Postpandemiya dünyasını nələr gözləyir

 

Koronavirus yox olmamış planetin gələcəyi gündəliyə çıxarılır

 

 

Bütün dünyanı bürümüş yeni tip koronavirusun doğurduğu ümumbəşəri fəlakətin miqyasını təsəvvür etmək hələ mümkün deyil. COVID-19-a yoluxanların, ölənlərin sayı artmaqda davam edir. Gözəgörünməyən düşmənin bundan sonra nələr törədəcəyini heç kim təxmin edə bilmir. Koronavirus yayılıb pandemiya mərhələsinə keçəndə sağlam təfəkkür sahibləri bildirirdilər ki, Yer sivilizasiyasının davam etməsi üçün ilk növbədə dünya ölkələri hər cür ixtilaflara son qoyub səyləri birləşdirməli, ümumi düşmənlə mübarizədə vahid cəbhədə çıxış etməli, eyni zamanda tibb elmi xəstəliyi diz çökdürmək üçün dərman-dava hazırlayıb planeti virusdan təmizləməyə zəmin yaratmalıdır. Başqa sözlə, dilindən, dinindən, irqindən asılı olmayaraq, bəşər övladlarının bir yumruq kimi birləşməsindən başqa çıxış yolu görünmürdü.

Təəssüf ki, insan sivilizasiyasının gələcəyini düşünənlərin çağırışına səs verən hələlik tapılmır. Doğrudur, xəstəliyə qarşı vaksin hazırlayanlar başındadırlar, hərçənd onların tezliklə lazımi nəticə əldə edəcəyini gözləmək yersizdir - təqribən bir ilə yaxın vaxt tələb olunur. Amma eyni sözləri dünyanı bir-birinə qarışdıranlar- günahsız insan qanını axıtmağı özlərinə peşə seçənlər, planetin böyük bir regionunda "ərəb baharı” adlı qan gölü yaradanlar, geosiyasi iddialarını rəhbər tutub müstəqil dövlətlərin suverenliyini istədikləri kimi pozanlar, öz maraqları naminə özgə torpaqlarını zəbt edənlər, ayrı-ayrı xalqları dizə gətirmək üçün cürbəcür vasitələrə əl atmaqdan çəkinməyənlər haqqında söyləmək mümkün deyil. Hərçənd dünyada təkbaşına ağalıq etmək, yaxud Günəş altında özündən böyük pay almaq fikrində olanlar bar-bar bağırırlar ki, koronavirusu təkbaşına məğlub etmək imkan xaricindədir. Elə isə niyə başqasının bədbəxtliyi üstündə xoşbəxtlik qurmaq niyyətində olanlar istəklərindən əl çəkmirlər?

Çoxları hesab edirlər ki, pandemiya başa çatandan sonra dünya indiki kimi olmayacaq, başqa şəkil alacaq. Diqqət ilk növbədə postpandemiya dövründə iqtisadiyyatın necə bərpa ediləcəyinə yönəldilir. Ekspertlər arasında belə bir fikir var ki, ayrı-ayrı ölkələr iqtisadiyyatı milliləşdirməyə üstünlük verəcək, ehtiyaclarını daxili istehsal hesabına ödəmək istiqamətində hərəkət edəcəklər. Yəni söhbət mümkün qədər qapanan iqtisadiyyatdan gedir. Lakin belə bir ideyanı gerçəkləşdirməyə şübhə edənlər də az deyil: milli iqtisadiyyatlar bir-birinə o qədər bağlanmışdır ki, onları ayırmaq mümkün görünmür.

Ekspertlərin fikrincə, postpandemiya dünyası rəqəmsallaşacaq, onlayn texnologiyalara keçid sürətlənəcək. Belə ki, insan həyatının əksər sahələrində fəaliyyət internet vasitəsilə icra olunacaq. Məsələn, xidmətlər və ticarət sahəsi əsasən internetə əsaslanacaq. Lakin dərhal sual ortaya çıxır: doğrudanmı, əhalinin hamısı belə bir dəyişikliyə hazırdır? Axı yaşlı adamlar müxtəlif elektron xidmətlərdən istifadə etməyə qadir deyillər, çünki onların bir çoxunun belə xidmətlər barədə elementar təsəvvürü yoxdur, hətta müxtəlif müasir texnologiyaları eşidəndə söhbətin nədən getdiyini başa düşmürlər. Yaxud təhsilin internetə keçirilməsi, başqa sözlə, müəllimin şagirddən, tələbədən ayrı salınması yaxşı nə vəd edə bilər?

