən başlayaraq mədəniyyətin inkişafına müəyyən təsir göstərməsidir. Yer üzündən silinmiş qədim xalqların birinə aid olan abidələr siyahının 3-cü kriteriyasını əhatə edir. 4-cü kriteriya bir neçə sivilizasiyadan keçmiş tarixi abidələrə şamil olunur. 5-ci kriteriyaya daxil edilmiş abidələr isə müxtəlif mədəniyyətlərin bir yerdə cəmlənməsi nəticəsində beynəlmiləl mədəniyyəti formalaşdıran tarixi incilərdir. 6-cı kriteriya isə digər abidələrdən köklü şəkildə fərqlənən, dünya mədəniyyəti üçün əvəzolunmaz tarixi və mədəni önəm daşıyan abidələrə verilən kriteriyadır. Qeyd edək ki, Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birgə İçərişəhər UNESKO-nun Ümumdünya İrs Siyahısına 4-cü kriteriya üzrə daxil edilib. Bu da İçərişəhərin bir neçə sivilizasiyaya şahid olmuş unikal tarixi məkan statusundan irəli gəlir.

 

 

Ruhumuzun şəhəri

 

 

Onu ruhumuzun paytaxtı da adlandıra bilərik. İçərişəhər keçmişə sevgimizin simvolu, tarixi yaddaşımızın canlı salnaməsidir. Doğma Bakının ən dəyərli incisidir. Açıq səma altında muzey kimi fəaliyyət göstərən İçərişəhər 22 hektar ərazidə amfiteatr üslubunda inşa edilib. Onun unikallığı həm də şəhərin daxili məhəlli strukturlarındadır. Arxeoloji baxımdan sona qədər öyrənilməsi mümkün olmadığına görə, buranın yaşayış məntəqəsi, yoxsa istehkam kimi inşa olunduğu bəlli deyil. Qazıntılar zamanı tapılmış, eramızdan əvvəl III-I əsrlərə aid küpə, eramızdan əvvəl IV-I əsrlərə aid saxsı qab qırıqları, dəmir ox ucluqları, dəmir dövrünə aid gildən qadın fiquruantik dövrə aid sütun altlıqları İçərişəhərin şəhər kimi formalaşma dövrünü ən geci antik dövrlə eyniləşdirməyə imkan verir.

Bakı liman şəhəri kimi mövcud idi. İçərişəhər ərazisində sənətkarlıq və ticarət geniş inkişaf etmişdi. Güclü zəlzələ nəticəsində Şamaxı şəhərinin dağılmasından sonra Azərbaycanın şimal-şərqində yaranmış ilkin feodal dövləti olan Şirvanşahlar dövləti Bakıya köçür. Bu köçürmədən sonra İçərişəhərin həyatında dönüş dövrü başlayır. Şirvanşahların hakimiyyəti dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilir və şəhər inkişaf edir. Qala divarları inşa edilməklə şəhərin müdafiə sistemi gücləndirilir. XV əsrdə Şirvanşahların iqamətgahının tikintisinin başa çatmasından sonra şəhərin ictimai-siyasi və mədəni mərkəz kimi rolu xeyli artır. Ümumilikdə tədqiqatçılara görə orta əsrlər Bakısının ən yüksək inkişaf mərhələsi XV əsrə düşür.

XIX əsrin sonları-XX əsrin əvvəlləri Bakıda neft bumunun yaşanmasından sonra isə şəhər genişlənir, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlayır. Məhz "İçərişəhər” anlayışı da bayır şəhərin formalaşmasından sonra yaranır. 1952-1957-ci illərdə İçərişəhərin qala divarları ilk dəfə bərpa edilir. Ötən əsrin 70-80-ci illərində bu tarixi məkanın statusu ilə bağlı müvafiq addımlar atılır.

 

 

İçərişəhərin yeni həyatı

 

Tarixi abidə insan kimidir. Baxımsız qoysan, müxtəlif məqsədlərlə dağıdılıb tar-mar edilməsinə göz yumsan, zamanla məhv olub sıradan çıxacaq. Amma qayğı göstərsən, qəlbinin sevgisini verib başının tacı etsən, əsrlərin o üzündən gələn bütün gözəlliklərini göz önündə sərgiləyəcək. Bu mənada Prezident İlham Əliyevin diqqət və qayğısı, Mehriban xanım Əliyevanın himayəsi İçərişəhərə yeni həyat verdi. Azərbaycan Prezidentinin İçərişəhərin qorunması məqsədini əsas tutan 10 fevral 2005-ci il tarixli sərəncamı açıq səma altındakı bu muzey-şəhəri layiq olduğu görkəminə, abadlığına, səliqə-sahmanına gətirdi. İçərişəhər tarixlə müasirliyin harmoniyasını, milli-mənəvi dəyərlərimizin ruhunu özündə əks etdirən möhtəşəm mənzərə kimi bütün gözəlliklərini gözlərimiz önündə açdı.

Dövlət rəhbərinin müvafiq sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradıldı. Belə bir qurumun yaradılmasında əsas məqsəd qədim şəhərdə abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunması idi. Və bu niyyət qısa zamanda özünü doğrultdu. Qoruğun mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görüldü. Burada yeni muzey ekspozisiyaları açıldı. Ənənəvi incəsənət və sənətkarlığın inkişafının dəstəklənməsi istiqamətində addımlar atıldı.

 

 

Davam edən canlı tarix

 

 

İçərişəhərin unikallığı qədim tarixi abidələri, yaşayış massivləri, özünəməxsus infrastrukturu ilə yanaşı, həm də canlı tarixin burada yaşayan insanlarla yenə davam etməsindədir. Bu məkanda 1300-dən çox ailə yaşayır. Bu insanlar qədim şəhərin ruhunu, milli adət-ənənələrini nəsildən-nəslə ötürür, milli-mənəvi dəyərlərimiz də tarix-mədəniyyət abidələrimiz kimi qorunub saxlanılır. İçərişəhərə daxil olduğun andan bu əsrarəngiz məkanın sirli aurasını fərq edirsən. Onun müsbət enerjisi adamın ürəyinə dolur. Küçələr, dalanlar sakitliyin, məkanla ruhun harmoniyasının verdiyi hüzur içində insana xoş bir hekayət danışır. Hər addımında qədimliyin və müasirliyin misilsiz vəhdətindən doya bilmirsən.

Bu 20 illik yubiley İçərişəhər salnaməsinin daha bir maraqlı səhifəsi kimi yaddaşlara işıq salacaq.

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 19 aprel.- S.7.