Pandemiya ilə mübarizədə yeni mərhələ başlayır

 

Bundan sonra sərt karantin rejiminin bütün ölkədə deyil, bölgə-bölgə tətbiq edilməsi tövsiyə olunur

 

 

Dünyanın gündəmindən düşmək bilməyən yeni tip koronavirus ölkələri sosial-iqtisadi sınaqlarla üz-üzə qoymağa davam edir. Mütəxəssislər pandemiyanın yaxın müddətdə bitməsinin mümkün olmayacağı barədə fikirlər səsləndirirlər.

Azərbaycanda da yeni növ koronavirusla mübarizə davam edir. Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, infeksiyanın yayılmasının lokallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son zamanlar virusa yoluxma sayında müsbət tendensiyaya nail olunub. Nəticədə sərt karantin rejimindən yumşaldılmalara doğru atılan addımlar da sürətlənib.

Nazirlər Kabineti yanında Operativ Qərargah hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verib.

 

Milli parkların qapıları açılıb

 

Avqustun 5-dən SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Bu ayın 10-dan iqtisadi aktivliyin gücləndirilməsinin zərurəti nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib. Müvafiq qərara əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyd olunan tarixdən etibarən bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri və "Malllardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb. Ayın 18-dən isə ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində ötən gündən milli parkların qapıları ziyarətçilərin üzünə açılıb.

Milli parklar əvvəlki rejimdə, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək. Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər.

 

Yeni tədris ili ilə bağlı müzakirələr davam edir

 

Hazırda dünyada ən çox müzakirə olunan məsələlərdən biri, pandemiya şəraitində təhsil müəssisələrinin necə fəaliyyət göstərməsi ilə bağlıdır.

Ölkəmizdə də 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı müzakirələr aparılır, təklif olunan modellər nəzərdən keçirilir.

Hələlik yeni tədris ili ilə bağlı qəti qərar verilməsə də, dərslərin pandemiya şərtlərinə uyğunlaşdırılaraq tədris olunacağı gözlənilir.

O da faktdır ki, ölkəmizdəki sanitar-epidemioloji vəziyyət təhsil müəssisələrinin hansı formatda fəaliyyətə başlamasında birbaşa rol oynayacaq.

Vacibdir ki, qoyulan tələblərə əməl edərək, hazırkı müsbət tendensiyanı qoruyub və getdikcə daha yaxşı nəticələr əldə etməyə çalışaq ki, milyonlarla şagird məktəblərinə, müəllimlərinə qovuşa bilsinlər, təhsildən geri qalmasınlar.

 

Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək

 

Ötən gündən Azərbaycanda Məhərrəm ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Məhərrəm ayında məscid və ziyarətgahlarda təziyə mərasimlərininin qadağan edilməsi koronavirus infeksiyasının yayılmasının qarşısını almağa xidmət edir.

Bildirilir ki, Aşura günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilən uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər

 

ÜST Azərbaycanda həyata keçirilən tədbirləri doğru hesab edir

 

Bəli, reallıqdır ki, hazırda bütün dünya COVID-19-un diktə etdiyi şərtlərlə yaşamağa məcburdur.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı məlumat verib ki, koronavirus ən azı 1-2 il, bəlkə də daha çox bizimlə birlikdə olacaq: "Peyvəndin tapılması üçün ümid var, ancaq hələ ki, ortada sübutlar yoxdur. Peyvənd tapılsa belə, hər kəsə çatması uzun vaxt tələb edə bilər”.

O deyib ki, indi koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələyə giririk. Payız aylarında bir çox ekspertlər qlobal olaraq koronavirusla bağlı sayların artmasını gözləyir: "İndiyə qədər öyrəndiyimiz hər şeyi yenidən gözdən keçirmək lazımdır. ÜST bundan sonra ümumi olaraq sıx karantin rejiminin bütün ölkədə deyil, bölgə-bölgə olaraq ortaya qoyulmasını tövsiyə edir. Mübarizənin lokallaşdırılması üçün bütün ölkələrin hansı bölgələrdə xəstəlik vəziyyətinin necə olduğuna dair çox yaxşı məlumat toplaması vacibdir. Yəni epidemioloji sistemlərin güvənli və sağlam olması lazımdır. Əlbəttə, təmasların izlənməsi də vacibdir. Yəni bir şəxs xəstə olduğu zaman kimlərlə təmasda olubsa, onların da izlənməsi, xəstəliyi başqasına yoluxdurmasının qarşısının alınması son dərəcə önəmlidir. Ölkələr qarşıdakı günlər və aylarda normal həyata qayıtmanın yollarını axtarmalıdırlar. Bu, normal sosialiqtisadi həyat davam edərkən, eyni zamanda yoluxmanın qarşısının ala bilinəcəyi bütün qaydaların istifadəsi mənasına gəlir. Məsələn, küçədə gəzmək sərbəst olacaq, ancaq insanlar gigiyena qaydalarına riayət edəcək, ara məsafələrini qoruyacaqlar”.

H.Harmancı söyləyib ki, Azərbaycan da hazırda rəng sistemi tətbiq edərək, bəzi rayonları digərlərindən xəstəliyə yoluxma halına görə daha yüksək riskli sayır. Bu bölgələrdə daha sərtləşdirilmiş tədbirlər tətbiq olunur. Bu baxımdan ÜST həyata keçirilən tədbirləri doğru hesab edir.

 

Davranışlarımız gələcəkdə daha sərt karantin rejimi qərarlarının verilməsini əngəlləyə bilər

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, payız mövsümü sadəcə koronavirusa görə deyil, ümumiyyətlə, üst tənəffüs yolu infeksiyaları üçünçox həssas dönəmdir: "Bu dönəmin COVID-19 pandemiyası ilə üst-üstə düşməsi hər bir ölkəni narahat edirbuna görə də mütləq şəkildə öncədən lazımi profilaktik tədbirlər, hazırlıqlar görülməlidir.

Ümumiyyətlə, tarixboyu virus infeksiyalarla mübarizədə bizə məlum olan ən effektiv yol, sadəcə yoluxmanın yayılmasının vaxtında profilaktik üsullarla qarşısının alınmasıdır. Yəni xəstəxanalarımızın tibbi imkanları nə qədər artırılsa da, ehtimal olunan kütləvi yoluxmalar qarşısında hər bir ölkənin səhiyyə sistemi aciz qala bilər. Bu, hər birimizin qəbul etməsi labüd olan reallıqdır və bunu cəmiyyət olaraq da dərk etməyimiz vacibdir”.

R.Mahmudov vurğulayıb ki, keçən 5 ay müddətində hökumət və cəmiyyət olaraq yaşadıqlarımız bizə çox şey öyrətdi. Bu, həm də ölkəmizdə bundan sonra ola biləcək böyük dalğadan cəmiyyətimizin daha rahat qoruna biləcəyi ehtimalını və inamını yaradır: "Hər birimiz tövsiyə olunan 3 əsas qaydaya əməl etməklə, onu həyatımızın bir parçasına çevirməklə daha təhlükəsiz şəkildə böyük dalğalara qalib gələcəyimizi öyrəndik. Bu şəkildə davranışlarımız həm də gələcəkdə Operativ Qərargah tərəfindən daha sərt karantin rejimi qərarlarının verilməsini əngəlləyə bilər”.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2020.-22 avqust.- S.1; 5.