Azərbaycanın və Qazaxıstanın Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq davam etdirilir

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişineu Konvensiyasının tələblərinə əsasən, Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmizdə və Qazaxıstan ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunmaları barədə qarşılıqlı sorğular edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əflatun Quliyevin təkrarən tamah niyyəti ilə tanışı Elnur Talıbov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək Afət Qasımovaya xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını gizli talamasına, Emin Qaraşovun özgə əmlakını qəsdən məhv etməsinə və bununla da zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyənləşdirildiyinə görə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxslərin yerlərinin müəyyənləşdirilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı sorğuları təmin edilməklə Əflatun Quliyev Azərbaycan Respublikasına, Emin Qaraşov isə Qazaxıstan Respublikasına ölkəmizin Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ekstradisiya ediliblər.

 

Azərbaycan.- 2020.- 21 avqust.- S.3.