“Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz”

 

Azərbaycanda koronavirusla mübarizə istiqamətində həyata keçirilən fəaliyyət proqramı yalnız vətəndaşların sağlamlığını əhatə etmədi. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən kompleks qabaqlayıcı tədbirlər həm də sosial-iqtisadi sferada çətinliklərin yaranmasının qarşısını almağa hesablandı. Bu mənada ölkə ictimaiyyəti hər bir məsələdə məhz dövlət başçısının dəstəyini, diqqət və qayğısını gördü. Artıq günlərdir ki, vətəndaşlar Prezident İlham Əliyevə məktub ünvanlayaraq dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.

Qarabağ müharibəsi veteranı, hazırda müəllim kimi çalışan Biləsuvar rayonunun sakini Emin Mehtiyev yazır ki, hər dəfə şagirdlərə dövlətimizin inkişafından, Ulu Öndərdən, İlham Əliyevin Azərbaycan üçün etdiklərindən bəhs edəndə qürur hissi keçirir: "Siz daim xalqı düşünürsünüz. Bu ağır günlərdə isə qayğınız daha da artıb. Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm”.

Bakının Nəsimi rayonunda yaşayan təqaüdçü Qunça Qafarova ölkəmizdə COVID-19 pandemiyasının qarşısını almaq üçün görülən çoxsaylı tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlığını çatdıraraq bildirir: "Mənim 69 yaşım var, təqaüdçüyəm. Bu ağır günlərdə Azərbaycan xalqının hər bir ailəsini öz ailəniz kimi gördünüz. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib. Buna görə Sizə təşəkkürümü bildirirəm. Allahdan sizə uzun ömür və cansağlığı arzu edirəm”.

Masallının Hüseynhacılı kəndindən yazan Şəhriyar Cəfərli gəncləri təmsil edir. Onun məktubunda deyilir: "Hörmətli cənab Prezident! Sizə bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq, Sizə minnətdarlıq etməkdir. Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə "Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edindeyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz”.

Yeganə Fərəcova Füzuli rayonundan olan məcburi köçkündür. O yazır: "Cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, SizinMehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır.

 

Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə ümid edirik”.

Şəki şəhər sakini Mənsurə Cəbrayılova müəllim və mədəniyyət işçisidir. "Biz Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik. Dünyanı pis günə qoyan bu virusla mübarizədə və bütün işlərinizdə Sizə dualar edir və alqışlayırıq. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Dövlətimizin qabaqlayıcı tədbirləri və düşünülmüş siyasəti nəticəsində bu gözə görünməyən virus inşallah ölkəmizi tərk edəcəkdir. Mən və ailəm uca Allaha dualar edirik ki, Allah Sizə, həkimlərimizə, ordumuza, bu mübarizədə əməyi olan hər bir şəxsə dayaq olsun. Amin”, - deyə onun məktubunda bildirilir.

Vüsət Xəlilov da Füzuli rayonunun sakinidir. O məktubunda bu günlərdə sadə vətəndaşların yanında olduğuna, karantin müddətində işsiz və aztəminatlı ailələrə aylıq 190 manat pul vəsaitinin ödənilməsinə görə dövlət başçısına cəbhə bölgəsində yaşayan bütün Füzuli rayon sakinlərinin minnətdarlığını çatdıraraq yazır: "Bir daha əmin olduq ki, Sizi özümüzə lider seçməkdə yanılmamışıq. Siz Ümummilli Liderimiz kimi mürəkkəb vəziyyətlərdə böyük iradə nümayiş etdirməklə xalqı irəli aparmağa qadir rəhbərsiniz”.

Sumqayıtdan yazan Ləman Ramazanova koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasına imkan vermədiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq edir. "Vaxtında görülən tədbirlər sayəsində biz bu gün evimizdə sağlam şəkildə ailəmizin yanındayıq. Bu mübarizədə bir çox adamlar qəhrəmanlıq göstərir, bu qəhrəmanlıqlar bizi qələbəyə yaxınlaşdırır. Bu qələbədə nə qədər çox adamın payı olsa da, bayraqdarımız, qələbənin memarı Sizsiniz, cənab Prezident!”, - deyə onun məktubunda bildirilir.

 

"Sizin müdrik siyasətinizin nəticəsi olaraq Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronavirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz”. Bunu isə Bakı sakini Zəminə Cəfərova yazır. Onun bildirdiyinə görə, ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantı, Prezidentin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyi maddi və mənəvi dəstək isə əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.

