Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində gülüşün poetikası

 

Əbdürrəhim bəy Haqverdiyev – 150

 

Hekayə yaradıcılığının başlanğıcında Ə.Haqverdiyevin nəsri didaktik, lirik-dramatik meyli ilə diqqət çəkirdisə, sonrakı mərhələdə müxtəlif çalarları ilə komizm, satirik əhvali-ruhiyyə qabarıqlaşırdı. Təbii ki, bu meyillər onun hekayə yaradıcılığı boyunca artıb-azaldığı üçün bu "hüdudlandırma” qeyd-şərtsiz xarakter daşımır. Adətən, xarakterlərin, süjetin və süjetlə əlaqədar olaraq qəhrəmanların düşdüyü vəziyyətlərin, portretlərin, nitqin, adların komizmini bir-birindən fərqləndirirlər. Ə.Haqverdiyev hekayələrində bütün bu komponentlərdən istifadə edirdi. Bununla belə, ədibin gülüşü bəzən qeyd olunduğu kimi heç də hər zaman qəzəbli, öldürücü gülüş deyil, əksinə, "balaca adamlara yönləndirilmiş mərhəmətli, şəfqətli gülüşdürdaha çox acıma hissi ilə aşılanmışdır. Komik hekayələrinin əsas qəhrəmanı olan balaca adamın həyat tərzinə, gündəlik qayğılarına nüfuz edən ədib onları qeyri-adi situasiyalarda, istisna vəziyyətlərdə "yaxalamaqdan daha artıq biri digərindən fərqlənməyən günlük həyatında təsvir edir.

Onun gerçəkləri ifadəetmə üsulundakı komizmin işlənmə vasitəsinə uyğun olaraq hekayələrindəki janr xüsusiyyətləri də dəyişir. Ə.Haqverdiyev nəsrində, o cümlədən hekayəçiliyində epizodik təsvirdən həyatın çoxplanlı və müxtəlif xarakterli təsvirinə qədər yol alır.

Əbdürrəhim bəy Haqverdiyevin komik qəhrəmanlarının xarakterindəki psixoloji başlanğıc az əhəmiyyət daşımır, bunu xüsusən portret hekayələrdə daha geniş müşahidə etmək mümkündür. Belə olduğu halda, onun komik təhkiyəsi polifonik xarakter alır - komik, lirikdramatik (bəzən hətta tragik) başlanğıcları bir-birindən fərqləndirərkən dəqiq konturları cızmaq mümkün olmur, biri digərinə keçərək bir-birini tamamlayır. Ə.Haqverdiyevin gülüşü əksərən dramatikdir, çünki o hadisələr ki, gülüş doğurur, eyni zamanda, həm də acındırır, faciəni dərk etməyə rəvac verir. "Bomba” hekayəsində bu, Kərbəlayi Zalın öz durumunun acınacaqlı olduğunu, özünü yüksək mövqelilər və mövqe sevgisi qarşısında zəif, aciz və cılızlığını dərk etdiyi zaman baş verir.

Gülüş bir haldan başqa hala keçid olduğu üçün onu doğuran hadisənin özü ilə yanaşı, motivi də əhəmiyyətlidir. Kərbəlayi Zalın motivləri başqasına pislik deyil, özünə yaxşılıq etmək, yerini, mövqeyini möhkəmləndirməkdir. Nəticə etibarilə, başqasına nə pisliyi, nə yaxşılığı keçsə də, özünü gülüş hədəfinə çevirmiş olur. Biz onun usta Feyzullaya pislik etməsinə yox, hətta özünə belə, xeyri dəyməməsinə acıyırıq və bu acıma şəfqətli gülüşlə ifadə olunur.

