İslam dünyası mübarək Ramazan ayını qarşılayır

 

Bu axşam müsəlmanlar niyyət edəcəklər

 

Müsəlman dünyası müqəddəs Ramazan ayı ərəfəsindədir. Möminlərin on bir aydır səbirsizliklə gözlədikləri məqam gəlib çatır. Bu gün axşam müsəlmanlar mübarək Ramazan ayında tutacaqları oruc üçün niyyət edəcək, sabah isə oruc tutmağa başlayacaqlar.

Hicri qəməri təqviminin doqquzuncu ayında - Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün fərzdir. Ağıllı, həddi-büluğa çatmış, oruc tutmaq üçün üzrlü səbəbi olmayan hər bir mömin oruc tutmalıdır. Müsəlmanlar mübarək ay boyunca günün işıqlı vaxtında oruc tutub yemək-içməkdən və cinsi əlaqədən uzaq qalacaqlar.

Oruc İslamla başlamamışdır; insanlar İslamdan əvvəl də oruc tutmuşlar. Bu, Qurani-kərimin "Bəqərə” surəsində açıq-aşkar ifadə edilmişdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!.. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu, onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”

Oruc tutmaq Uca Yaradanın buyuruğu olmaqla bərabər, böyük əxlaqi-mənəvi, sosial əhəmiyyətə malikdir. Hədisi-şərifdə deyilir ki, "oruc sipərdir”, yəni müsəlmanı pis əməllərdən qoruyan gizli silahdır. Oruc tutan insan qeybət qılmaq, söyüş söymək, dava-dalaş salmaq kimi naqis əməllərdən çəkinməlidir.

Ramazan ayında insanlar arasında qarşılıqlı məhəbbət, hörmət, şəfqət, dostluq, qardaşlıq, həmrəylik münasibətləri hökm sürməlidir. Oruc tutanlar düşmənçiliyə, umu-küsüyə son qoymalı, bir-birinə münasibətdə mərhəmətli olmalı, bir-birini bağışlamağı bacarmalıdırlar. Allah-təala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının zəruriliyini xatırladır.

Ramazan müsəlmanın mənəvi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, yemək-içmək, cinsi əlaqə kimi cismani ehtiyaclar insan həyatında güclü amillərdəndir. İlin bir ayında oruc tutmaqla müsəlman cismani ehtiyacların hökmranlığından azad olur və mənəvi-ruhi cəhətdən təkmilləşmək imkanı əldə edir.

Oruc insanda dözüm, iradə və təmkin tərbiyə edir, nəfsə hakim olmaq vərdişləri aşılayır. Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini dərk edir, ona münasibətdə xeyirxah olmağın vacibliyini anlayır. Oruc insanı yaxşı işlər görməyə sövq etməklə yanaşı, pis əməllərdən də çəkindirir.

Aparılmış çoxsaylı araşdırmalar göstərir ki, Ramazan ayı boyunca müsəlman ölkələrində cinayətkarlığın səviyyəsi açıq-aşkar aşağı düşür. Eyni zamanda bir ay oruc tutmaq insanın sağlamlığında mühüm rol oynayır. Peyğəmbərimiz Məhəmməd səlavatüllah buyurmuşdur: "Oruc tutun ki, sağlam olasınız!”

Qədim zamanlardan bəri oruc insanın sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi nəzərdən keçirilir. Antik dövrdə Sokrat, Platon, Aristotel kimi böyük mütəfəkkirlər müəyyən müddət ac qalmağı, başqa sözlə, oruc tutmağı tövsiyə etmişlər.

Müasir alimlər də yemək-içməkdən imtina edilməklə bir çox xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə etmişlər. Həkimlər təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkün olur. Oruc tutarkən mədə, bağırsaqlar, qara ciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, orucun müsbət təsirinə məruz qalmasın.

Oruc bel, onurğa, boyun ağrılarının sağalmasına kömək edir. Norveçdə aparılmış elmi tədqiqat nəticəsində məlum olmuşdur ki, qida qəbulundan imtina oynaq iltihabının müalicəsində effektiv vasitədir - bir şərtlə ki, xəstə dörd həftə ac qalsın. Bu isə təxminən Ramazan orucunun müddətinə bərabərdir! Həkimlər mədə-bağırsaq xəstəliklərindən müalicə zamanı da elə bu qədər pəhriz saxlamağı məsləhət görürlər.

Qeyri-müsəlman ölkələrində aparılmış və on minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübuta yetirmişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlədən yüksək qan təzyiqinin, qara ciyər, dəri xəstəliklərinin, xüsusilə allergiyaxroniki ekzemanın və s. müalicəsinə kömək edir.

Orucun mənəvi-əxlaqi və fiziki faydaları çoxdur. Eyni zamanda yaddan çıxarmaq olmaz ki, Ramazanda oruc hansısa fayda naminə yox, Allahın əmrini yerinə yetirib Onun rizasını qazanmaq üçün tutulur.

Bu mübarək ayda Allah-təalaya edilən dualar tez qəbul olunandır. Vətən torpağının düşmən tapdağından qurtulması, didərgin həmvətənlərimizin ev-eşiyinə qayıtması üçün dua edək! Xalqımızın, bəşəriyyətin qarşı-qarşıya qaldığı koronavirus adlı gözəgörünməz düşmənə qalib gəlməsi üçün dua edək!

Allah İslam ümmətinin mübarək ayda tutacağı orucu və edəcəyi duaları qəbul eləsin! Amin!

 

Allahverdi MEHDİYEV

Azərbaycan.-2020.- 24 aprel.- S.7.