Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanırıq”

 

Ölkəmizin hər yerindən vətəndaşlar Prezident İlham Əliyevə məktub ünvanlayaraq həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, dövlət başçısına dərin təşəkkürlərini ifadə edirlər. Belə məktublardan biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən ünvanlanıb. Məktubda yazılır:

 

"Möhtərəm Prezident.

 

Sizin rəhbərliyiniz və qeyri-adi təşkilatçılıq bacarığınız sayəsində respublikamız ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır.

Siz populizmdən uzaq, gələcəyə hesablanmış iqtisadi, sosial proqramların müəllifi kimi tanınan dövlət başçısısınız. 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışınızda inkişafımızın və islahatların gələcək konturlarını açıq-aydın göstərdiniz. Ötən dövrdə bu islahatların ardıcıllıqla həyata keçirilməsinin şahidi olduq. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz pandemiyanın yaratdığı bu çətin vəziyyətdən də şərəflə çıxacaq, iqtisadiyyatımız, yerləri bərpa ediləcəkdir.

Möhtərəm cənab Prezident, Sizin uğurlarınızı şərtləndirən amillərdən biri də hadisələri öncədən görmək və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmək bacarığınızdır. Sizin tapşırığınızla görülən çevik, təcili tədbirlər koronavirus bəlasının Azərbaycanda geniş yayılmasına imkan vermədi.

Həmkarlar ittifaqları olaraq bizim əsas məqsədlərimiz ilə uzlaşan qərarlarınız ölkə vətəndaşları ilə yanaşı, həmkarlar ittifaqı üzvlərimizin də sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına təkan vermişdir. Belə ki, koronavirusla mübarizənin ilk anlarından verdiyiniz qərarlar tərəfimizdən rəğbətlə qarşılanmışdır. Bu gün Sizqeyd etdiyiniz kimi, pandemiyadan ən çox zərərçəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi, ümumilikdə 600 minə yaxın insanın dövlətdən maddi dəstək alması dövlətimizin və onun Prezidentinin hər zaman xalqın yanında olması deməkdir.

İlkin mərhələdə 200 min insanın dövlətdən 190 manat yardım alacağı planlaşdırılmışdı. Sizin tapşırığınıza uyğun olaraq bu rəqəm 600 minə qaldırıldı. Burada da Sizin məqsədiniz insanların sosial müdafiəsini gücləndirmək olmuşdur.

Möhtərəm cənab Prezident, koronavirusla mübarizə ilə bağlı karantin rejiminin tətbiq olunması sözsüz ki, iqtisadiyyatın bir çox sahələrinin fəaliyyətinə öz təsirini göstərmişdir. Burada yaşana biləcək bütün problemləri nəzərə alaraq, Siz qəti şəkildə sahibkarlara işçilərin işdən azad olunmaması, əməkhaqlarının saxlanılması, ixtisarlara yol verilməməsi barədə göstərişlər verdiniz. Bu isə həmkarlar ittifaqlarının, onun siravi üzvlərinin ürəyindən irəli gələn tapşırıqlar idi.

90 min ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı göstərişiniz, dövlət sektorunda çalışan 900 min nəfərdən artıq işçinin, qeyri-neft sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğunun təmin edilməsi, elektrik enerjisinin aylıq istehlak həcminin iki ay müddətinə artırılması, aztəminatlı ailələrdən olan 17 min tələbənin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, koronavirusla bağlı bir çox məhbusun əfv edilməsi, sahibkarlara vergi güzəştlərinin nəzərdə tutulması, maliyyə dəstəyinin göstərilməsi, hər bir vətəndaşın mənafeyinə cavab verən düşünülmüş, vaxtında atılmış qətiyyətli addımlardır. Bu addımlar hər bir həmkarlar ittifaqı üzvləri tərəfindən rəğbətlə və minnətdarlıqla qarşılanır. Çətin günlərdə hər zaman xalqın yanında olan dövlətimizə və Sizə, möhtərəm Prezident, üzvlərimizin təşəkkürlərini və minnətdarlıqlarını çatdırırıq.

Möhtərəm cənab Prezident, işləyən əhalinin nümayəndəsi, təmsilçisi, 1,5 milyondan çox üzvü olan həmkarlar ittifaqları Sizin xalqımızın sağlamlığı və rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, hər zaman yanınızda olduğunu bəyan edir”.

 

Azərbaycan.-2020.- 22 aprel.- S.7.