Azərbaycanın elektrik enerji sistemi getdikcə daha da güclənir

 

Bu günlərdə "Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışı olmuşdur.

Belə ki, 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə yararsız vəziyyətə düşən bina əsaslı təmir olunaraq müasir memarlıq üslubunda və yüksək səviyyədə yenidən qurulmuşdur. Binanın ətrafında abadlıq işləri görülmüş və yaşıllıq sahələri salınmışdır.

Açılış mərasimində Prezident İlham Əliyev iştirak etmiş və tədbirdəki çıxışında demişdir: "Bu bina sovet dövründə tikilib. Bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmış və "Azərenerji”nin balansından çıxarılmışdı. Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal "Azərenerji”nin balansına qaytarılsın. Çünki əks təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb...

Bu bina energetiklərə qaytarılandan sonra, 2018-ci ilin sonunda burada əsaslı yenidənqurma - təmir işləri başlamış və uğurla başa çatdırılmışdır. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bizim infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımlarımız məhz energetika sahəsinə də aid idi. Hələ 2004-cü ildə regionların birinci sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar sırasında enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlərin də özünəməxsus yeri var. Bu işlər geniş miqyası və mühüm əhəmiyyəti ilə seçilir. Ölkənin enerji sisteminin etibarlılığının təmin edilməsi üçün mükəmməl infrastrukturun yaradılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. "Azərenerji”nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin müasir səviyyədə yenidən qurulması buna aydın misaldır.

Bu mərkəz vasitəsi ilə enerjisistemin avtomatik idarə edilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən icra edilir. Yenidənqurmadan sonra "Azərenerji” ASC-nin Mərkəzi aparatı bu binaya köçürülüb. Burada əməkdaşların fəaliyyəti üçün bütün zəruri avadanlıq quraşdırılıb.

Təsadüfi deyil ki, dövlət başçısı kompleksin açılışında ölkəmizin yaxın keçmişdə enerji qıtlığından necə əziyyət çəkdiyini də xatırlatdı: "Biz xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi ki, ölkəmizi elektrik enerjisi ilə təmin edək. Hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi. Yadımdadır, - gənc nəslin nümayəndələri bəlkə də bunu xatırlamır, - o vaxt hətta televiziya verilişləri axşam saat 12-də dayandırılırdı ki, insanlar televiziyaya baxmasınlar, enerjidən çox istifadə etməsinlər. Yəni böyük qıtlıq var idi. O ki qaldı, Azərbaycanın bölgələrinə, orada, ümumiyyətlə, dayanıqlı enerji təminatı nədir, insanlar bilmirdilər. Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə ki, bu, həm insanların həyat tərzinə mənfi təsir göstərirdi, eyni zamanda bizim iqtisadi, sənaye potensialımızın artımına da böyük problem yaradırdı”.

Məhz buna görə də regionların inkişafına yönələn birinci Dövlət Proqramından başlayaraq bu məsələyə xüsusi diqqət yetirildi. Regional elektrik stansiyalarının tikintisi vüsət aldı. Astarada, Xaçmazda, Şəkidə, Şahdağda, Səngəçalda və digər bölgələrdə inşa edilən elektrik stansiya və yarımstansiyaları ölkənin elektrik enerjisinə olan tələbatının müəyyən dərəcədə təmin edilməsinə imkan yaratdı. Bununla yanaşı, yeni, böyük elektrik stansiyalarının da tikintisinə başlandı.

Beləliklə, son 16 il ərzində ölkəmizdə 30-dan çox yeni stansiya inşa edilmişdir. İndi bizim Şirvan şəhərində tikilmiş, generasiya gücü təxminən 800 meqavata bərabər olan "Cənub” Elektrik Stansiyamız var. Bundan savayı, 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası, generasiya gücü 400 meqavata yaxın olan "Şimal-2” Stansiyası istifadəyə verilib. "Səngəçal” Stansiyasının generasiya gücü isə 300 meqavatdır. Yəni təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur.

Son illərdə Azərbaycanın müxtəlif yerlərində su elektrik stansiyaları da inşa edilmişdir. Naxçıvan MR-də tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan muxtar respublika indi başdan-başa nura boyanmışdır. İndi burada elektrik enerjisinin ixrac potensialı da yaranmışdır.

Ümumiyyətlə, bu gün bütövlükdə ölkəmizdə ixrac potensialı var və Azərbaycan elektrik enerjisi idxalçısından bu məhsulun ixracatçısına çevrilmişdir.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 23 aprel.- S.1;6.