Ermənilər həyəcan təbili çalırlar: “Yerevan Qarabağ məsələsində Azərbaycana müqavimət imkanını itirib

 

Regiondakı geosiyasi durum Ermənistanın işğal siyasətini dalana dirəyib

 

 

Keçdiyimiz günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda maraqlı açıqlamalar vermişdi. Həmin çıxışda qeyd etmişdi ki, hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var.

O, açıqlamasında BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinə toxunmuşbildirmişdi ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-2011-ci illərdə hazırladığı sənədlər, yəni "Kazan prinsiplər”i və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan, hazırda fəal müzakirə olunan layihələr var: "Bütün bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını ehtiva edir”.

Ermənistan mediası və ekspertləri bildirirlər ki, Lavrovun bu bəyanatı Yerevan üçün yaxşı heç nə vəd etmir. Erməni şərhçi Tevos Arşakyan yazır ki, Lavrov münaqişənin nizama salınmasında niyə "mərhələli həll” variantından danışır, Azərbaycanın ərazi bütövlüyünü və BMT TŞ-nin qətnamələrini yada salır?

Şübhəsiz, Rusiya Ermənistanın siyasəti ilə barışmaq istəmir.

Elə erməni politoloq Ara Vardanyan da eyni mövqe sərgiləyir. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti reallığı təhrif etməyə çalışdığı bir vaxtda Azərbaycan zəbt edilmiş ərazilərin geri qaytarılması istiqamətində əməli addımlar atır: "Ermənistan hakimiyyəti danışıqların mövcud kağızının dağıdıcı təsirini bildiyi üçün təxminən 2 il ucuz formalarla xalqı aldadırdı ki, Qarabağ məsələsində hansısa sənəd danışılmır”.

O, qeyd edib ki, lakin Rusiya xarici işlər naziri öz "sülh” qətnaməsini açıqladı: "O, biz müxalifətçilərin təxminən iki ildir danışdığımızı söylədi. Şübhəm yoxdur ki, hakimiyyəti zəbt etmiş "sülh” partiyası çox tezliklə siyasi ataları olan Levon Ter-Petrosyanın vaxtilə yaşadığı eyni aqibəti yaşayacaq”.

Ermənistanın eks-prezidenti Serj Sarkisyan da məsələyə münasibətini açıqlayaraq bildirib ki, "mərhələli həll” Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər: "2008-2018-ci illərdə mən və xarici işlər naziri Edvard Nalbandyan Qarabağ konfliktinin mərhələli həllini müzakirə etməmişik. Mərhələli həll variantının təhlükəsi ondan ibarətdir ki, hansısa məqamda tərəflərdən biri öz gözləntilərini əldə edə və prosesi davam etdirməyə bilər. Bu variant erməni tərəfi üçün həyati əhəmiyyət daşıyan "Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını reallaşdırmaya bilər. Əgər əvvəllər periodik olaraq paket həllin mərhələli reallaşdırılmasından söhbət gedirdisə, bu gün Moskvadakı "dəyirmi masada Sergey Lavrov çox dəqiq və birmənalı bəyanat verdi. Bu gün Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarının yeni layihə haqqında bəyanatını təkzib etmədi”.

Ermənistan parlamentinin keçmiş deputatı, "Daşnaksütyun” partiyasının funksioneri Lilit Qalstyan isə hesab edir ki, istənilən halda Yerevan Qarabağ məsələsində Azərbaycan və digər beynəlxalq güclərə müqavimət imkanını itirib: "Ermənistan ətrafındakı halqa daralır, hökumət isə daxili düşmənləri modelləşdirmək üçün uzaqgörən olmayan göstərişlə məşğuldur”.

Qalstyan qeyd edib ki, Lavrovun səmimiliyi ona təsəlli vermir, bu, Ermənistan üçün acı olsa da gözlənilən idi: "Siyasət soyuq hesablamanı sevir, maraqlar, institusional yaddaş, hörmət və irs üzərində qurulur. Siyasət elmdir: burada demək olar ki, mikrocərrahiyyə kimi hər bir incəlik, detal vacib və həlledicidir. Amma Nikol Paşinyan iqtidarı hələ də bunu anlaya bilmirbu gedişlə Qarabağ Azərbaycanın tərkibinə qayıdır”.

Erməni politoloq Suren Sarkisyan isə vurğulayır ki, Sergey Lavrovun bəyanatı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin onlayn görüşündən əvvəl oldu və əslində bu bəyanatla baş tutan danışıqlar prosesinə işıq saldı. Onun sözlərinə görə, Rusiya tərəfi faktiki olaraq oyun kartlarını açdı və tərəflərin mərhələli variant ətrafında danışıqlar apardığını təqdim etdi: "Mərhələli variantın öz təhlükələri var, çünki problemi mərhələ-mərhələ həll edəndə əvvəlcə bir şeyi güzəştə gedirsən, sonra bunun qarşılığında qeyri-müəyyən müddətlik nəsə alırsan”. Sarkisyan qeyd edib ki, "mərhələli həll” variantı Ermənistan üçün əlverişsizdir. Amma Yerevanın bununla razılaşmaqdan savayı başqa çıxış yolu da yoxdur.

Ekspertlər də hesab edirlər ki, regionda geosiyasi durum, dünya miqyasında baş verənlər Ermənistanın işğal siyasətinin artıq dalana dirənməsinə gətirib çıxarır. Burada Rusiyanın prosesə yanaşması da mühüm rol oynayır. Digər tərəfdən bütün qapıların bağlandığı, siyasiiqtisadi dəstəyin kəsiləcəyi vəziyyətdə Yerevanın regional əməkdaşlıq platformalarında yerini almaq, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, iqtisadi dəstək əldə etmək, bir sözlə, mövcud olmaq üçün yeganə çıxış yolu ərazilərin qaytarılmasıdır.

Burada Yerevan onu da nəzərə almağa məcburdur ki, ölkənin çətin vəziyyətdə olan iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda daha ciddi zərbələr alır. Bu durumda erməni diasporundan gələn ianələrin kəsilməsi də əlavə problemlər yaradır. Bu səbəbdən Ermənistan işğal siyasətinə son qoymağa məcburdur.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 30 aprel.- S.1;7.