Şəki rayonunun Qudula kəndindən Nemət Əliyev Prezident İlham Əliyevə xitab edərək yazır ki, bütün dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizədə respublikamızda Sizin rəhbərliyinizlə böyük işlər görülür: "Biz hər gün televiziyada Sizin çıxışlarınızı diqqətlə dinləyirik. Sizin imzaladığınız qərarları hər gün eşidirik. Koronavirus xəstəliyi vaxtı kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərini qarşılamaq məqsədilə ehtiyat fondunuzdan ayırdığınız vəsaitlərə, sadə kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə Sizə öz minnətdarlığımızı bildiririk. Sizə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edir, yanınızda olduğumuzu bilməyinizi istəyirik”.

Balakən rayonunun Qullar kənd sakini İbrahim Şıxməmmədov COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünə görə Prezidentə təşəkkür edərək yazır: "İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident! Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun”.

Fərdi sahibkar Heydər Səmədov Neftçalanın Mürsəqulu kəndinin sakinidir. "Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventivprofilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlılığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyini əks etdirən əsas faktorlardandır. Fərdi sahibkar, fermer olaraq Sizin apardığınız məqsədyönlü daxilixarici siyasəti tam dəstəkləyir və Sizin ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığınız islahatları alqışlayıram. Siz Azərbaycanın inkişafını təmin edirsiniz. Sizin pandemiya şəraitində Azərbaycanı necə qurtardığınız bir tarixdir”, - deyə o yazır.

Ölkəmizin koronavirus ilə bağlı aparılan mübarizədə zamanında verilmiş qərarlar sayəsində ən inkişaf etmiş dövlətlərlə bir pillədə durduğunu bildirən Şamaxı rayonunun Sabir qəsəbəsinin sakini Şəfa Hacıyeva yazır: "Bu, dövlət rəhbərinin uzaqgörənliyinin nəticəsidir. Bizimlə bərabər ailəmizin, övladlarımızın rifahını düşündüyünüz üçün, bu çətin günlərdə virusun vurduğu ziyanları minimuma endirə bildiyiniz üçün Sizə ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm. Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Hər zaman dövlətimizin rifahı naminə verdiyiniz qərarlarınızda yanınızdayıq”.

Elşən Əsədov Tərtər rayonunun Sarıcalı kəndindən yazır. Onun sözlərinə görə, aztəminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, işsizişaxtaran şəxslərə birdəfəlik ödəmələrin verilməsinin 200 min nəfərdən 600 min nəfərə çatdırılması xalqımız üçün çox önəmli addımlardır. "Vaxtında verdiyiniz göstərişlərə uyğun olaraq, dövlət sərhədlərinin bağlanılması xalqımız üçün çox önəmli addımdır. Biz həmişə Sizə güvənmişik və bu gündən sonra da güvənimizi sonsuz şəkildə davam etdirəcəyik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, ölkə başçımız, Ali Baş Komandanımız var. Cənab Ali Baş Komandan, mən Sizə ailəmiz adından minnətdarlığımı bildirirəm”, - deyə məktubda daha sonra qeyd olunur.

"Siz həmişə olduğu kimi, bu çətin dövrdə də xalqın yanındasınız, ona daim qayğı göstərirsiniz. Sizin düşüncə və əməlləriniz insanların həyatının qorunmasına, onların sağlamlığının müdafiəsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Sizin koronavirusla mübarizə istiqamətində qəbul etdiyiniz tədbirlər qəlbinizin mərhəmətindən, sevginizin dərinliyindən, təfəkkürünüzün gücündən və müdrikliyindən xəbər verir”. Bunu isə İsmayıllı rayonunun İvanovka kəndindən Tatyana Ravçeyeva yazır. O, ailəsi və öz adından ölkə rəhbərinə minnətdarlıq edərək, bu bəlanın öhdəsindən birlikdə gələcəyimizə əmin olduğunu bildirir.

"Belə çətin günlərdə xalqımızın yanında olub, onun hər bir problemi ilə maraqlanıb həlli istiqamətində tapşırıqlar verdiyinizə görə mən bir Qarabağ qazisi kimi Sizi alqışlayıram”. Bu sətirlərin müəllifi Masallı rayon Türkoba kəndinin sakini Füzuli Abdullayevdir. Onun sözlərinə görə, koronavirusa qarşı mübarizədə vətəndaşlarımızın sağlamlığını hər şeydən vacib bilib məqsədəuyğun qərarlar verilməsi hər kəsi çox sevindirir.

Ucar rayonunun Boyat kəndindən Şamil Əliyev yazır ki, dünyanı çənginə almış koronavirus pandemiyası ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə çətin vəziyyətə düşdüyü halda, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımızda səmərəli qabaqlayıcı tədbirlər görülmüşdür. "Siz Azərbaycan vətəndaşlarının, eləcə də şəhid ailələrinin sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirsiniz. İnanırıq ki, Sizin müdrikliyiniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaqdır”, - deyə o yazır.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 22 aprel.- S.1-2.