“Dağılan tifaq

 

İlk dram əsəri

 

Ə.Haqverdiyev orijinal bədii yaradıcılıq sahəsində ilk addımlarını Peterburqda atmış, 1892-ci ilin fevralında birinci dəfə "Yeyərsən qaz ətini, görərsən ləzzətini” adlı komediyasını, 1896-cı ildə isə Azərbaycan dramaturgiyasının incilərindən olan məşhur "Dağılan tifaq” faciəsini qələmə almışdır. Hər iki əsərin mövzusu real həyatdan, real hadisələrdən, dramaturqun sosial-mənəvi və psixoloji aləminə dərindən bələd olduğu mülkədar yaşayış tərzindən götürülmüş, canlı müşahidələr əsasında yazılmışdır. Əsər ilk dəfə Peterburqda ədəbi məclisdə oxunmuş və iştirakçılar tərəfindən hərarətlə qarşılanmışdır.

Görkəmli tədqiqatçıların fikrincə, "Dağılan tifaq” Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılır və Haqverdiyevə dramaturq şöhrəti qazandıran bu məşhur əsərin yaranmasında ədibin hələ Şuşada ikən, içərisində dolaşdığı mühiti ətraflı müşahidə etməsi böyük rol oynamışdır.

Tifaqların, ocaqların dağılması ictimai-əxlaqi tənəzzülə məruz qalmış mülkədarlığın öz təbiətindən doğurdu. Pyesdə müəllif, Nəcəf bəy və onun "yemək və içmək” dostu olan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin get-gedə zəiflədiyini, mübarizə meydanından sıxışdırılıb çıxarıldıqlarını göstərmişdir.

Burada eyni zamanda, yaranmaqda olan yeni ictimai qüvvələri təmsil edən Məşədi Cəfər və Cavad kimi tacirlərin surətləri yaradılmışdır. Artıq elə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə meyilləri, inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı. Nəcəf bəyin tərcümeyi-halı Azərbaycan mülkədarlığının keçirdiyi yola uyğundur. Onun ailəyə, qadına, oğluna münasibəti dözülməzdir. Oğlu Süleymanın tərbiyəsiz böyüməsi, atasının yolu ilə getməsi obrazın məhvinə səbəb olur.

"Dağılan tifaq” faciəsinin əsas surətlərindən olan Sona xanımın simasında müəllif, təkcə bəy arvadlarının deyil, feodal-patriarxal cəmiyyətdə yaşayan hüquqsuz qadınların ümumiləşmiş surətini yaratmışdır. Ədib onun dililə öz humanist arzularını, istəklərini, qüvvətli insanpərvər meyillərini ifadə etmişdir. Sona xanım öz düşüncə və arzuları ilə Nəcəf bəylərdən çox üstündür. Əsərdə yazıçının xalqa münasibəti də öz əksini tapmışdır.

"Dağılan tifaq” kəskin dramatik konfliktə malik faciədir və sənət əsəri kimi ustalıqla yazılmışdır. Konflikt elə məharətlə qurulmuşdur ki, əsas surətlər pərdədən-pərdəyə keçdikcə dolğunlaşır, öz səciyyəvi xüsusiyyətlərini aşkara çıxarırlar. Əsas qəhrəman və onun ailəsi get-gedə fəlakətə yaxınlaşır və nəhayət, pyes faciəli, acınacaqlı bir sonluqla bitir.

Dramaturq əsərdə əsas surətlərlə yanaşı, yardımçı surətlərin də xaraktercə tam olmalarına diqqət yetirmişdir. Pyesin dili təbiidir, səlis və aydındır. Dil məsələsində dramaturq realizmə sadiq qalmışdır.

"Dağılan tifaq” Azərbaycan səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulan pyeslərdəndir. Bunun başlıca səbəblərindən biri, onun geniş bir dövrü əhatə edən məzmunu ilə yanaşı, həm də sənətkarlıq cəhətdən mükəmməlliyi ilə izah olunmasıdır.

 

Azərbaycan.- 2020.- 16 avqust.- S.5.