Öncə insanların sağlamlığıdır

 

Dövlətin həyata keçirdiyi islahatlar pandemiya dövründə də əhalinin köməyinə gəlir

 

Koronavirus deyilən bir kabus bu gün dünyanı dolaşmaqdadır. Bu bəla artıq hər yerə yayılıb. Bütün ölkələr kimi Azərbaycan da bu pandemiya ilə mübarizə aparır.

Lakin bir sıra dövlətlər vaxtında lazımi tədbirlər görmədiyi üçün çox sayda insanın həyatına son qoyulub. Amma təqdirəlayiq haldır ki, dövlətimizin vaxtında gördüyü zəruri tədbirlər sayəsində Azərbaycan koronavirusla mübarizədə dünyaya nümunə göstərir. Qabaqlayıcı tədbirlər nəticəsində biz bu bəladan az itkilərlə çıxmağı qarşıya məqsəd qoymuşuq.

Prezident İlham Əliyevin apardığı səhiyyə islahatları bu gün koronavirusla səmərəli mübarizəyə imkan verir. Hazırda COVID-19-la mübarizə aparmaq üçün 20 xəstəxana fəaliyyət göstərir. Xarici ölkələrdən yüksək texnologiyaya malik laboratoriyalar gətirilib. Bunun sayəsində ölkəmizdə koronavirusa yoluxma halları vaxtında aşkar edilir. Həmin laboratoriyalarda indiyədək 86 mindən çox test aparılıb. Testlərin sayına görə dünyada 30-cu yerdəyik. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan dövlətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirərək digər ölkələrə nümunə göstərir.

Prezident İlham Əliyevin aprelin 14-də bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda öncə əhalinin sağlamlığından, koronavirusla mübarizədən bəhs etməsi onu göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində, həmişə olduğu kimi, yenə də Azərbaycan vətəndaşı dayanır. Prezident həmin videokonfransda insanların sağlamlığının onun üçün böyük önəm daşıdığını bildirərək demişdir: "Bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanların həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər”.

Azərbaycan vətəndaşlarının dövlətin gördüyü işlərə belə yüksək qiymət verməsi təsadüfi deyil. İndi hamı televiziya vasitəsilə dünyadakı mənzərəni görür. Həmişə həsəd apardığımız, imkanlarını həddindən artıq dəyərləndirdiyimiz Qərb ölkələrinin səhiyyəsinin nə vəziyyətdə olduğu da göz qabağındadır. İndi hamıya aydın oldu ki, həyata keçirilən uğurlu islahatlar sayəsində Azərbaycan fors-major vəziyyətə daha çox hazırdır. Həmçinin məlum oldu ki, Azərbaycan həkimləri daha fədakar, gaha qayğıkeş və daha məsuliyyətlidirlər.

Burada bir önəmli məsələyə toxunmaq da yerinə düşər. Dövlətin tabeliyində olan mərkəzləşdirilmiş sanepidemiya stansiyaları belə hallarda mühüm rol oynayır.

Koronavirus pandemiyası dünyada səhiyyə sisteminin vəziyyəti barədə müzakirələrə yol açdı. Artıq hamı gördü ki, bu sistemin ifrat liberallaşması doğru deyil. Səhiyyə sistemində strateji sahə kimi dövlətin aparıcı rolu qorunub saxlanmalıdır. Özəl xəstəxanalar koronavirusla mübarizə aparmaq iqtidarında deyil. Çünki burada hər şey gəlirlə ölçülür. Sahibkar öz mənfəətini hər şeydən üstün tutur, onun üçün əsas meyar gəlirlilikdir. Koronavirusla mübarizədə ABŞ, İngiltərə, İtaliya, Fransa, İspaniya kimi ölkələrin aciz vəziyyətdə olması buna nümunədir. Avropanın siyasi mərkəzi olan Belçikada isə əsl insanlıq dramı yaşanır. 11 milyon nəfər əhalisi olan bu ölkədə 5 mindən çox insan ölüb. Həkimlər isə xəstələrin müraciətinə laqeyd yanaşırlar.

Dünyanı bürüyən pandemiya həm də siyasətçilər və dövlət rəhbərləri üçün əsl sınaq oldu. Həmişə bizə insan haqlarından "dərs verən” Qərb ölkələri insanların yaşamaq haqqını qorumaq üçün vaxtında lazımi tədbirlər görmədilər. Nəticədə on minlərlə insan həyatını itirdi. Təsəvvür edin ki, insanları müalicə etməli olan həkimlər qoruyucu kostyumlarmaskalar olmadığı üçün yoluxub ölürlər. Ən sadə yolla hazırlana biləcək maskanın istehsalını belə təşkil etmirlər. Onu da günlərlə gözləyib xarici ölkələrdən ixrac edirlər.

Azərbaycanda bu tibbi ləvazimata ehtiyac yarandığı andan Prezidentin göstərişi ilə maska istehsalına hazırlıq görüldü, tezliklə müvafiq müəssisə fəaliyyətə başladı. Odur ki, bu gün apteklərdə kifayət qədər yerli istehsal olan maska var.

Azərbaycan vətəndaşları koronavirus bəlasından az itki ilə çıxacağımıza əmindirlər. Hər kəs görür ki, dövlət vətəndaşın sağlamlığı, onun həyatının qorunması üçün bütün tədbirləri görür. Mövcud xəstəxanaların gücü koronavirusla mübarizə aparmaq üçün yetərlidir. Lakin dövlət əlavə olaraq 10 modul tipli xəstəxananın inşasına başlayıb. Bu onu göstərir ki, Qərbdən fərqli olaraq Azərbaycan dövləti vətəndaşının sağlamlığı üçün istənilən qədər vəsait xərcləməyə hazırdır.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 23 aprel.- S.2.