Şəhid və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib

 

Bu gün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sistemli tədbirlər həyata keçirilir.

Hazırda koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejimi tətbiq edilib. Təbiidir ki, bu rejimin tətbiq edilməsi eyni zamanda əhalinin həssas təbəqəsindən olan insanların sosial durumuna da təsirsiz ötüşmür.

Yaranmış bu cür müvəqqəti çətinliklərin aradan qaldırılması məqsədilə bir sıra dövlət qurumları, müxtəlif təşkilatlar, həmçinin milli birlik nümayiş etdirən vətəndaşlarımız koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşularaq aztəminatlı ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.

Mənəvi Dəyərlərin Təbliği Fondu da yaranmış vəziyyətlə əlaqədar yardım kampaniyasına qoşulub. Belə ki, fond tərəfindən əhalinin həssas təbəqəsinə dəstək göstərmək, onların sosial müdafiəsini gücləndirmək məqsədilə ümumilikdə 170 şəhid və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu mütəmadi olaraq hər il RamazanQurban bayramlarında, eləcə də digər günlərdə şəhid ailələrinə, müharibə veteranlarına və aztəminatlı ailələrə ərzaq yardımı edir.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 22 aprel.- S.7.