Pandemiya ilə bağlı vəziyyət ciddi nəzarət altındadır

 

Ümumdünya Səhiyyə Təşkilatının bu ilin mart ayında pandemiya elan etdiyi COVID-19 virusu Yer kürəsində tüğyan etməkdə davam edir. Son statistikaya əsasən, dünyada COVID-19-dan ölənlərin sayı 800 mini, virusa yoluxanların sayı isə 23 milyonu ötüb.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ABŞ, BraziliyaHindistan ilk üçlükdə yer alır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus isə söyləyib ki, COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik. ÜST rəhbəri qeyd edib ki, hazırkı durumda daha çox texnologiyalar mövcuddur: "Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır, ancaq onun qarşısını almaq üçün müvafiq texnologiyamız var”.

 

Ardıcıl olaraq yumşaldılmalar həyata keçirilir

 

Azərbaycanda virusun ilk üzə çıxdığı zamandan etibarən görülən effektiv tədbirlər, infeksiyanı nəzarətolunan səviyyədə saxlamağa imkan verib. Yoluxma səviyyəsində müsbət dinamika tendensiya halını alıb. Buna görə də sərtləşdirilmiş karantin rejimindən mərhələli şəkildə yumşaldılmalara keçid də sürətlənib.

Belə ki, avqustun 5-dən SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Bu ayın 10-dan iqtisadi aktivliyin gücləndirilməsinin zərurəti nəzərə alınaraq, sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib.

Müvafiq qərara əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyd olunan tarixdən etibarən bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri və "Malllardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb. Ayın 18-dən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə, 21-dən isə milli parkların qapıları ziyarətçilərin üzünə açılıb.

 

Yoluxma sayı azaldığı üçün bəzi xəstəxanalar bağlanıb

 

Yumşaldılmalarla əlaqədar son günlər koronavirusa yoluxma sayında müəyyən artımlar da müşahidə olunmağa başlayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən cümə keçirilən mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxmada artım müşahidə olunmasına baxmayaraq, vəziyyət ciddi nəzarət altındadır. Onun sözlərinə görə, karantin rejimi ilə bağlı mərhələli şəkildə yumşaldılmalara gedilən zaman bəlli artımlar gözlənilən olur, amma bu, heço demək deyil ki, vətəndaşlar qaydalara əməl etməməlidirlər.

Şöbə müdiri məlumat verib ki, hazırda ölkədə ən çox yoluxma Bakı və Abşerondadır: "Ölkə üzrə ümumi yoluxmanın 50 faizə yaxını bu ərazilərdədir. Ən çox 50-59 yaş həddində olan insanlar bu virusa yoluxub. Son həftədə 651 nəfər bu virusa yoluxub. Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır. Amma bu o demək deyil ki, biz bununla razılaşmalıyıq. Hər birimiz qaydalara riayət etməliyik. Maskalardan istifadə vacibdir. Qaydalara riayət etsək, yoluxmanın artmasının qarşısını ala bilərik”.

Y.Qarayeva onu da qeyd edib ki, bu gün karantin rejimində sərtləşməyə getməklə bağlı fikir yoxdur. Əvvəlki aylarla müqayisədə yoluxma sayında azalma olduğu üçün pandemiyaya görə müalicə aparan bəzi xəstəxanalar bağlanıb.

 

Həkimlərin şücaəti və dövlətin dəstəyi sayəsində xəstələrin müalicəsində yaxşı nəticələr əldə olunub

 

Vətənimizdə virusa yoluxma sayında müşahidə edilən azalmalarla yanaşı, sağalan şəxslərin də sayı çoxdur.

Operativ Qərargahın brifinqində Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, COVID-19-a yoluxan şəxslərin müalicəsində əldə olunan nəticələr dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni səviyyədə, hətta bəzilərindən yaxşıdır. Bu nəticənin əldə edilməsinə səbəb isə həm həkimlərin göstərdiyi şücaət, həm də dövlətin dəstəyi olub.

E.Qasımov söyləyib ki, immun plazmadan effekt alan xəstələr də çoxdur: "İmmun plazma hələlik dünyada müzakirə mərhələsindədir. Bəzi ölkələr deyir ki, çox effekt ala bilmirik, ancaq Azərbaycanda bundan sağalan kifayət qədər xəstə var. Son aylar immun plazmaların istifadəsində heç bir problem olmayıb”.

Məlumat verilib ki, ölkəmizdə 90 nəfərə yaxın COVID-19 xəstəliyindən sağalan şəxs koronavirus xəstələrinə qan vermək üçün müraciət edib. Həmin şəxslər yoxlanılıb və 79 nəfərin qan verməsinə icazə verilib. Onlardan götürülən qanla 231 plazma hazırlanıb. Bu plazmalar 179 xəstənin müalicəsində istifadə olunub.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov brifinqdə deyib ki, xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur: "Ağır keçirən şəxslərdə bu, 20 gündür. Xəstələr ümumilikdə tamamilə müalicə olunduqdan sonra evə göndərilir”.

O qeyd edib ki, ümumilikdə Azərbaycanda COVID-19-a yoluxub ölənlərin faizi 1,5-1,6 arasında dəyişir.

 

Peyvənd istehsalı ilə məşğul olan şirkət və beynəlxalq təşkilatlarla danışıqlar aparılır

 

Koronavirusdan qorunmağın ən təsirli yolu ona qarşı peyvənddən istifadədir. Hazırda isə bir neçə ölkədə COVID-19-a qarşı vaksin istehsalına başlanıldığı bildirilir.

Adıçəkilən məsələ ilə bağlı məlumat verən TƏBİB rəsmisi Yaqut Qarayeva bildirib ki, Azərbaycan peyvənd istehsalı ilə məşğul olan şirkət və beynəlxalq təşkilatlarla danışıqlar aparır. Onun sözlərinə görə, peyvəndin istehsalı asan deyil: "Bu bir məsuliyyətdir. İstehsal olunan hər peyvənddən istifadə etmək olmaz. Bizim üçün peyvəndin hazırlanması əsas deyil, həmin peyvəndin necə təsir etməsidir. Peyvənd xəstəliyi sağaltmaqla yanaşı, immunitet yaratmalıdır. Ona görə də bu prosesin tez bir zamanda əldə olunması mümkün deyil”.

 

Seroloji testlər pandemiya ilə mübarizədə daha doğru yanaşmalar seçməyə imkan verəcək

 

Onu da vurğulamaq yerinə düşər ki, respublikamızda virusa yoluxma hallarının erkən aşkarlanması istiqamətində görülən işlər də pandemiyaya qarşı mühüm qabaqlayıcı və operativ tədbirlər sırasında əhəmiyyətli yer tutur.

Hazırda ölkəmizdə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin ümumi sayı səkkiz yüz altmış mini ötüb.

Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə start verilib. Artıq çağrı mərkəzindən təsadüfi seçilən şəxslərə zənglər edilməyə başlanılıb.

Bu testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Seroloji testlər əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-23 avqust.- S.1-2.