Gənc Liderlər Proqramının iştirakçıları Baş Nazirin müavini ilə görüşüblər

 

Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin 2019-cu ildə icrasına birgə start verdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Cari ilin aprelindən start verilmiş proqramda iştirak üçün 350-dən çox gənc müraciət edib. İlkin seçimlərdən sonra 171 gənclə onlayn formada müsahibə aparılıb və nəticədə 115 nəfər iştirakçı kimi seçilib. İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünyagörüşləri, hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komandada işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib.

Proqram çərçivəsində avqust-oktyabr aylarında rəsmi şəxslərlə onlayn görüş, vebinar və təlimlərin keçirilməsi nəzərdə tutulub.

İlk görüş “Azərbaycançılıq məfkurəsi: tarix və gələcəyə baxış” mövzusunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov ilə olub. Görüşdə ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti, Azərbaycanın regionda rolu, tarixi aspektlər, ölkəmizin gələcəyi, azərbaycançılıq məfkurəsi və digər istiqamətlər üzrə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr barədə lazımi tövsiyələr onların diqqətinə çatdırılıb.

Çıxışlardan sonra gənclərin sualları cavablandırılıb.

Proqram Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən həyata keçirilir.

 

Azərbaycan.- 2020.- 18 avqust.- S.3.