Pristavın xəbərdarlığından ("Əgər belə getsə, bizim bir yerdə qulluq etməyimiz tutmayacaq”.) sonra Kərbəlayi Zal fikirli gəzib-dolanır, hətta axşam yeməyi yeməyib yatmağa getsə də, nə illah edirsə, yata bilmir. Çarə axtarır ki, "pensiyəsinin çıxmağına” az vaxt qalmış onu işdən uzaqlaşdırmasınlar. Fikirli halda, küçədə dayanarkən absurd situasiyanın özü gəlib onu tapır: "Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.” Kərbəlayinin ağlını qarışdıran "bu bir növ girdə şeylər” olur. Onun məqsədi usta Feyzullaya böhtan atmaq, onuyolla olursa-olsun, həbs etdirib yerini möhkəmlətmək deyil, sadəcə, doğrudan da, gətirilənin bomba olduğuna inanır.

Burada gülüş obyekti Kərbəlayi Zalın düşdüyü komik situasiyadır, onun özü deyil. Çünki Kərbəlayi Zal, əslində, yazıq, bədbəxt adamdır. Bu situasiya digərlərindən fərqləndiyi, gözlənilən effektlə qarşılaşmadığımız üçün gülüş yaradır. Situasiya oxucunun gözləntisinə adekvat deyil, onu aldadır və biz əvvəlcə yaranan duruma, sonra isə bu durumda gülünc vəziyyətə qalanonun səbəbkarı olan Kərbəlayi Zala gülürük. O özüdurumun qurbanıdır. Çünki Kərbəlayi Zalın "Qanlı küçə” ilə "Zavallı” küçənin kəsişməsində durub fikrə dalması təsadüfi deyil. Bu adlar bir tərəfdə zor tətbiq edən Rusiya zülmünü, digər tərəfdə əzilən, törədilən zülmə düçar olan xalqı simvolizə edirqorodovoyun bu ikisinin arasında qalması müəllifin bilərəkdən seçdiyi priyomdur. Hekayədəki situasiyanı müəllifin kədəri doğurur.

Tədqiqatçı Vladimir Propp ən əsas gülüş növü olaraq istehzanı görürdü, çünki satiranın nəhəng sahəsi məhz istehzalı gülüş üzərində qurulub. Qeyd etdiyimiz bu istehza, tənə pafosu, satirik ifşa Ə.Haqverdiyevin məhz "Marallarım” silsiləsi üçün səciyyəvidir. Kimdir bu marallar? Müəllif bu sualı belə cavablandırır: "Şükür olsun Allaha, yer üzündə mənim marallarımın hesabı üç yüz milyona çatıb. Gedərsən İrana, Hindistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, İrəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana... hər yer mənim marallarım ilə doludur. Gözəl marallarım, göyçək marallarım. Hər biri bir can marallarım, hacı marallarım, kərbəlayi marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Keçəl marallarım, qotur, bitli marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım...”

"Marallarxeyli geniş ərazini "zəbt edirmiş” və məsələ yalnız bu coğrafi arealın genişliyində deyil. Ə.Haqverdiyevin hekayələrinin cərəyan etdiyi məkan və zaman əsas etibarilə maksimal dərəcədə lokallaşdırılması ilə xarakterikdir. Milli "marallar”ın "paytaxtı” - əsas mərkəzi Dəccəlabaddır - ərazicə uydurma olsa da, ideyaca bünövrəsi, zəmini olan, fiziki mövcudiyyəti gerçək olmasa da, mahiyyətcə reallaşan bir məkandır. Burada o qədər fırıldaq və haqsızlıqlar olur ki, "Dəccal bu şəhərin qarşısında dənizin təkində dustaqdır.” - Dəccalın özünü belə dustaq edə bilən, şərin "abadetdiyi şəhər və onun "marallardan ibarət əhalisi toplum olaraq açıq-aydın satiraya məruz qalır. "İnsaniyyət”, "mürüvvət”, "həmiyyət”, "ittihad”, "namus”, "qeyrət”, "mədəniyyət”... və habelə sözlər”in ortalığa gəlməsinə qadağa qoyulan bir məmləkətdir Dəccəlabad. Fantastik məkan olsa da, onun qəhrəmanları bizlərdəndir, aramızdan çıxanlar, yaxud elə biz özümüzük. Bu məqamda Y.Borevin hər cür obyektin kəskin gülüş hədəfinə tuş gəlinməyə "layiq” olmadığı, onun müəyyən estetik xüsusiyyətlərə malik olmasının vacibliyi fikrilə razılaşmaq lazım gəlir. "Marallarım” silsiləsinin, demək olar ki, hər bir hekayəsində müəllifin daha çox istehzaifşa meyilli satirik gülüşünə şahid oluruq.