Postpandemiya dünyası barədə düşünənlər hesab edirlər ki, gələcək insanın evi həm mənzil, həm də ofis rolu oynayacaq. Sahibkarlar anlayacaqlar ki, "uzaqdan işləmək” sərfəlidir, çünki nəqliyyat vasitələrinə və nəticə etibarilə yanacağa qənaət etməyə imkan verir, böyük ofis sahəsi icarə etmək zərurətini aradan qaldırır. Üstəlik, rəqəmsal texnologiyaların tətbiqi ilə işçiləri ezamiyyətə, xüsusilə xarici ölkələrə göndərməyə o qədər də ehtiyac qalmayacaq - yenə də yanacağa tələbat azalacaq. Digər tərəfdən, bank sistemlərinin və pul tədavülünün rolu xeyli dəyişəcək: koronavirusun pandemiyası şəraitində nağd puldan istifadə artıq təhlükəli sayılır.

Bütün bunlara baxmayaraq, pandemiyadan sonra insan həyatının buya digər dərəcədə dəyişəcəyinə şübhə ilə yanaşanlar, demək olar ki, yoxdur. Amma həyatın transformasiyası hansı formada reallaşacaq? Fikirlər, ideyalar, təsəvvürlər müxtəlifdir, konkret konsepsiyalar hələ meydana çıxmamışdır. Bununla belə, mütəxəssislər qlobal proseslərdə mənfi meyilləri indidən nəzərə çarpdırırlar. Söhbət ilk növbədə beynəlxalq təhlükəsizlikdən gedir. Böyük dövlətlər arasında geosiyasi qarşıdurmanın səngiməsindən danışmaq yersizdir: heç kim iddialarından əl çəkməyi, zərrə qədər də güzəştə getməyi düşünmür. Üstəlik, dünya gücləri pandemiyanın başa çatmadığı, "taclı virusun meydan suladığı bir vaxtda qılıncı qından çıxarmağa hazırlaşırlar.

Bu baxımdan istər-istəməz ABŞ-la Çin arasında başlamış söz dueli diqqəti cəlb edir. Koronavirusun Çinin Uhan şəhərində ortaya çıxması fürsət kimi hər iki tərəfin əlinə keçmişdir. ABŞ Prezidenti Donald Trampın yeni tip koronavirusa "Çin virusu” adını qoyması, Çinin virusun ABŞ mənşəli olmasını iddia etməsi və Vaşinqtondan izahat tələb etməsi iki ölkə arasında qarşıdurmada yeni "cəbhə” açmışdır. ABŞ-ın dünyada əsas rəqib saydığı Çinə qarşı irəli sürdüyü iddia kifayət qədər ciddidir: Pekin koronavirus haqqında qəsdən yetərli məlumat verməmiş, nəticədə virus dünyaya yayılmışdır. Öz növbəsində ABŞ KİV-i virusun Uhan şəhərindəki böyük bir laboratoriyadan çıxa bildiyini iddia edir. Ardınca Vaşinqton Çinə daha çox diqqət yetirdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatını maliyyələşdirməyi dayandırmaq qərarına gəlmişdir. Çox keçməmiş Böyük Britaniya ABŞ-la eyni səngərdə yer aldığını bəyan etmişdir: London pandemiyadan sonra Pekinə bir sıra suallar vermək niyyətindədir. Tramp açıqca bildirmişdir ki, koronavirusun yayılması ilə əlaqədar Pekinin sərgilədiyi davranış nəticələr doğura bilər. Koronavirusun mənbəyinin axtarılıb tapılması işinə Avropanın bəzi ölkələri, məsələn, AlmaniyaAvstriya, həmçinin Qərb mediası da qoşulmuşdur.

Bütün bunlar koronavirus pandemiyasının səhiyyə problemindən çox ABŞ-Çin rəqabətinə tökülən benzin təəssüratı yaradır. Hadisələrin bu məcrada cərəyan edəcəyi təqdirdə beynəlxalq münasibətlərin gərginləşəcəyini gözləmək olar. Ekspertlərin fikrincə, ABŞ-Çin rəqabətinin davam etməsi ən azı beynəlxalq ticarətin azalmasına gətirib çıxaracaq ki, bu da başqa ölkələrə təsirsiz ötüşməyəcək.

Belə bir şəraitdə bəşəriyyətin koronavirus adlı qəddar düşməni işindədir: yeni-yeni canlar alır, həyatı iflic edir. Özü də COVID-19-un mövsümi xarakter daşıyacağını, yəni xəstəliyin hər il peyda olacağını istisna etməyənlər də var. Supergüclər də öz işindədir: bir-birini zəiflətmək üçün bütün vasitələrə, o cümlədən virusa əl atırlar. Bəşəriyyət yağışdan çıxıb yağmura düşə bilər.

 

Allahverdi MEHDİYEV

Azərbaycan.-2020.- 21 aprel.- S.6.