İşğalçılıq siyasətinin növbəti ifşası

 

Ermənistanın dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə yer qalmayıb

 

Ermənistan Dağlıq Qarabağ probleminin dinc müstəvidə həlli məqsədi ilə ona verilən şansı hələ də lazımınca dəyərləndirmir. Belə ki, bu günlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun keçirdiyi videokonfrans zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirməkdədir.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 21-də A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun üzvlərinin "dəyirmi masası”nda çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə toxunmuş və Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair plan və təkliflər barədə danışmışdı.

Beləliklə, Ermənistan yüksək siyasi səviyyədə növbəti dəfə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirdi. Belə bir vəziyyətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll ehtimalı artır ki, bu da ermənilər üçün əsl fəlakət anlamına gəlir. Çünki Ermənistan müzəffər Azərbaycan Ordusunun ən qısa zaman kəsiyində işğal altındakı əraziləri azad etmək iqtidarında olmasını hələ 2016-cı ilin aprel döyüşlərində aydın gördü. Elə bu səbəbdən də hazırda təcavüzkarın ən böyük qorxusu Azərbaycanın zəbt olunmuş ərazilərini güc yolu ilə qaytara biləcəyi ilə bağlıdır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistanın xarici işlər naziri sözügedən açıqlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkir. Qeyd edib ki, Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur. Bu, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir. Ermənistan-Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunmuşdur. Həmçinin həmsədrlərin 2019-cu ilin 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunmuşdur.

Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda aydın olur ki, Ermənistan sözün əsl mənasında küncə sıxışdırılmış vəziyyətdədir və Azərbaycanın apardığı siyasət nəticəsində işğalçı dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə daha yer qalmayıb. İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir və beynəlxalq hüquq normalarına uyğun olaraq onu zəbt etdiyi əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında da Ermənistanın işğalçı dövlət kimi təqdim olunması düşmən ölkənin diplomatiya müstəvisində artıq nokaut vəziyyətinə düşdüyünü təsdiq edən faktorlardır.

Hikmət Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyüsuverenliyi bir daha təsdiq olunur və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir: "Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar. Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə təşkil edilmiş açıq debatda bir daha qəti şəkildə ifadə olunmuşdur”.

Deməli, Ermənistanın danışıqlar prosesində indi çox az vaxtı var. Əgər Ermənistan bu vaxtdan səmərəli istifadə edərək danışıqlarda konstruktiv mövqedən çıxış etməsə, ərazilərimizi işğal altında saxlamaqda davam etsə, onda Azərbaycan əsgəri ilə üz-üzə gəlməsi qaçılmaz olacaq. İşğalçı ölkənin özündə də yaxşı bilirlər ki, müharibənin başlanması təkcə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qovulması ilə nəticələnməyəcək, eyni zamanda bu dövlətin çöküşünü daha da sürətləndirəcək. Çünki Ermənistanın Azərbaycanla yenidən müharibə aparmağaiqtisadi, nə də hərbi gücü var. Bu səbəbdən Azərbaycanın lazım gələrsə Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə çözümünə əl ata biləcəyinə dair fikirlərin səslənməsi Ermənistanda əsl dəhşət kimi qarşılanır.

Ümumi vəziyyətin təhlili həm də onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin iştirakçı tərəfləri olan Ermənistan və Azərbaycan arasında kifayət qədər böyük fərqlər mövcuddur. İndi bir tərəfdə güclü, qüdrətli, sürətlə inkişaf edən Azərbaycan durursa, digər tərəfdə çökməkdə olan, cəmiyyətində parçalanmalar yaşanan, idarəçiliyi başqa dövlətlərin əlində olan Ermənistan dayanır.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 24 aprel.- S.1;7.