Satirada gerçəkliyin əkslikləri qarşı-qarşıya durur, bu üzdən gülüşsüz olsa da, kəsərsiz satira olmaz. Çünki satirikin məqsədi yalnız oxucunu güldürmək olmamalıdır, belə olduğu halda, bu gülüşün mənasız "hırıltı”dan fərqi olmaz. "Tənqid” (1913) hekayəsindəki mühərrir Mirzə Mahmudun məzmunca bir-birini inkar edən iki fərqli rəy yazaraq, eyni tamaşanı əvvəl tənqid edib, sonra tərifləməsi; "Acından təbib”də (1913) çarəsizlikdən yalan danışan və bu yalanı hələ uzun müddət davam etdirməli olan Kərbəlayi Məhəmmədin "tədbir”i; "Həmşəri pasportunda (1917) bir təsadüf nəticəsində başqalarının sənədlərini cibinə qoyub Rusiyaya yollanaraq, müxtəlif şəhərlərdə dinini dəyişmək istədiyini dilə gətirib yerli camaatın avamlığından istifadə etməsi... kimi əhvalatların hər biri "marallar”ın əməlləri olaraq satirik gülüşün müxtəlif çalarlarına məruz qalır.

"Pir”, "Acından təbib”, "Dəccalabad”, "Şəbih” və digərləri kimi hekayələrdə tənqid pafosu yalnız savadsızlıqları üzündən aldananlara deyil, bütövlükdə cəhalətə, haqqını tələb edə biləcək bilgiyə malik olmağa imkan vermədiyi, yalançı dini ayinlərlə aldatdıqları üçün ayrı-ayrı "dindarlarayox, ümumən xürafata yönəlikdir. Beləcə, ilk baxışda əhəmiyyətsiz görünən nəsnələrin arxasında milli gerçəkliyin neqativ çalarları çözələnir, ayrı-ayrı obrazlar dövrün, cəmiyyətin qüsurlu ruhunu özündə ümumiləşdirən tiplərə çevrilir.

Sonrakı hekayələr sosial planda mahiyyətcə "Marallarım” silsiləsindən ciddi fərqlənməsə də, bunlarda tədricən gülüşün səciyyəsi dəyişir; daha çox nisgil və kədərə köklənərək hekayə qəhrəmanı və onun ümumiləşdirdiyi cəmiyyət nümayəndələrindən uzaqlaşaraq şəxsin hərəkətlərinin səbəblərinə yönəlik suallar yaradır.

Sənətkarın yaradıcılıq manerasının əsas xüsusiyyətləri yalnız ərsəyə gəlmiş personajsituasiyalarla bağlı deyil, bütövlükdə buya digər tarixi dönəmin aparıcı tendensiyaları haqqında fikir formalaşdırmağa imkan verir. Ə.Haqverdiyevin bədii nəsrinin xarakterik cəhətləri onun ideya-yaradıcılıq istiqamətinin əsas prinsiplərini müəyyənləşdirir. Hekayələrindəki əhvalat üzərində qurulan süjet tədricən obrazın dünyasına nüfuzetmə ilə əvəzlənir. Beləliklə, müəllif müasirlərinin mahiyyətini əks etdirməklə bütövlükdə həmin zamanın ictimai ovqatını, sosial əhəmiyyətli, dolayısı ilə həm də siyasi proseslərin mahiyyətini ifadə edir.

 

Mətanət Vahid,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2020.- 16 avqust.- S.5.