Azərbaycan dünyada ikinci yerdədir

 

Ölkəmizin ehtiyatda ən azı 1000 meqavat generasiya gücü var

 

Prezident İlham Əliyev aprelin 20-də Bakıda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edib. 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə yararsız vəziyyətə düşən bina əsaslı təmir olunaraq yüksək səviyyədə yenidən qurulub.

Qeyd edək ki, bu binanın istifadəyə verilməsi enerji sisteminin etibarlılığının təmin edilməsi sahəsində mühüm rol oynayacaq.

Mərkəz vasitəsilə enerji sisteminin avtomatik idarə edilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda burada müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Bu sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək. Yeni layihənin ilin sonunda tam başa çatdırılması planlaşdırılır.

Son illər Azərbaycanda digər sahələrdə olduğu kimi, enerji sistemində də geniş infrastruktur yaradılıb. Həmin sahədə dünyada lider dövlətlərdən biriyik. Prezident İlham Əliyev sözügedən mərkəzin açılışındakı çıxışında ölkəmizin bu sahədə qazandığı nailiyyətləri yüksək qiymətləndirərək demişdir: "Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüz görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürdük, amma əsas hissəni öz pulumuzla həll etdikbu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sistemində nəhəng layihələr həyata keçirilib. Son 16 il ərzində ölkəmizdə 30-dan çox yeni stansiya tikilərək istifadəyə verilib. Həmin stansiyalar sırasında Şirvan şəhərində tikilən "Cənub” Elektrik Stansiyası 800 meqavat gücündədir. Ondan sonra istifadəyə verilən Sumqayıt Elektrik Stansiyası və "Şimal-2” stansiyası da böyük gücə malikdirlər. 300 meqavat gücündə olan "Səngəçal” stansiyası da ölkəmizin enerji sisteminə töhfə verir.

Dövlət başçısı Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya da toxundu. Vurğuladı ki, bu, ilk növbədə səhlənkarlıq, məsuliyyətsizlikdən baş verən qəza idi. 8 blokdan ibarət olan bu stansiya yenidən qurulur. Həmin stansiyada bərpa işləri aparıldıqdan sonra əlavə 600 meqavat gücündə generasiyaya sahib olacağıq.

Ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf edir və təbiidir ki, eyni zamanda əhali də artır. Xüsusilə qeyri-neft sektorunun iqtisadiyyatda çəkisinin artması enerjiyə olan tələbatın çoxalmasına səbəb olur. Artan tələbatın ödənilməsi və üstəlik müəyyən qədər ehtiyatın yaradılması günümüzün tələbidir. Hazırda ölkəmizin ehtiyatda ən azı 1000 meqavat generasiya gücü var. Bu fakt onu göstərir ki, dövlət başçısının tapşırığı ilə enerji sektorunda görülən işlər nəticəsində mövcud tələbat ödənilməklə yanaşı, həm də əlavə generasiya gücünə malikik. Belə bir imkan dünyanın az sayda ölkəsində mövcuddur.

Bölgələrin elektrik enerjisi ilə təmin edilməsində regionlarda tikilən elektrik stansiyalarının da xüsusi əhəmiyyəti vardır. Bunlar regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində tikilən obyektlərdir. Belə ki, Astara, Xaçmaz, Şəki, Şahdağ, Səngəçal və digər bölgələrdə elektrik stansiyalarının inşa edilməsi məhz 2004-cü ildən sonra reallaşıb. Bununla yanaşı, ölkə ərazisində çayların üzərində də kiçik elektrik stansiyaları tikilib. Təkcə Naxçıvan Muxtar Respublikasında tikilən su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək imkanındadır.

Bir sözlə, Azərbaycanda elektrik enerjisinin istehsalı sahəsində görülən işlər nəticəsində elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişik.

İndi dünyada ekoloji cəhətdən təmiz - bərpa olunan enerji istehsalına üstünlük verilir. Azərbaycanda da bərpa olunan enerji stansiyaları tikiləcək. Bu məqsədlə cari ilin yanvar ayında bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik iki şirkətlə müqavilə imzalanıb. Həmin sazişlər əsasında ölkəmizdə 440 meqavat gücündə - biri külək, biri günəş stansiyası olmaqla, iki stansiya tikiləcək. Qeyd edək ki, həmin stansiyaların tikintisi tam həcmdə xarici şirkətlərin sərmayəsi hesabına yerinə yetiriləcək.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 28 aprel.- S.1;4.